Rabitəçi-mühəndislər Türkiyədə təlim keçirlər - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yüksəkixtisaslı kadr hazırlığının diqqətdə saxlanılmasına dair tapşırıq verilib. Verilən tapşırığın icrası istiqamətində, eləcə də həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Buta Global Enerji” şirkəti arasında mövcud olan əməkdaşlıq çərçivəsində nazirliyin iki mühəndisi dünyanın aparıcı şirkətlərindən olan “Prysmian Group”un Türkiyənin Bursa şəhərində yerləşən Mudanya fabrikində təlimə cəlb olunublar. Burada “Prysmian Group”un dünyanın aparıcı ölkələrində təlim keçmiş yüksəkixtisaslı mühəndisləri tərəfindən onlara mis və fiber-optik kabel növlərinin beynəlxalq standartlara görə çeşidli növlərdə istehsalı, istehsal olunan kabellərin texniki xüsusiyyətləri, o cümlədən siqnal ötürmə sürəti, xətlərin müxtəlif relyeflərə uyğun çəkilməsi barədə ətraflı məlumatlar verilib. Həmçinin “Prysmian Group”un fabrikində İtaliya keyfiyyət standartlarında “Draka” markalı kabel məhsullarının istehsal prosesi ilə tanışlıq zamanı o da bildirilib ki, odadavamlı, yüksəkkeyfiyyətli bu kabellərdən Naxçıvan Muxtar Respublikası üçün xüsusi olaraq istehsal olunmaqla yanaşı, inkişaf etmiş ölkələrdə fiber-optik xətt çəkilişində, yeraltı və hava rabitə xətlərinin çəkilməsi zamanı da istifadə edilir. Mühəndislər fabrikin bütün istehsal sahələri ilə də yaxından tanış olublar.
Təlim 30 iyul 2022-ci il tarixədək davam edəcək.