Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının ümumi yığıncağı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının 2022-ci ilin 6 ayın yekunları və qarşıda duran vəzifələrə dair ümumi yığıncağı keçirilib. Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov şuranın 2022-ci ilin birinci yarımilində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib.
Yığıncaqda məruzə ətrafında şəhər və rayon polis şöbələri veteranları şuralarının sədrləri çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Rəşad İsmayılov çıxış edərək bildirib ki, nazirliyin Veteranlar Şurası və ərazi polis orqanları tərəfindən sabiq polis əməkdaşlarının qarşılıqlı birgə fəaliyyətə cəlb olunmaları üçün ardıcıl profilaktiki tədbirlər həyata keçirilib. Nəticədə 700-ə yaxın polis veteranı ilə yaxın əlaqələr yaradılıb. Hesabat dövründə polis veteranları daxili işlər orqanlarına yaxından köməklik edərək inzibati hüquqpozmalar, münaqişəli ailələr, təmizlik-abadlıq işləri, əhalidə olan silahların yığılması və digər istiqamətlərdə aparılan işlərdə aktivlik göstəriblər.
Qeyd edilib ki, bu gün gündəmdə olan vacib məsələlərdən biri qanunsuz dini təriqətlərin yayılmasının qarşısının alınması istiqamətində qarşıya qoyulan vəzifələrin icrasıdır. Bu istiqamətdə veteranlar insanlar arasında sərbəst dolaşmaq imkanlarından istifadə etməklə polis əməkdaşlarına yaxından köməklik göstərməlidir. Həmçinin aktual məsələlərdən biri də dələduzluğun qarşısının alınması istiqamətində həyata keçirilən mübarizə tədbirlərinə veteranların qoşulmasıdır.
Qeyd olunub ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında polis sahə inspektorları ilə işə və yol hərəkəti təhlükəsizliyinə diqqətin artırılması, elektron idarəetmə vasitələrindən istifadənin artırılması Daxili İşlər Nazirliyinin qarşısında vəzifə kimi qoyulub. Polis veteranları bu istiqamətdə də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində polis orqanlarına yaxından köməklik göstərməlidirlər.
Rəşad İsmayılov qeyd edib ki, bu gün muxtar respublikanın hər bir guşəsi abadlaşıb. Ona görə də polis veteranları fəaliyyətlərini aktiv şəkildə davam etdirməli, mövcud infrastrukturun qorunması və təmizlik işlərinin aparılmasında bilavasitə iştirak etməklə əhali arasında maarifləndirici-profilaktiki söhbətlər aparmalıdırlar.
Sonra qərar layihəsi oxunaraq qəbul edilib.
Sonda qarşıya qoyulan vəzifələrin icrasında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə istefada olan polis-mayoru İdris Abdullayev Daxili İşlər Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.
Mahmud Hüseynov