Naxçıvanda bu ilin ötən dövrü ərzində icbari sığortalar üzrə 14 faiz artım qeydə alınıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətində 2022-ci ilin birinci yarımilində  görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. İclasda xidmətin direktoru Bəxtiyar Məmmədov  bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Dövlət Sığorta Xidmətinə də tapşırıqlar verilib. Tapşırıqlara əsasən, innovativ xidmətlər və könüllü sığortanın əhatə dairəsi genişləndirilməli, aqrar sığortaya marağın artırılması ilə bağlı tədbirlər görülməlidir.

Bəxtiyar Məmmədov bildirib ki, hesabat dövründə həyat və qeyri-həyat sığorta sinifləri üzrə 5-i icbari, 12-si könüllü olmaqla 17 sinif üzrə aktiv sığorta yığımı həyata keçirilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının toplanması üzrə ümumilikdə 14, sığorta müqavilələrinin sayında isə 19 faiz artım olub. Həmçinin həyat sığortası sahəsində 10, qeyri-həyat sığortası üzrə isə 15, icbari sığortalarda 14, könüllü sığortalar üzrə isə 13 faiz artım qeydə alınıb.

Hesabat dövründə görülmüş işləri təhlil edən direktor bildirib ki, sığorta haqlarının yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 6, könüllü sığortalar üzrə fiziki şəxslərə məxsus əmlakın sığortasında 0.43, fərdi qəza sığortasında 13, sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortasında 11 faiz, girov sığortasında 34, ipoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortasında 67 faiz, Həmçinin avtomobil nəqliyyat vasitələrinin tam sığortasında 29, kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortasında 77, kənd təsərrüfatı məhsullarının sığortasında 12, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 0.1 faiz artım olub.

2022-ci ilin 6 ayı ərzində səyyar sığorta xidməti tərəfindən ümumilikdə muxtar respublikanın 7 rayon, 3 şəhər, 7 qəsəbə, 99 kəndində fəaliyyət göstərilib. Bu da ötən illə müqayisədə səyyar xidmətin əhatə dairəsində 32, sığorta müqavilələrinin sayında 43, sığorta haqlarında isə 73 faiz artım deməkdir.

Direktor diqqətə çatdırıb ki, Xidmət 2022-ci ilin ötən dövrünü həyat sığortası və qeyri-həyat sığortası sinfi üzrə artımla başa vurub. Cari ilin yanvar ayında Xidmətdə yüklərin sığortası və könüllü tibbi sığorta növləri yaradılıb. Könüllü tibbi sığorta ilə bağlı bir sıra səhiyyə müəssisələri ilə müqavilə bağlanılıb.

Qeyd olunub ki, 2022-ci ilin birinci yarımilində heyvandarlıq üzrə 203, bitkiçilik üzrə 749 olmaqla cəmi 952 güzəştli sığorta müqaviləsi bağlanılıb. Həmçinin Xidmətdə 505 nömrəli qaynar xətt xidməti yaradılıb. Artıq vətəndaşların günün istənilən saatında suallarına cavab veriləcək.

Sonda məruzə ətrafında çıxışlar olub, ümumi fəaliyyət müzakirə edilib.

Xidmətin direktoru Bəxtiyar Məmmədov iclasa yekun vuraraq bildirib ki kollektiv bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, onların icrasının təmin edilməsi istiqamətində bütün tədbirləri həyata keçirəcək.

                                                                               

                                                                                       Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: