Naxçıvanda keçirilən “Avropa Günləri” əslində Avropanın muxtar respublikanı daha yaxından tanıması üçün bir addım oldu. Muxtar respublikanın iqtisadiyyatı, turizmi, təhsili ilə bağlı edilən işgüzar təkliflər, əməkdaşlıq cəhdləri Naxçıvanın artıq bu istiqamətdə inkişafının Avropa standartlarına uyğun, bəlkə də bəzi sahələrdə bir qədər onları ötüb keçdiyini göstərdi. "Naxçıvan yalnız danışmır, həm də iş görür. Naxçıvan alternativ enerji mənbələrinə görə bəzi Avropa ölkələri üçün də nümunə ola bilər". Bu sözləri Belçikanın Azərbaycandakı səfiri Bert Skufs deyib. Təmizlik, insanların mehribanlığı, ekoloji tarazlıq, yaşıllıq sahələrinin artırılması və nələr-nələr... Bunları da avropalılar dedi. Bu fikirləri, rəyləri eşitmək həm xoş, həm də qürurvericidir. Çünki dünyanın böyük gücə malik, hərtərəfli inkişaf və tərəqqi modeli ilə nümunə olan ölkələrinin təmsilçilərini indiki zamanda heyrətləndirmək və özünə cəlb etmək çətindir. Amma müasir Naxçıvan və bu Naxçıvanı 5 min illik tarixi köklərinin üzərində yenidən quranların zəhməti bunu bacardı.
Əlbəttə, bu gün geniş küçələr, abad parklar, müxtəlif istehsal sahələri, iqtisadi göstəricilər, enerji idxal edən bir məkandan enerji ixracatçısına çevrilən muxtar respublikanın uğurları ilə bağlı danışmaq nə qədər asan və qürurvericidir. Amma dünyanı heyrətə gətirən bu tərəqqinin hansı zəhmət, qətiyyət və iradə hesabına ərsəyə gəldiyini hamımız yaxşı bilirik.
Mövzu ilə bağlı araşdırmalar edərkən "Şərq qapısı" qəzetinin 13 fevral 1993-cü il sayında “Balta yaman moddadır” başlıqlı yazıya rast gəldim. O həmin baltalar idi ki, insanların qışı bir təhər yola salmaları üçün Naxçıvanda bütün ağaclara, yaşıllıqlara qənim kəsilmişdi. O dövrün camaatını da qınamaq olmur. Nə etmək olardı? Kömür yox, neft yox, qaz yox. İnsanlar soyuqdan donmamaq üçün çarpışır, mübarizə aparırdı.
Dünənin reallığı
“Əzəmətinə, gözəlliyinə tamaşa etdiyimiz ağaclara indi müştəri gözü ilə baxırıq. Bax bu ağac bir həftə bəs edər, o birisi isə 15 gündən də çox görər. Beləcə, ağacların kökünə balta vururuq. Kimisi sevinir, kimisinin də ürəyindən qara qanlar axır. Bəziləri də bu ağacları əkənlərə, onları ərsəyə gətirənlərə rəhmət diləyir. Bəli, ermənilərin törətdiyi müharibənin yurdumuza gətirdiyi bu bəlalı günlərdə yenə ümidimiz ağaclara gəldi. Ağaclar insanlara həyan oldu, həyatlarını onlara qurban verdi. İllər boyu qamətinə, gözəlliyinə heyran olduğumuz meyvə və bəzək ağacları bu gün minlərlə evin istisinə, işığına çevrildi.
Baxırsan ki, cavan bir qadın balaca uşağı ilə bərabər iri bir budağı sürüyüb aparır. Ağsaqqal kişi əl arabası ilə çırpı daşıyır. Nə etməli? Lənətə gəlsin bədnam, yüzsifətli qonşuları, bu müharibəni törədənləri. Amma nə qədər ağır olsa da, ağacları qorumalıyıq. Axı ağaclar bizim həyatımız, yaşayışımız, sağlamlığımızdır. Bir ağacı ərsəyə gətirmək üçün azı 15-20 il vaxt lazımdır. Gəlin heç olmasa, o körpə tinglərə qıymayaq. Cah-calalı dağılmış, viran olmuş meşə zolaqlarının içərisindən tək-tük göyə boylanan köməksiz körpə tinglərə. Heç olmasa kənd yollarındakı, dayanacaqlardakı ağaclara dəyməyək. Yayın qızmar günlərində körpələrimizə həyan olar, onlara sərinlik gətirər. Çətin günün ömrü az olar. Budur, kiçik çillənin də qurtarmasına bir şey qalmadı. Bir azdan baharın ilıq nəfəsi duyulacaq, yamyaşıl yamaclar, laləli-nərgizli dağ ətəkləri göz oxşayacaq. Lakin bu gözəlliyin içərisində məzar daşları kimi görünən ağac kötüklərinin miskin görkəmi illər boyu qəlbimizi ağrıdacaq”.
“Şərq qapısı” qəzeti, 13 fevral 1993-cü il
Bu məqaləni oxuyandan sonra yaxın olan bu tarixə inanmağım gəlmədi. Axı digər 23 yaşlı həmyaşıdlarım kimi mənim də bu çağlar demək olar ki yadıma gəlmir. Biz 2000-ci illərin uşaqları, yeniyetmələri və 2010-cu illərin gəncləriyik. Gözümüzü açıb yaşadığımız kəndlərdə, təhsil aldığımız Naxçıvan şəhərində quruculuq, abadlıq, yenidənqurma, tərəqqi işlərinin gedişini görmüşük. Bu illər ərzində Naxçıvanda aparılan iqtisadi islahatlar, yeni yaşam mühiti, müasirləşməni görən gənc nəsil üçün 1990-cı illərin çətinliyi ancaq bu cür tarixi yazılarda qalan bir keçmişdir. Bu günsə tamam başqadır.
Bu günün gerçəkliyi
“Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Biz naxçıvanlıları bu gün daha da xoşbəxt edən əslində Naxçıvandan başlanan xilaskarlıq yolunun banisi ulu öndərimiz Heydər Əliyevin bu arzularının gerçəkləşməsidir. Bu günün Naxçıvanı bütün sahələrdə Avropanın güc sahibi olan ölkələri ilə əməkdaşlıq edir. İndi artıq Avropa Naxçıvana maraq göstərir, onunla iqtisadi layihələrdə əməkdaşlıq edir. 1990-cı illərdə enerji qıtlığı girdabında çətinlik çəkən Naxçıvan bu gün- 21-ci əsrdə Avropa üçün potensial alternativ enerji mənbəyinə malik zəngin bir diyara çevrilib. Qürurverici haldır ki, artıq blokada şəraitində yaşamasına baxmayaraq, öz daxili tələbatını tam ödəyən Naxçıvanla Avropanın özü enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa hazır olduğunu bildirir.
Bu gün Naxçıvanın malik olduğu elektrik enerji ehtiyatlarına nəzər salaq:
2006-cı ildən başlayaraq Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. Əgər əvvəllər muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 10-a yaxındır. Alternativ və bərpaolunan enerji növləri istehsalının daha da artırılması məqsədilə hazırda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Naxçıvanda alternativ enerji mənbələrinin bol olması enerji istehlakına yeni düşüncə ilə yeni yanaşma tərzini formalaşdırdı. Günəş elektrik stansiyası, su elektrik stansiyaları ilə yanaşı külək enerjisindən istifadə ilə bağlı da layihələrin gerçəkləşdirilməsi üçün işlər gedir. Bu faktlar müasir Naxçıvanın gücü, onun iqtisadiyyatının bir göstəricisidir. Bunlara nail olmağın yolu isə görülən hər işə inam, göstərilən diqqət, qayğı və doğma münasibətdən keçir.
Mətin Abbaslı