NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iclasında komitə sədri Hicran Rüstəmov 2022-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edib.
Qeyd olunub ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də bir sıra tapşırıqlar verilib. Belə ki, komitə tikinti-quruculuq işləri aparılarkən mühəndis-texniki tələblərə əməl etməli, keyfiyyətə və təhlükəsizlik tədbirlərinə nəzarət artırılmalıdır.
İclasda Hicran Rüstəmov görülən işləri təhlil edərkən bildirib ki, cari il ötən dövründə də muxtar respublikada təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin, infrastruktur obyektlərinin tikintisi və ya yenidən qurulması uğurla davam etdirilib. Komitənin xətti ilə 67 milyon 539 min manat həcmində inşaat işləri yerinə yetirilib. Bunun da 55 milyon 942 min manatını və ya 82,8 faizini tikinti-quraşdırma işləri təşkil edib. Hesabat dövründə Şərur rayonunun Çərçiboğan kəndində məktəb binası yenidən qurulub, Uşaq Musiqi məktəbi binasının tikintisi başa çatdırılıb. Hazırda Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması, Kimya-Biologiya Təmayüllü Lisey binasının, Uşaq Bağçası binasının tikintisi, həmçinin məktəb binasının tikintisi və ya yenidən qurulması, Babək və Şahbuz şəhərlərində məktəbdənkənar təhsil müəssisələri üçün binaların tikintisi davam etdirilir.
Vurğulanıb ki, Çərçiboğan kəndində Həkim Ambulatoriyası binasının tikintisi başa çatdırılıb, 2 həkim ambulatoriyasının və Culfa rayon Darıdağ Arsenli Su Müalicə Mərkəzinin tikintisi davam etdirilir. Şərur şəhərində Mədəniyyət Sarayının tikintisi başa çatdırılıb, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası binasının, “Zəfər” Parkının tikintisi, Şərur şəhərində Mərkəzi və Uşaq Kitabxanası binasının yenidən qurulması, Kəngərli rayonunda Tarix Diyarşünaslıq Muzeyi binasının tikintisi davam etdirilir. Babək rayonunun Cəhri qəsəbəsində Məscidin tikintisi başa çatdırılıb, Naxçıvan şəhərində Məscid Kompleksinin tikintisi, Ordubad şəhərində isə Cümə Məscidinin yenidən qurulması davam etdirilir.
Hicran Rüstəmov vurğulayıb ki, müvafiq dövr ərzində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin inzibati binasının, Şərur şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, 1-ci Sərhəd Komendantlığı, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək rayon Şöbəsinin inzibati binasının yenidən qurulması və Dövlət Baytarlıq Xidmətinin Kəngərli Rayon İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb. Naxçıvan şəhərində 4 mərtəbəli “ASAN” Xidmət Mərkəzi, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Naxçıvan Muxtar Respublikası STEAM Təlim-Tədris Mərkəzi, Oksigen İstehsalı Müəssisəsi, İplik İstehsalı Müəssisəsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya, Meşələrin inkişafı və Meşə Təsərrüfatı idarələri, “DOST” Mərkəzi, Dəmiryol Nəqliyyatında Polis Şöbəsi binalarının tikintisi davam etdirilir.
Hazırda Naxçıvan Dövlət Universitetinin Rektorluq binasının, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyasının, Axura kəndində İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik binasının yenidən qurulması, Şərur şəhərində “Sənaye Məhəlləsi”nin, Avtovağzal binasının, 6 kənddə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik binasının, Pəzməri kəndində Kənd Mərkəzi, Culfa rayonunda İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Culfa Rayon İdarəsi, Şahbuz rayonunda Maliyyə Şöbəsinin və Statistika İdarəsi üçün binaların, həmçinin “Naxçıvanterminal-kompleks” Birliyi Sədərək Tır parkında yardımçı binanın tikintisi, Kəngərli rayonunda Duz İstehsalı müəssisəsinin tikintisi davam etdirilir.
Qeyd edilib ki, 2022-ci ilin ilk 6 ayında əhalinin mənzil-kommunal təminatının yaxşılaşdırılması sahəsində də işlər həyata keçirilib, Şahbuz şəhərində hərbçi ailələri üçün 44 mənzilli yaşayış binasının tikintisi, Naxçıvan şəhərində 1 yaşayış binasının fasadının üzlənməsi başa çatdırılıb, 1 binada işlər davam etdirilir, Ordubad şəhərində isə 1 yaşayış binasının fasadı üzlənir. Eləcə də Naxçıvan şəhərində Daxili Qoşunların Hərbi Şəhərciyində yataqxana binası yenidən qurulur. Müvafiq dövrdə elektrik enerjisinə olan tələbatın tam təmin edilməsi istiqamətində tədbirlərin davamı olaraq 36 Mvt gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 Mvt gücündə Tivi Su Elektrik Stansiyasının, Culfa rayonunda elektrik yarımstansiyasının tikintisi davam etdirilir. Həmçinin muxtar respublikada yeni əkin sahələri üçün nasos stansiyalarının tikilməsi də diqqətdə saxlanılıb və bu sahədə aparılan tədbirlər davam etdirilir.
Hicran Rüstəmov kollektivin diqqətinə çatdırıb ki, qarşıya qoyulan tələblər fəaliyyət dövründə rəhbər tutulmalı və bu tələblərin yerinə yetirilməsi inşaat işçilərinin əsas vəzifəsi olmalıdır.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov 2022-ci ilin birinci yarısında agentlik tərəfindən görülən işləri diqqətə çatdıraraq bildirib ki, müvafiq dövrdə Çərçiboğan kəndində 15,8 kilometr yeni asfalt yol salınıb, digər bölgələrimizdə yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında da qeyd olunub ki, muxtar respublikada müasir yol infrastrukturu qurulur, nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir. Avtomobil Yolları Dövlət Agentliyi yol tikintisi işlərini davam etdirməklə keyfiyyətə diqqəti artırmalıdır.
Məruzə ətrafında çıxış edənlər idarələr üzrə 2022-ci ildə görülən işləri və qarşıda duran vəzifələri diqqətə çatdırıblar.
Ərhan Novruzov