Muxtar respublikada bu ilin ötən dövrü ərzində 3 min 565 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2022-ci ilin birinci yarısında görülən işlərlə bağlı iclas keçirilib. İclasda Xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və tənzimlənməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq qərar, fərman, sərəncamlarında və qəbul edilən dövlət proqramlarında xidmətə dair vəzifələr uğurla icra edilib.
Hesabat dövründə Şərur, Kəngərli və Şahbuz rayonlarında torpaqlardan istifadəyə dair monitorinqlər aparılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. Muxtar respublikanın bütün ərazi vahidləri üzrə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə əkin dövriyyəsindən kənarda qalan, istifadə olunmayan əkinəyararlı torpaq sahələrinin monitorinqi aparılaraq uçotu dəqiqləşdirilib.
Diqqətə çatdırılıb ki, cari ilin 6 ayı ərzində 48 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 30 ailə təsərrüfatının icarəsinə verilən 7 hektardan artıq torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Birinci yarımildə bir sıra şöbələr üzrə görülən işləri də təhlil edən Müslüm Cabbarzadə vurğulayıb ki, muxtar respublikada bu günədək 3 min 565 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 3,5 faiz artıb. Yeni yaranan 175 daşınmaz əmlak obyektinə ünvan verilib, 2 min 546 texniki sənəd hazırlanıb, səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 45 yaşayış məntəqəsində vətəndaşların müraciətlərinə baxılıb, 573 vətəndaşa elektron xidmətlər göstərilib. Naxçıvan şəhərinin 54-cü, 56-cı, Xətai və Əlincə məhəllələrində 2 min 400-dən artıq ünvan lövhəsi və giriş nömrə nişanının quraşdırılması başa çatdırılıb.
Cari ilin müvafiq dövründə xidmət tərəfindən görülən işləri təhlil edən Müslüm Cabbarzadə şöbələrin və rayon idarələrinin fəaliyyətlərindəki nöqsanları da diqqətə çatdırıb, qarşıdakı dövrdə nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında aidiyyəti üzrə verilən tapşırıqlar da diqqətə çatdırılıb. Sessiyada vurğulanıb ki, muxtar respublikada yaşayış məntəqələri üzrə torpaqlardan təyinatdankənar istifadə və zəbt halları hələ də qalmaqdadır. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və aid qurumlar torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı, əhali məlumatlandırılmalı, xəbərdarlıqlardan nəticə çıxarmayanlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməlidir.
Xidmətin rəisi bildirib ki, torpaqların mühafizəsinin təşkili, həmçinin digər məsələlərlə bağlı verilən tapşırıqların və qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edilməsi üçün kollektiv səylə çalışacaq.
Məruzə ətrafında çıxışlar dinlənilib, slaydlar vasitəsi ilə şöbələr üzrə görülən işlər barədə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar qəbul edilib.
Sonda bu ilin ötən 6 ayı ərzində səmərəli fəaliyyətlərinə görə fərqlənən xidmətin iki əməkdaşına təşəkkürnamə təqdim edilib.
Ərhan Novruzov