Məlum olduğu kimi, XIX əsrin ikinci yarısı ölkəmiz üçün çətin, ağır, eyni zamanda bir o qədər də taleyüklü sınaq dövrü kimi xarakterizə olunur. Tarixçilər hesab edirlər ki, uçurumun astanasında olan hər bir xalqın yeganə çıxış yolu fikir, söz və məlumat azadlığı probleminin həllinə nail olmaqla milli məfkurənin, ictimai təfəkkürün formalaşdırılmasıdır.
Sirr deyil ki, milli şüurun oyanışı, təşəkkülü və inkişafı prosesində mətbuatın özünəməxsus xüsusi rolu və əhəmiyyəti vardır. Bu xüsusda ölkəmizin maarifpərvər ziyalılarının, klassik ədəbi nümunələrinin mətbuatı "xalqın görən gözü, eşidən qulağı, danışan dili", dünya praktikasında isə IV hakimiyyət kimi qiymətləndirilməsi, şübhəsiz ki, əbəs yerə deyil.
XIX əsrin ikinci yarısından etibarən ölkəmizdə mətbuat közərtilərinin yeni alovlanmağa başladığı bir zaman kəsiyində dövrün mühüm problemlərindən biri də bu sahədə ciddi dövlət nəzarəti sisteminin mövcudluğu idi. Məsələ o qədər “ciddi və aktual” idi ki, məşhur maarifçi və ziyalı Həsən bəy Zərdabi “Əkinçi”nin nəşrinə icazə alarkən, dövrün hakim qüvvələri qəzetə senzura nəzarətini həyata keçirəcək şəxs belə müəyyən etmişdilər. Beləliklə, bütün çətinliklərə rəğmən ömrü qısa, amalı böyük, yolu uzun “Əkinçi” milli mətbuatımızın yaranması və tərəqqisində ilk addımını atdı. Xüsusilə qeyd edilməlidir ki, qəzetdə dərc olunan hər bir yazının məhz ana dilində, anlaşıqlı tərzdə oxucuya çatdırılması qısa zaman ərzində onun xalq arasında rəğbətini daha da artırdı. Dövrün “Əkinçi”si, sözün əsl mənasında, xalq qəzeti idi...
Mətbuatın sövet dövrü isə milli şüurun, milli-mənəvi dəyərlərin formalaşması və qorunması baxımından xüsusi önəm kəsb edir. Belə ki, bu dövr ərzində "Kommunist", "Bakinskiy raboçiy", "Vışka", "Bakı", "Ədəbiyyat və incəsənət" və digər tanınmış mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı, bir sıra sosial, iqtisadi, elmi və mədəni inkişafla bağlı problemlər də öz əksini tapırdı. Bu qəzetlərdə işıq üzü görən, dil, ədəbiyyat və mədəniyyət sahələrini əhatə edən, həmçinin azərbaycançılıq ideologiyasına xidmət edən müxtəlif məqalələr bu gün də aktuallığını saxlamaqdadır. Bu illər ərzində mətbuatımız kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını, mətbuat ənənələrini qorumağa müvəffəq olmuş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır.
Deyirlər, ədalət topal olsa da, gedəcəyi yerə gec-tez varır. Sovet hakimiyyəti dönəmində xalqımızın azadlıq duyğuları, Vətən eşqi dəfələrlə külə dönüb, lakin sönməyib. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Şübhəsiz ki, milli mətbuatımız da, məhz ikinci həyatına yenidən qovuşdu. Bu istiqamətdə reallaşdırılan tədbirlərin davamı kimi, “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanla ölkəmizdə senzura ləğv edildi, söz və mətbuat azadlığının əsası qoyuldu, mətbuat cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edən qüdrətli vasitəyə çevrildi. Müvafiq Fərmandan cəmi bir il sonra isə, kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun, eləcə də digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi. Bununla yanaşı, 2001-ci ildə Azərbaycan jurnalistlərinin birinci qurultayının keçirilməsi və Mətbuat Şurasının yaradılması da milli mətbuatın inkişafında mühüm mərhələ təşkil edir.
Sevindirici haldır ki, “Əkinçi” cığırı ilə başlanan milli mətbuatımız bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında sürətli inkişaf dövrünə qədəm qoyub, bu sahəyə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Etiraf etmək lazımdır ki, bu mühiti şərtləndirən əsas amillər isə muxtar respublikanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişaf konsepsiyası, bütün sahələr üzrə əldə edilən mütərəqqi uğurlar, o cümlədən düşünülmüş və ardıcıl həyata keçirilən sistemli tədbirlərdir.
Məlum olduğu kimi, hiylə və məkr yuvası olan Ermənistanın ötən əsrin 90-cı illərində əzəli və əbədi Azərbaycan torpaqlarını işğalı nəticəsində bütün kommunikasiya xətləri, eyni zamanda teleradio ötürücü qurğuları tamamilə məhv edilmiş, nəticə etibarilə, Naxçıvan Muxtar Respublikası həm də ağır informasiya blokadasına salınmışdı. Lakin tarix növbəti dəfə sübut etdi ki, siyasi iradə, əzm və Vətən sevgisi olan yerdə imkansız deyə bir şey yoxdur. Zamanın bütün çətin sınaqlarından üzüağ çıxmağı bacaran muxtar respublikamız ötən illər ərzində Azərbaycan milli mətbuatının inkişafı tarixində müstəsna rol oynamış, mürəkkəb blokada şəraitində mükəmməl media siyasəti formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamına əsasən, kütləvi informasiya vasitələrinin fəaliyyəti daha da genişləndirilmiş, muxtar respublika rayonlarında fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilmiş, maddi-texniki baza və kadr potensialları gücləndirilmişdir. Bu illər ərzində Naxçıvan Mətbuat, Televiziya və Radio şuralarının yaradılması da, şübhəsiz ki, bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmiş, informasiya təhlükəsizliyi tam təmin olunmuşdur. Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, 2021-ci il 21 yanvar tarixli Fərmanla isə fondun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması, ötən il “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi qədim diyarda mətbuatın inkişafına göstərilən dövlət qayğısından xəbər verir. Əminliklə deyə bilərik ki, bu gün Naxçıvan Muxtar Respublikasında istər qəzet, istərsə də radio və televiziya sahəsində güclü mətbuat ordusu formalaşdırılıb. Muxtar respublikada milli mətbuatımızın inkişafına hər zaman xüsusi diqqət və davamlı qayğı ilə yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuatın inkişafı istiqamətində yorulmaz və fədakar əməyinə görə “Mətbuatın dostu” fəxri adına layiq görülməsi də, şübhəsiz ki, bu sahədə reallaşdırılan məqsədyönlü və sistemli tədbirlərin nəticəsidir.
Bu gün müasir cəmiyyətin jurnalistlərdən haqlı olaraq böyük gözləntiləri, bu gözlənti müqabilində həm də böyük etimadı vardır. Sirr deyil ki, kütləvi informasiya vasitələrinin sosial məsuliyyəti tamaşaçı, dinləyici və yaxud oxucunun dünyagörüşünün zənginləşməsində, mənəvi-əxlaqi dəyərlərin formalaşmasında əhəmiyyəti olduqca böyükdür. Ən müasir rəqəmsal bazaya malik olan “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, “Nuhçıxan” İnformasiya Agentliyi, “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası, “Şərq qapısı” və muxtar respublikanın digər rayon qəzetləri yüksək bacarığa, peşəkarlığa və səriştəyə malik kadr potensialı ilə cəmiyyətin informasiya tələbatını tam ödəyə bilir, çətin, məsuliyyətli, eyni zamanda şərəfli vəzifələrini uğurla yerinə yetirirlər.
Jurnalistikanın prinsiplərində də təsbit olduğu kimi, ictimaiyyət hər bir halda operativlik, dəqiqlik, o cümlədən cəmiyyətdə baş verən bütün hadisələrə obyektiv və qərəzsiz mövqe gözləyir. Mövzuya məhz bu konteksdən yanaşsaq, muxtar respublika mətbuatının fəaliyyət xüsusiyyətlərindən biri də jurnalistlərin müxtəlif mövzulara rahatlıqla müraciətetmə imkanlarının olması, eyni zamanda cəmiyyətdə bəzi nöqsanlarla bağlı tənqidi materialların hazırlana bilməsidir. İstər televiziya, istərsə də qəzetlərdə analitik təhlil edilən və tənqidi xəbərlərin hazırlanması muxtar respublikada söz və mətbuat azadlığının, bu sahədə çalışan əməkdaşların müstəqil və sərbəst fəaliyyət göstərməsinin də bariz nümunəsidir.
Müstəqil mətbuatın formalaşdırılması və inkişaf etdirilməsində diqqətdə saxlanılan prioritet sahələrdən biri də gənc jurnalist kadrların hazırlanması, işə cəlb olunması, o cümlədən fəaliyyətlərinin daha da stimullaşdırılmasıdır. Qeyd edilməlidir ki, bu gün muxtar respublikada qələmi ilə xalqına xidmət edən jurnalistlərin mütləq əksəriyyəti məhz gənclərdən ibarətdir. Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələr Universitet televiziyası, “Nuhçıxan” radiosu və “Yeni fikir” qəzetində ilkin peşə vərdişlərinə, habelə nəzəri və praktiki biliklərə yiyələnir, gələcəkdə ixtisaslı kadr kimi formalaşaraq mətbuatımızın tərəqqisinə öz töhfəsini verirlər. Bu xüsusda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı da olduqca mühüm əhəmiyyət kəsb edir.
Məlumatlılıq, yeni informasiyalara sahib olmaq, informasiyanı tam, dolğun və dəqiq ictimaiyyətə çatdırmaq çağdaş dövrün ən aktual mövzularındandır. XIX əsrin görkəmli siyasi xadimi Taleyran deyirdi: “Əgər kimin informasiyası çoxdursa, onun döyüş meydanında üstünlüyü də labüddür”. İnformasiya cəbhə xətti, sərhədi olmayan böyük bir savaşdır həm də. Xüsusilə qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsi nəinki döyüş meydanında, eləcə də informasiya məkanında aparılırdı. Bu baxımdan ölkə Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində əldə etdiyi tarixi zəfər və parlaq qələbədə Naxçıvan mediasının da üzərinə böyük yük və vəzifələr düşüb. 44 günlük Vətən savaşının məhz ilk günündən etibarən muxtar respublikada kütləvi informasiya vasitələrinin əməkdaşları ictimaiyyətə mütəmadi olaraq operativ məlumatlar çatdıraraq müxtəlif mövzuları peşəkarlıqla işıqlandırmış, cəmiyyətin informasiya tələbatını tam və dolğun ödəməklə bu savaşın məğrur, yenilməz əsgərinə çevrilmişdir. Media sahəsində aparılan düzgün siyasət imkan verdi ki, qısa zaman ərzində Qarabağda baş verən həqiqətlər geniş auditoriyaya çatdırılsın. Bəli, misli görünməmiş, hərb tarixinin örnəyi sayılan 2-ci Qarabağ müharibəsində əli qələm tutan, qələmi ilə bu müqəddəs amala xidmət edən hər bir jurnalist öz cəbhəsinin qalib əsgəri oldu.
Bu gün ənənəlik və novatorluğu birgə ehtiva edən milli mətbuatımız Naxçıvan Muxtar Respublikasında da inkişafdan intibaha sürətli keçid dövrünü yaşamaqdadır. Əminliklə demək olar ki, söz, məlumat və mətbuat azadlığının mütləq surətdə təmin olunduğu muxtar respublikamızda dövlətimizin və müstəqilliyimizin milli maraqlarını hər zaman rəhbər tutan jurnalistlər bundan sonra da xalqa, dövlətə, dövlətçiliyə xidmət naminə böyük qüvvə və səy göstərəcəklər
Arif Bayramov
Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat və
ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi