NUHÇIXAN Rusiya mətbuatına istinadla xəbər verir ki, fastfood və digər sağlam olmayan qidalarla qidalanmaq depressiyaya səbəb olur.
Bu İspaniya, Britaniya və Avstraliya alimlərinin birgə araşdırması nəticəsində müəyyən edilib. Ən xeyirli və eyni zamanda psixi sağlamlıq üçün faydalı olan pəhriz isə balıq, tərəvəz, meyvə və fındığın daxil olduğu pəhriz hesab edilib.
Alimlər depressiya ilə qidalanma rasionunun əlaqəsinə həsr edilmiş 41 elmi iş üzərində araşdırma aparıblar. Müəyyən edilib ki, qidalanma insanın psixi vəziyyətinə təsir edir.
Tərkibində yağ və şəkər olan yarımfabrikatlar təkcə mədədə deyil, eyni zamanda bütün orqanizmdə xroniki iltihablaşma prosesinin yaranmasına səbəb olur. Fastfood siqaret çəkmə, fiziki hərəkətin olmaması, piylənmə və çirkli ətraf mühit qədər təhlükəli hesab edilir.
İltihablaşma öz növbəsində insanın psixiki vəziyyətinə də təsir edə bilir. İltihablaşma molekulları beyinə düşür və insanın əhvalını tənzimləyən neyromediatorların iş prinsipini pozur.
"Bağırsağın kimyası beynin kimyasına bənzəyir. Buna görə də, bağırsağa təsir edən hər şey beyinə də təsir edir" — deyə doktor Kosmo Hollstrom deyib.