2022-ci ilin birinci yarımilində nağdsız ödənişlərin həcmi 86 milyon manatı ötüb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi nəticəsində 1 iyul 2022-ci il tarixə muxtar respublika üzrə quraşdırılan POS-terminal aparatlarının sayı 1590, 57-si Milliön olmaqla, ödəniş terminallarının sayı 154, bankomatların sayı isə 118 ədəd olub. Cari ilin birinci yarımilində nağdsız ödənişlərin həcmi 86 milyon 206 min 323 manat olub ki, bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə  30 milyon 17 min 595 manat çoxdur. Ödənişlərin 23 milyon 48 min 715 manatı POS-terminallar, 63 milyon 157 min 608 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.

Həmin dövrdə özəl sektorda 13 vergi ödəyicisi üzrə 54 işçinin əmək haqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib. Yeni yaradılan 4 publik hüquqi şəxs statuslu müəssisənin 4 obyektində ödənişlərin nağdsız qaydada qəbul edilməsi üçün POS-terminalların quraşdırılması həyata keçirilib.

Qeyd olunan dövrdə muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektlərində 391 vergi ödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 251 min 635 manat, 1465 vergi ödəyicisi tərəfindən isə şəxsi kartları vasitəsilə 626 min 31 manat vergi, sosial və dövlət büdcəsinə digər ödənişlər nağdsız qaydada ödənilib.

Xidmət mərkəzləri və POS-terminal quraşdırılmış kənd mərkəzlərində maarifləndirici görüşlər keçirilib, “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 16-cı tirajında muxtar respublika üzrə 431 sakinə 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, görülən işlər Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri tərəfindən 9 avqust 2019-cu il tarixli Sərəncamla təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrasına uyğun olaraq həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: