Könüllü gənclər Vətən müharibəsi iştirakçıları ilə görüşüblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə bir qrup könüllü gəncin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub. Gənclik Mərkəzində təşkil olunan görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə çıxış edənlər Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi barədə danışıblar. Qeyd edilib ki, haqq mübarizəmizin şanlı zəfərlə başa çatması Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti, xalq-ordu birliyi sayəsində mümkün olub. İstər ön, istərsə də arxa cəbhədə gedən fəal mübarizəmizin sonunda tarixi ədalət bərpa olunub. Bildirilib ki, ölkəmizdə qazilərimizə və şəhid ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçısı baş leytenant Fərdi Cəlilov bildirib ki, elə döyüşlər başlanan gündən sona qədər gedəcəyimizə, xalqımızı qələbə ilə müjdələyəcəyimizə inanırdıq. Fərdi Cəlilov qazi adını daşımasından qürur duyduğunu bildirib.
Çay süfrəsi ətrafında gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz gənclərlə döyüş xatirələrini bölüşüb, Vətən sevgisi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar. Gənclər isə şəhidlərimizin və hərbçilərimizin həyat yolunun vətənpərvərlik məktəbi olduğunu və bu məktəbdən hər zaman bəhrələnəcəklərini deyiblər.
Sonra Vətən müharibəsi iştirakçılarına təşəkkürnamələr təqdim olunub.
Aygün Hüseynova