Naxçıvanda media siyasəti: informasiya blokadasından qlobal yayıma

A- A A+

Proloq yerinə

Biz XX əsrin bəşəriyyət üçün sürprizlər sandığından bir–bir çıxardığı çox möcüzələrin şahidi olmuşuq. Fantastik xəyalların gerçəkliyə çevrilməsi yaşadığımız dövrün ən nəzərəçarpan əlaməti kimi özünü təsdiq edir. Dünyada bəzən elə kəşflər olur ki, onların müəllifləri həmin dövr üçün öz tapıntılarının mahiyyətini və miqyasını doğru-dürüst dəyərləndirə bilmirlər. Yazının ixtirası, kağızın kəşfi, kitab çapının meydana çıxması bəşər tarixində yeni inqilabların təməli, bünövrə daşıdır. Daşlardan heyvan dərisinə, papirusdan kağıza və kitaba qədər təkamül edən informasiya daşıyıcısının ilkin vasitələri bizi qəzetdən radioya, televiziyadan internetə qədər gətirib çıxardı.

Bütün bunlar informasiya inqilabının təzahürü olaraq bizi bu günə - internet və ya İKT əsri adlandırdığımız XXI əsrə qədər müşayiət edib. Çünki qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, informasiya və informasiya texnologiyalarından səmərəli istifadə ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Biz, sözün həqiqi mənasında, kompüter maarifçiliyinə nail olmalıyıq. Çünki bunsuz müasir cəmiyyət, vətəndaş cəmiyyəti mümkün deyil. İnternetdən istifadə mədəniyyətini hamı mənimsəməlidir”.

Blokada mətbuatı

İndi Naxçıvan Muxtar Respublikasında həyatın hər hansı bir mərhələsindən danışanda həmişə bir məqamı mütləq vurğulamalı oluruq: vaxtilə blokada şəraitinin yaratdığı vəziyyət. 90-cı illərdə blokada muxtar respublika həyatının bütün sahələrini iflic edən, insanların yaşayış tərzi üzərində mütləq hakim olan bir amil idi. Buna görə də mətbuatın inkişafından danışarkən bu tarixin səhifələrində mühüm yer alan Naxçıvan blokadasından, blokada illərində muxtar respublikada mətbuatın qarşılaşdığı çətin sınaqlardan, keçdiyi şərəfli yoldan danışmamaq mümkün deyil.

80-ci illərin sonlarında Naxçıvanla birlikdə Naxçıvan mətbuatı da blokada vəziyyətinə düşmüşdü. Lakin Naxçıvan mətbuatı yazırdı, yaradırdı, döyüşürdü. "Şərq qapısı" qəzeti və Naxçıvan teleradiosu blokada illərinin fədaisi olaraq tariximizə misilsiz xidmət edir, xalqımızın başına gətirilən oyunları hər nömrəsində, hər yayım saatında salnamələşdirirdi.

Həmin dövrdə ümummilli lider Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvan parlamentində təkcə muxtar respublika üçün yox, həm də bütün Azərbaycan üçün əhəmiyyət daşıyan qərarların qəbul olunması ilə nəticələndi. Dahi rəhbərin Naxçıvanda başlatdığı azadlıq mücadiləsi muxtar respublikanın blokada mətbuatının gündəlik mövzusuna çevrildi. Beləliklə, Naxçıvandan başlanan azadlıq mübarizəsi Azərbaycanın hər yerini bürüdüyü kimi, Naxçıvanın informasiya blokadasının yarılmasının da əsasını qoydu.

Naxçıvanda media siyasəti: dünən və bu gün

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda işlədiyi dövrdə bu diyarda informasiya blokadasını yarmaq üçün mühüm işlər həyata keçirdi, yerli və beynəlxalq media orqanları ilə əlaqələr qurulması uğrunda gərgin əmək sərf etdi. Bunun nəticəsində muxtar respublikada Azərbaycan Televiziyasının yayımı bərpa edildi, Naxçıvan dünyaya açıldı. Naxçıvan Televiziyasının yayımı və “Şərq qapısı” qəzetinin nəşri üçün sistemli tədbirlər həyata keçirildi. Ulu öndərin həyata keçirdiyi xilaskarlıq missiyasını öz səhifələrində əks etdirən “Şərq qapısı” qəzeti nəinki muxtar respublikada, eləcə də ölkəmizdə əl-əl axtarılan mətbuat orqanına çevrildi.

Məhz həmin illərdə yeni dövrün dövlət-mətbuat münasibətlərinin uğurlu nəticəsi olaraq kütləvi informasiya vasitələri Heydər Əliyev siyasətinin ardıcıl və düzgün həyata keçirilməsində üzərlərinə düşən səfərbəredici missiyanı layiqincə yerinə yetirməyə çalışdı. Bu həm də müasir Naxçıvan mətbuatının yaranması ilə nəticələndi.

Müstəqilliyin ilk illərindən bu günə qədər mətbuatın inkişafı ilə bağlı Naxçıvanda həyata keçirilən tədbirlərə nəzər salanda, sözün həqiqi mənasında, muxtar respublikada müasir və güclü mətbuatın formalaşmasında böyük işlər həyata keçirildiyini görürük. Mətbuata dövlət dəstəyi, jurnalistlərə hərtərəfli iş şəraitinin yaradılması, Naxçıvan Mətbuat Şurasının təsis edilməsi, Televiziya və Radio Şurasının yaradılması, Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv qəbul olunması, milli mətbuatımızın yaranmasının ildönümlərinin yüksək səviyyədə qeyd olunması, “Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti” fəxri adının təsis edilməsi, işində fərqlənən jurnalistlərin Azərbaycan və Naxçıvanın fəxri adları ilə təltif edilməsi, Prezident təqaüdünə layiq görülməsi Naxçıvan mətbuatının inkişafı istiqamətində atılan mühüm addımların və diqqətin göstəricisi olmaqla, mətbuatımızın dünənki çətin mənzərəsinin bugünkü müasir inkişafa çevrilən yolunda hər birimizi canlı şahidə çevirib.

Bu gün artıq Naxçıvan bir zaman məkrli siyasət və təcavüz nəticəsində Ermənistan tərəfindən zorla salınan blokadanı informasiya baxımından çoxdan yarıb, düşmənlə aparılan informasiya savaşında cəbhəni bu istiqamətdə darmadağın edib. Əsl intibah dövrünü yaşayan Naxçıvan region mətbuatının da intibah dövrünə imza atıb. Azərbaycan mediasının güclü bir qolunu təşkil edən və “Şərq qapısı” qəzeti ilə təşəkkül tapan Naxçıvan mətbuatı bölgənin dünənini, bu gününü qəzetlərin səhifələrinə həkk edib, lentlərin yaddaşına yazıb tarixləşdirir və gələcək nəsillərə ərməğan edir.

Tənqiddən təqdirə qədər

Nəqliyyat-kommunikasiya əlaqələrinin düşmən tərəfindən məhv edilməsinin bu torpaqda yaşayan insanların həyat şərtlərini nə qədər çətinləşdirdiyini çoxumuz şəxsi yaşamından bilirik. O dövrün jurnalistləri də Naxçıvanın problemlərini mətbuat səhifələrində daha çox qabardırdılar.

Həmin illərin nəşrlərinə nəzər salanda Naxçıvan şəhərinin 8 kilometrliyində çıxan duzun mağazalarda tapılmamasından, bu yerlərdə qatarların nə şərqdən qərbə, nə də qərbdən şərqə getməməsindən, şəhər daxilində, küçə və yolların kənarında yaşıllıqların azlığından, təmir-bərpa işlərinin şəhər landşaftını pozmasından, əlaqədar təşkilatların biganəliyindən, dəftərsiz şagirdlərdən, təbii qazın kəsilməsi, daş kömürün olmamasından, yanacaq çatmaması üzündən avtomobil nəqliyyatının pis işləməsindən, qış günlərində məktəblərin normal fəaliyyət göstərməməsindən, qırışığı açılmayan uşaqlardan, iqtisadi həyatın pozulmasından, material çatışmazlığından, mağazaların boş qalan vitrinlərindən, ərzaq qıtlığından, dəyən iqtisadi ziyanın miqdarından, hesablanması mümkün olmayan mənəvi ziyandan bəhs edən çoxlu sayda yazılar görə bilərik. Bütün bunlar həmin dövrün acı gerçəkləri, danılmaz reallığı idi...

Aradan ötüb keçən zaman isə həmin mənzərəni və mətbuatın haqqında bəhs etdiyi mövzuları tamamilə dəyişdirdi. İndi mətbuat Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizindən, Azərbaycanı Türkiyə ilə bağlacaq Qars-İğdır-Naxçıvan dəmir yolundan, muxtar respublikanın yaşıllıq zolaqlarından, landşaftda mühüm yer tutan yaşıl parklardan, ən ucqar kəndlərdə belə tikilmiş modern təhsil ocaqlarından, pulsuz dərs vəsaitləri ilə təmin olunan şagirdlərdən, mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan inzibati, tədris və yaşayış binalarından, müasir yol-nəqliyyat infrastrukturundan, sənaye müəssisələrinin bütün muxtar respublikanı təmin edəcək ərzaq və qeyri-ərzaq məhsulu istehsalından, ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasından, bu torpaqların ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsindən fəxr və qürurla bəhs edir...

Bu gün muxtar respublikanın müasir mənzərəsini tərənnüm etməklə yanaşı, eyni zamanda qaragüruhçuların yaydığı dezinformasiyaya qarşı da mübarizə aparır Naxçıvan mətbuatı. 400-ə yaxın üzvü ilə informasiya müharibəsi aparan Naxçıvanın media ordusu tənqiddən təqdirə qədər çətin və şərəfli bir yol keçərək bu günün mənzərəsini, inkişafı, tərəqqini tarixə çevirərək salnamələşdirir.

Mətbuatın təkanverici qüvvəsi: dövlət qayğısı

Ulu öndərin Naxçıvandan başlatdığı, digər sahələrlə yanaşı mətbuatı da əhatə edən missiyasının Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi nəticəsində muxtar respublika mətbuatı yeni inkişaf mərhələsinə qovuşub. İctimai həyatın bütün sahələrinin yeniləşdirilməsi cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsini, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir. Bu sahədə atılan ilk addım Ali Məclis Sədrinin 2000-ci il martın 29-da “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” imzaladığı sərəncam oldu.

2010-cu il iyulun 22-də "Şərq qapısı” qəzeti redaksiyası və "Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı müvafiq sahənin inkişafı üçün dövlət qayğısının daha bir nümunəsinə çevrildi.

Naxçıvan Televiziyasına yeni çəkiliş avadanlıqlarının alınması, Naxçıvan Televiziyasının saytının, “Nuhçıxan” İnformasiya Agentliyinin və “Şərq qapısı” qəzetinin internet saytlarının təkmilləşdirilməsi, “Kanal 35” televiziyasında yeni avadanlıqların quraşdırılması kütləvi informasiya vasitələrinin müasir tələblərə cavab verəcək şəkildə təmin olunması üçün həyata keçirilən dövlət siyasətinin hərəkətverici qüvvəsi oldu. Bu illər ərzində Naxçıvan teleradiosunun müstəqil kanalda yayımlanmağa başlaması, analoq yayımın yüksək ­keyfiyyətli rəqəmsal yayımla əvəzlənməsi, Naxçıvan Televiziyasının ölkəmizdə ilk dəfə olaraq HD formatda yayıma keçməsi həyata keçirilən məqsədyönlü işlərin əyani təzahürünə çevrildi.

Mətbuat sahəsində həyata keçirilən dövlət siyasətinin daha bir nümunəsi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Fondun əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, təhsillə bağlı teleradio proqramlarının yayımını təmin etmək məqsədilə “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun Təhsil Nazirliyinin tabeliyinə verilməsi televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsinə, muxtar respublikanın mətbuat tarixində yeni inkişaf mərhələsinin başlamasına təkan verib.

Mətbuatın dostu

Müstəqillik tariximizdən ötən illər Naxçıvan tarixində yeni bir səhifə - Naxçıvanın blokada illərində sürətli inkişafı səhifəsini açdı. İlk dəfə olaraq məhz Naxçıvan dünya tarixində və təcrübəsində blokada şəraitində yaşayaraq inkişaf etmənin modelini yaratdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov isə blokada Naxçıvanının rəhbəri, bu qədim diyarın müasir üslubda qurulub-yaradılmasının aparıcısı olmaqla yanaşı, həm də mətbuatın ən yaxın dostu kimi tanındı.

Mətbuat işçiləri ilə keçirilən müşavirələrin birində Ali Məclisin Sədri kütləvi informasiya vasitələri qarşısında duran vəzifələrdən bəhs edərkən demişdir: "Televiziya, radio və qəzetlər fəaliyyətlərini üç əsas prinsip üzərində qurmalıdırlar. Onlar keçmişimizi yaşatmalı, bu günümüzü əks etdirməli, inkişafın gələcək yolunu göstərməlidirlər".

Hər dəfə jurnalistlərlə görüşən Ali Məclis Sədri təkcə onların gördüyü işləri, yazıları, verilişləri təhlil etmir, həm də onlar üçün proqram şəklində fəaliyyət istiqamətləri də göstərir, tövsiyələrini verir. Çıxışlarında, tövsiyə və tapşırıqlarında səsləndirdiyi fikirlər də muxtar respublikanın gələcək inkişafı ilə bağlı yazan jurnalistlər üçün ən yaxşı tezislərdir.

Naxçıvan mediası bu gün nəinki region, hətta dünya təcrübəsində də nümunəvi bir modeldir. Ona görə də Naxçıvanın iqtisadiyyatı, ordusu, idarəetmə sistemi, ictimai-mədəni mühiti kimi onun mediası da bu gün nümunə göstərilir. Ötən müddətdə jurnalistlərlə dəfələrlə görüşən, onları mükafatlandıran, qayğı və problemlərini həll edən, kütləvi informasiya orqanlarının inkişafı ilə əlaqədar müşavirələr keçirən, tapşırıq və tövsiyələrini verən Ali Məclisin Sədri həm də bu sahədə yüzlərlə qələm sahibinin yetişib formalaşmasının əsas səbəbkarı və himayədarıdır.

Naxçıvan Mətbuat Şurasının 2010-cu il 14 yanvar tarixdə keçirilən yığıncağında idarə heyətinin qərarına əsasən mətbuatla sıx əlaqəsinə və mətbuatın inkişafındakı xüsusi xidmətlərinə görə Ali Məclisin Sədrinə "Mətbuatın dostu" fəxri adının verilməsi haqqında qərar qəbul edilməsi və bu mükafatın təqdim olunması mətbuat işçilərinin öz himayədarına bəslədiyi rəğbətin təzahürüdür.

İnformasiya təhlükəsizliyinə gedən yol

Bu gün Naxçıvanda kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, informasiya təhlükəsizliyi təmin olunub. Güclü maddi-texniki baza, bütün yaşayış məntəqələrinin fiber-optik kabel xətti və sürətli internetlə, İP televiziya və rəqəmsal yayımla təmin olunması informasiya-məlumatlandırma işinin səmərəliliyini xeyli artırıb. Mediamız həyata keçirilən bu qətiyyətli tədbirlər nəticəsində öz gücünü xeyli artıraraq vacib bir ideoloji vasitəyə çevrilib.

Bu gün muxtar respublika dünya əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm informasiya məkanına çevrilib. İnformasiya məkanında əsas məsələlərdən biri də məhz informasiya təhlükəsizliyinin təmin edilməsi, fasiləsiz informasiya axınının rəqabətqabiliyyətliliyinin qorunub saxlanılmasıdır. Bu işdə teleradio və qəzetlərin, eləcə də "Nuhçıxan" İnformasiya Agentliyinin və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.

Müasir dövrdə internet mediası və sosial şəbəkələr istənilən sahədə ictimai fikri yönləndirən əsas vasitəyə çevrilib. Kütləvi informasiya vasitələrinin yüz minlərlə izləyicisi olan aktiv sosial şəbəkə hesabları yaradılıb. Sosial şəbəkələrdə yayılan məlumatlar qısa müddətdə böyük ictimai rəy formalaşdırır. Ona görə də jurnalistlər sosial şəbəkələrin imkanlarından məqsədyönlü istifadə etməlidirlər. İctimaiyyətə çatdırılan hər bir informasiya dəqiq və əsaslı olmalıdır. Jurnalist peşəkarlığının əsas şərti də onun mötəbər mənbələrə istinad etməsindədir. Düzgün informasiyaların yayılması, səmərəli təbliğat və təşviqat mexanizminin müəyyənləşdirilməsi medianın əsas fəaliyyət istiqamətidir. Təcrübə göstərir ki, qarşılıqlı yaradıcılıq əlaqələri teleradio və qəzetlərin fəaliyyətinə müsbət təsir göstərir. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin bu ənənəni davam etdirməsi, ölkə və dünya mediası ilə səmərəli əməkdaşlıq qurulması informasiya təhlükəsizliyinin davamlı təmin olunmasına xidmət edir. Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də müasir poçt xidmətlərinin təşkil olunması, dövri mətbuatın oxuculara vaxtında çatdırılması muxtar respublika sakinlərinin təhlükəsiz informasiya təminatını daha da yaxşılaşdırır.

Bu gün Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanmaqla və ölkə başçısı İlham Əliyevin apardığı siyasəti dəstəkləməklə təkcə ərazi-iqtisadi blokadasını deyil, informasiya blokadasını da aradan qaldırmaqda nümunə gücünə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Həyata keçirilən tədbirlər muxtar respublikada informasiya blokadasını yarıb. Artıq muxtar respublikada baş verən hadisələr qısa müddətdə bütün dünyada yayılır”.

Davamediciliyin təminatı: kadr hazırlığı

Mətbuatın inkişafından danışarkən kadr hazırlığı məsələsi xüsusilə qeyd olunmalıdır. Çünki keyfiyyət dəyişikliyinə yalnız peşəkar kadr təminatı yaratmaqla nail olmaq mümkündür. Bu səbəbdən də teleradiolar, eləcə də “Şərq qapısı” və rayon-şəhər qəzetləri jurnalistika ixtisası tələbələrinin teleradio və qəzetlərdə fəaliyyətinə hərtərəfli şərait yaradır, istedadlı gənclər seçilərək işlə təmin olunur.

2001-ci ildən Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası fəaliyyət göstərir. Jurnalistika ixtisasının yaradıldığı ötən 20 il ərzində bu ixtisasın məzunları muxtar respublikanın müxtəlif kütləvi informasiya vasitələrində çalışaraq müasir mətbuatın formalaşmasına və inkişafına öz töhfələrini veriblər. 2011-ci ildə universitetdə yaradılmış “Media mərkəzi”nin imkanlarından səmərəli istifadə olunur. Burda fəaliyyət göstərən “Universitet” televiziyası, “Nuhçıxan” radiosu və "Yeni fikir" qəzetində gənc jurnalistlər peşələrinin sirlərinə əyani şəkildə yiyələnirlər.

Bu istiqamətdə peşəkar kadrların hazırlanması işində Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamları xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlərə müvafiq olaraq jurnalistika ixtisası Naxçıvan Teleradiosuna və “Şərq qapısı”na hamiliyə verilib. Tələbələrin iştirakı ilə keçirilən görüşlər, onların yaradıcılıq işində birbaşa iştirakı yaxşı kadr kimi formalaşmalarında xüsusi əhəmiyyət daşıyır. Beləliklə, bu mətbuat orqanları müvafiq ixtisasda təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişafı, eyni zamanda onların gələcəkdə peşəkar kadr kimi formalaşması və kütləvi informasiya vasitələrinin kadr potensialının yaradılması işində birbaşa iştirak edirlər.

Mətbuata qayğı gənc jurnalistlərin yetişməsi sahəsində də uğurların qazanılmasına səbəb olub. Bu gün mətbuat orqanlarında çalışanların əksəriyyətini gənclər təşkil edir. Onu da qeyd etmək lazımdır ki, dövlət teleradio və mətbuat orqanlarına, mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət təşkilatlarının mətbuat xidmətlərinə işçilərin müsabiqə əsasında qəbul edilməsi də ixtisaslı kadr hazırlığına əlverişli imkan yaradır.

Naxçıvan mətbuatı: qlobal şəbəkədən yayım

İnformasiya inqilabının təzahürü olan kompüter və internet istənilən formalı informasiyanı yadda saxlamağa, qeyri-məhdud məkanda yaymağa və gələcəyə ötürməyə imkan verir. Müasir veb-texnologiyalar elektron mətbuat orqanlarının daha sürətli formalaşması və yayılmasına şərait yaradır. Artıq virtual məkanın yaratdığı imkanlar hesabına planetin hansısa nöqtəsində baş verən hadisə haqqında məlumatların operativ olaraq istənilən məkana çatdırılması an məsələsinə çevrilib. Naxçıvan Muxtar Respublikasında informasiyalaşma kimi nəhəng prosesin getməsi, informasiya cəmiyyətinin yaranması bu diyarda təkcə informasiya texnologiyaları sahəsində deyil, ümumilikdə sosial-iqtisadi sahədə aparılan islahatların, görülən misilsiz işlərin yaratdığı inkişaf nəticəsində mümkün olmuşdur.

İnformasiya blokadasının yarılması və qlobal şəbəkədən yayımın başlanması, Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin internetə çıxışı ən vacib məsələlərdən biri kimi qarşıda dururdu. 1999-cu ildə Naxçıvan Kompüter Mərkəzində internetə qoşulma imkanının əldə olunması, 2003-cü ildə nakhchivan.az,  2006-cı ildən etibarən nakhinternet.az provayderinin fəaliyyətə başlaması Naxçıvanın informasiya blokadasının yarılması istiqamətində atılan mühüm addımlar idi. 2005-ci ilin iyun ayında Naxçıvan Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulmaqla informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə etdi və Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan: problemlər və həllər” mövzusunda ilk elmi-praktik konfrans keçirildi. Azərbaycanda ilk dəfə Bakı-Naxçıvan arası videokonfrans bağlantısının qurulması ilə tarixi əhəmiyyətli bir hadisəyə imza atıldı. Müxtəlif illərdə keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan həqiqətlərinin dünyaya çatdırılması, qlobal informasiya məkanına qoşulması istiqamətində mühüm rol oynadı.

2010-cu ildə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin yaradılması ilə müasir, etibarlı internet saytlarının qurulması istiqamətində də muxtar respublikada zəngin təcrübə qazanmağa, bacarıqlı mütəxəssislər formalaşdırmağa imkan verdi. İndi ən ucqar kəndlərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə bütün muxtar respublika ərazisində sürətli 4G internet xidmətindən istifadə etməyə şərait yaratdı.

Naxçıvanın informasiya blokadasından çıxışının və qlobal şəbəkədən yayımının ilk qaranquşunu "Nuh yurdu" qəzetinin elektron versiyasının yaradılması hesab etmək olar. 2004-cü ildə muxtar respublikanın mətbuat tarixində ən əlamətdar hadisələrdən biri olur. Bu barədə Naxçıvan şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh yurdu" qəzetinin 2004-cü il 10 may tarixli sayında yazılıb: “www.nuhyurdu.az - qəzetimizin elektron variantda ilk nümunəsi ümummilli liderimizin 81 və Naxçıvan Muxtar Respublikasının 80 illiyinə bir töhfədir. Ümid edirik ki, Naxçıvan şəhərini elektron dünyada layiqincə təmsil edəcək”. Düzdür, qəzetin internet üzərindən yayımlanması uzunmüddətli olmasa da, bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs kimi təqdirəlayiqdir.

Bu sahədə digər bir addım isə "Naxçıvanın səsi" radiosunun internet yayımının başlanması oldu. 2006-cı il yanvar ayının 17-dən etibarən www.nakhchivan.az üzərindən radionun yayıma başlaması elektron medianın internet üzərindən yayımı sahəsində ilk uğurlu addım oldu.

Naxçıvanın informasiya müharibəsində mühüm hadisələrdən biri 2012-ci ildə www.serqqapisi.az internet ünvanının yaradılması oldu. 2016-cı il oktyabr ayının 17-də isə Naxçıvan televiziyasının internet saytının istifadəyə verilməsi və televiziyanın internet üzərindən yayımının təmin olunması diyarımızın informasiya blokadasının yarılması yolunda ən böyük addım oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxışında bu məsələyə toxunaraq demişdir: “Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir”.  

2018-ci ildə Naxçıvan Muxtar Respublikasının ilk rəsmi informasiya agentliyi – "Nuhçıxan" İnformasiya Agentliyi və onun nuhcixan.az saytı fəaliyyətə başladı. 2018-ci ilin noyabr ayından Naxçıvan Radiosunun “YouTube” kanalı üzərindən canlı yayımının təşkil edilməsi radioya minlərlə dinləyici auditoriyası qazandırıb. "nuhcixan.az", "ntv.az", “serqqapisi.az” saytlarında gün ərzində davamlı informasiyalar, videomateriallar, fotolar və müəllif yazıları yerləşdirilir, sosial şəbəkələrdəki səhifələri mütəmadi olaraq yenilənir, informasiya yükü artırılır.  

Son söz əvəzi

Mətbuatımızın tarixi xalqımızın həyatında son dərəcə böyük, mütərəqqi hadisədir. Mətbuat elə bir mənəvi silahdır ki, o, cəhalət və zülmətə, avamlıq və geriliyə qarşı dayanmadan mübarizə aparır, zamanın qabaqcıl ideyalarının həyata keçirilməsi ruhunda aparılan mübarizənin önündə dayanır.

Naxçıvan mətbuatı böyük inkişaf yoluna qədəm qoyub. İstər müasir avadanlıqlar, istərsə də geniş yaradıcılıq imkanları jurnalistlərə muxtar respublikanın bugünkü inkişafının təbliğatçısı olmağa əsas verir. Nuhdabandan başlayan bəşər sivilizasiyasına Naxçıvan Muxtar Respublikası haqqında dolğun informasiyanı qlobal şəbəkə üzərindən çatdırmağa qadir olan Naxçıvan mətbuatı tarixi prosesin davamı və Naxçıvanın informasiya blokadasını çoxdan yarmış kütləvi informasiya vasitələri sistemində intibahın təzahürüdür.

Məmməd Babayev

Dövlət İmtahan Mərkəzinin

mətbuat və ictimaiyyətlə əlaqələr

üzrə baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: