İyulun 28-dən 31-dək Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022” adlı tədbir keçiriləcək.
Gənclər Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, sözügedən forumun keçirilməsində əsas məqsəd xaricdə təhsil alan və ya məzun olmuş azərbaycanlı gəncləri bir araya toplamaq, onların şəbəkələşməsini təmin etmək, şəxsi və təmsilçilik bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
Dörd gün ərzində təşkil olunacaq forum çərçivəsində dövlət xadimlərinin, ekspertlərin, xarici təhsil müəssisələrinin 300-dən çox tələbə və məzunlarının iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub.