Muxtar respublikada yaşıllıqların həcmi ümumi ərazinin 21 faizinə çatıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində  cari ilin 6 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. İclasda nazir Mayis Əliyev bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında tapşırılıb ki, ekoloji tarazlığın qorunması tədbirləri sırasında ətraf mühitdən və təbii sərvətlərdən səmərəli istifadə xüsusi yer tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi muxtar respublikada təbii sərvətlərdən və ətraf mühitdən istifadə ilə bağlı münasibətləri qanunvericiliyə uyğun tənzimləməli, rüsumlar və ekoloji ödənişlər müvafiq qaydada ödənilməli, heyvandarlıqla məşğul olanlar yaylaqlardan istifadə qaydaları barədə məlumatlandırılmalı, düzgün bölgü aparılmalıdır.

Qeyd  olunub ki, hesabat dövründə muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər icra hakimiyyətləri və vətəndaşlar tərəfindən ümumilikdə 232 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb, toxumla əkin aparılıb. Əkin işlərində ümumilikdə, 150 min meyvə, meşə, həmişəyaşıl tinglər, üzüm, bəzək və gül kolları əkilib. Həmçinin 120 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb, toxumla əkin aparılıb. Yaşıllaşdırma tədbirlərində 4,6 hektarı üzüm olmaqla 55,6 hektar sahədə meyvə bağı, yaşıllıq zolaqları salındığını vurğulayan Mayis Əliyev meyvə bağlarının salınmasında yerli sortlara üstünlük verildiyini diqqətə çatdırıb, yerli şəraitdə yetişdirilmiş püstə tingləri və toxumları ilə 2 hektar sahədə yeni püstə bağı salındığını vurğulayıb. Bildirilib ki, yarımildə nazirlik tərəfindən 2 hektar ərazidə toxmacarlıq və qələmkökləndirmə sahələri yaradılıb, həmçinin təcrübə məqsədilə 15 min üzüm, 10 min iydə, 3 min çinar qələmləri əkilib. Mövsüm ərzində bərpa işlərinin fasiləsiz aparılması məqsədilə 1800-dən  artıq dibçəkdə ting yetişdirilib. Bu gün tinglik sahələrində 350 mindən artıq meyvə tingləri mövcuddur.

Vurğulanıb ki, Naxçıvançay, Əlincəçay, Gilançay, Nəsirvazçay, Arpaçay vadilərində çilik üsulu ilə əkin işləri aparılıb,  ümumilikdə, 6200 ədəd iydə, söyüd və qələmə çilikləri çay vadilərində əkilib. Dövlət Meşə Fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində 250 müxtəlif cır meyvə ağaclarına  calaq vurulub. Əkin işlərində toxumla əkinin üstünlüklərini diqqətə çatdıran Mayis Əliyev  bildirib ki, Ağbulaq Kənd-Turizm İstirahət Bölgəsi, Darıdağ ərazisində və xüsusi mühafizə olunan təbiət ərazilərində 80 hektar sahədə şırım üsulu ilə üzüm, alça, ardıc, palıd, həmərsin, yemişan, badamça, iydə toxumları əkilib. Eroziyaya uğramış torpaqların yenidən əkin dövriyyəsinə qatılması məqsədilə yaşıllaşdırma işlərinin 80 faizdən çoxu kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda aparılıb. Həyata keçirilmiş məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, yaşıllıqların həcmi artıq ümumi ərazinin 21 faizinə çatıb.

Bildirilib ki, yeni su xətlərinin çəkilməsi, suvarma sistemlərinin bərpası, ziyanvericilərə qarşı mübarizə aparılması diqqətdə saxlanılıb, soyuq qış aylarında fauna növlərinin qida təminatının qismən yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb. Bununla yanaşı, ekoloji qanuna zidd halların qarşısının alınması məqsədilə aidiyyatı orqanlarla birlikdə reyd-yoxlamalar keçirilib, 43 inzibati xəta qeydə alınıb və qanunamüvafiq tədbirlər görülüb.

Mayis Əliyev  ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunub saxlanılması məqsədilə görülən işlərlə yanaşı müəyyən nöqsanların hələ də olduğunu diqqətə çatdırıb, aidiyyatı üzrə tapşırıqlar verib.

Məruzə ətrafında nazirliyin şöbə müdirləri Şövqi  Əliyev, Tural Əsgərov və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının direktor müavini  Həsənqulu Kərimov çıxış edərək  görülən işlər haqqında məlumat veriblər.

Sonda kollegiyanın qərarı qəbul olunub.

                                                                   Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: