Muxtar respublikada yanğınların sayı 50 faiz azalıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində 2022-ci ilin birinci yarımilində görülən işlər və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya iclası keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda nazir, general-leytenant Şamı Abdullayev bildirib ki, hesabat dövründə əhalinin və ərazilərin, obyektlərin, yeraltı və yerüstü sərvətlərin fövqəladə hallardan, yanğınlardan qorunması, eləcə də tikintidə, sənayedə, dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələr əsasən yerinə yetirilib.

Qeyd edilib ki, şəxsi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə 8 potensial təhlükəli obyektdə taktiki-xüsusi təlim və əməli məşğələlər, 38 dəfə gecə məşğələsi, 5 qərаrgаh məşqi keçirilib. Yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə 2 min 330 obyektdə və 30 min 620 şəxsi yaşayış evində yoxlamalar aparılıb, maarifləndirici tədbirlər keçirilib. Yanğın cəhətdən təhlükəli оlan 185 elektrik, 780 şlanqla çəkilən qaz xətti dəyişdirilib, 261 şopen tipli su qızdırıcısının və 1373 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. Aparılan profilaktik tədbirlərin nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlar 50 faiz azalıb. 

Diqqətə çatdırılıb ki, ot-taxıl biçininə hazırlıq dövründə 93 kombayn texniki baxışdan keçirilib, 1286 nəfər sahibkar və torpaq mülkiyyətçisi təlimatlandırılıb. Biçin aparılan sahələrdə patrul xidməti təşkil olunub. Aparılan profilaktik tədbirlər nəticəsində taxıl sahələrində yanğın hadisəsi qeydə alınmayıb. Həmçinin meşələrdə, meşəətrafı sahələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilib, gündəlik olaraq 80 əməkdaş patrul xidmətinə cəlb olunub, vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.

Bildirilib ki, hesabat dövründə 115 müəssisənin fövqəladə hallara hazırlığı, 85 оbyеktin isə texniki təhlükəsizliyə əməl olunması yoxlanılıb, 116 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinə baxılıb, 142 ticarət obyektində yоxlamalar aparılıb, 33 müəssisədə istifadə olunan radioaktiv mənbələr yоxlanılaraq rаdiоlоji-gigiyеnik pаspоrt verilib. Həmçinin 314 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilib, 784 qazanxana yoxlanılıb, qazdan təhlükəsiz istismar edilməsinə nəzarət olunub, yanğın-partlayış və dəm qazı təhlükəsizliyinə aid maarifləndirici söhbətlər aparılıb, 129 nəfər isə qazanxana maşinisti kursuna cəlb olunub. 10 ictimai yaşayış binasında 239 mənzilin tüstü bacası və havaçəkən kanallarına baxış keçirilib. Onlardan 166 mənzilin tüstü bacası və havaçəkən kanalları təmizlənib. Tikinti materiallarından götürülən 271 sayda nümunə sınaqdan keçirilərək müvafiq protokollar verilib.

Diqqətə çatdırılıb ki, sözügedən dövr ərzində muxtar respublikada infeksiyaların, yoluxucu, mövsümi xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 26 milyon kvadratmetrə yaxın ərazi dezinfeksiya edilib. Çimərlik mövsümündə 12 min 931 nəfər vətəndaşın təhlükəsizliyi təmin olunub, suda boğulma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib, ölüm hadisəsi qeydə alınmayıb.

Fövqəladə Hallar naziri altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələri də diqqətə çatdıraraq qeyd edib ki, ilin ikinci yarısında da mövsümə uyğun olaraq maarifləndirmə tədbirləri genişləndirilməli, yanğın təhlükəsizliyi sahəsində işlər davam etdirilməlidir.

Məruzə ətrafında Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovniki Ehtiram Məmmədov, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov, Mülki Müdafiə Alayının komandiri, mayor Şərif Əsədov və Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, kapitan Nicat Seyidzadə çıxış edərərək görülən işlərdən və qarşıda duran məsələlərdən bəhs ediblər və nazirliyin kollegiya qərarı təsdiq olunub. 

Fövqəladə Hallar naziri general-leytenant Şamı Abdullayev kollegiya iclasına yekun vuraraq işdə buraxılan nöqsanları təhlil edib, qarşıda duran vəzifələrdən danışıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: