NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində yeni gətirilən elektrotaksilərin təqdimatı olub.
Bu yaxınlarda 6 yeni elektrobusun alınaraq Naxçıvan şəhərində marşrut xətlərinə salınması bu sahədə bir yenilik kimi həm sərnişinlərin rahatlığı, həm də xidmətin təşkili baxımından bir sıra üstünlüklərə səbəb olub. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində 2 elektrotaksinin təqdimatı keçirilib.
Naxçıvan şəhər Avtobus parkında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru Əli Hüseynəliyev bildirib ki, muxtar respublika rəhbərinin tapşırığı və dəstəyi ilə daha 2 ədəd elektriklə işləyən nəqliyyat vasitəsi taksi xidməti kimi fəaliyyət göstərmək üçün sərnişinlərin istifadəsinə verilir. Elektriklə işləyən bu maşınlar ekoloji cəhətdən təmiz və qənaətcildir.
Çin istehsalı olan "CHANGAN AUCHAN" markalı bu nəqliyyat vasitələri 7 yerlikdir. Tam yüklü batareya ilə 300-350 kilometr məsafə qət edə bilir. Batareyaların tam dolması üçün ev şəraitində 5-7 saat, şarj aparatı ilə 100 dəqiqə kifayət edir. Nəqliyyat vasitəsinin maksimum sürət həddi 200 km/saatdır. Avtomaşın kondisioner və qızdırıcı sistemlə, ön və arxadan kameralarla təchiz olunub. Həmçinin yeni taksilərdə ABS əyləc sistemi, elektrikli pəncərələr və park radar sistemi mövcuddur.
Xosrov İbrahimov