Başlıq sizi heç də çaşdırmasın. Mövzu turizmdir. Söhbət isə onun növlərindən gedəcək. Turistin əsas məqsədi əylənmək, istirahət etmək və getdiyi yerdən hansısa informasiya qazanmaqdır.
Üz tutulan məkanlara gəldikdə isə, bu onun öz seçiminə qalıb. Turist nə istəyir, gəzintidən gözlədiyi nədir və sair. Onların qarşılanması, göstərilən xidmət isə sonrakı mərhələnin işidir. İlkin mərhələdə turisti buraya-hansısa bir ölkəyə cəlb edəcək nəsə mütləq olmalıdır.
Məsələn, nümunə üçün elə sevgi şəhəri olan Parisi deyək. İnsanların əksəriyyəti Eyfel qülləsini görmək eşqi ilə buraya üz tutur. Bu isə o deməkdir ki, Eyfel qülləsi Parisin simvoluna çevrilərək, Fransada turizmin inkişafına təkan verir. Deyilənlər bütün ölkələrə aiddir. Hər ölkəni simvolizə edən nələrsə hökmən vardır. Bu isə turistlərin buraya gəlməsi üçün bir səbəbdir... Seçimə gəldikdə isə, bu tamamilə istəkdən və zövqdən asılıdır.
Turist axınına görə, İtaliyanın Roma, Venesiya, Fransanın Paris, Almaniyanın Berlin, Türkiyənin Böyük Adaları, İspaniyanın Madrid, Çexiyanın Praqa şəhərləri, Norveç ilk sıralarda yer alır.
Bildiyimiz kimi İnformasiya Kommunikasiya Texnologiyaları bizim işimizi xeyli asanlaşdırıb. Məsələn, elə götürək bu səyahət məsələlərini. İstirahət üçün harasa getməyi düşünürüksə, ilk işimiz istəyimizə uyğun yer axtarmaq olur. Bir toxunuşla müxtəlif ölkələrdəki gəzməli-görməli yerlər haqqında kifayət qədər məlumat toplayırıq. Lap elə otellərin, təyyarə biletinin qiymətinə qədər. İnformasiyalar səyahət planımızla üst-üstə düşürsə, üstəlik təkliflər də uyğundursa, dayanacağımız həmin ölkə olur. Məsələyə bir az da fərqli obyektivdən baxaq. Bildiyimiz kimi dünyada dini turizm də oluqca inkişaf edib. Dini məbədləri ziyarət edənlərin sayının ildən-ilə artması bunu bir daha təsdiqləyir. Hər il minlərlə insan müqəddəs torpaqlara, ocaqlara, dini ziyarətgahlara gedir. İslamda müqəddəs hesab edilən günlərdə isə Həcc, Məkkə, Kərbəla kimi yerlərdə xüsusi sıxlıq olur. Təbii ki, bu yerlərin dini əhəmiyyəti danılmazdır.
Bütün bu sadaladıqlarımız dünya turizminin bir hissəsidir. Bəs bu gün dünyanın diqqətini artıq cəlb edə bildiyimiz muxtar respublikada hansı imkanlar var?
Turizmin digər növlərini qoyuram bir kənara, lap elə dünya təcrübəsində dini turizmi muxtar respublika ilə qarşılaşdırmağın lazım gəldiyini düşünürəm. Mənbələrə nəzər salsaq görərik ki, köklü inanclar sisteminə dayanan dini abidələrinə görə, Naxçıvan torpağı da müqəddəsdir. Hamımıza məlum olan Əshabi-Kəhfin adı müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilir. Düzdür, Naxçıvana üz tutanların əksəriyyəti buranı ziyarət etmədən geri qayıtmır. Yerdə qalan dini ziyarətgahlar, pirlər isə turist qəbulunda bura ilə müqayisədə qismən geridə qalır. Çünki bölgələrdə olan dini obyektlərə yerli əhali daha çox üz tutur. Turist məsələsində isə, onun bələdçisinin bura haqqında məlumatından asılıdır. Bələdçi belə yerlərin varlığından xəbərdardırmı, deyilmi və sair.
Məsələ bununla bitirmi? Bitmir. Bəşəriyyətin ikinci atası Nuh Peyğəmbər bu diyarda uzun sürən tüğyan edən daşqından sonra ilk dəfə quruya çıxıb. Nuhun nəsli- insanlıq ikinci dəfə Naxçıvandan dünyaya yayılıb. Məhz buna görə də, Naxçıvanı “Bəşəriyyətin beşiyi” adlandırırlar. Bu faktın özü belə əcnəbi turistin muxtar respublikaya üz tutması üçün kifayət qədər keçərli səbəbdir. Çünki Nuh bütün bəşəriyyətə aid olan bir peyğəmbərdir. Bu istiqamətdə turistlərin cəlb edilməsi üçün bütün vətəndaşlar-gənclər, ziyalılar, tələbələr, bir sözlə, hər kəs tərəfindən təbliğat işləri görülməlidir.
O da faktdır ki, bu gün muxtar respublikada dövlət səviyyəsində görülən bütün işlər əslində turizmin inkişafına istiqamətləndirilib. Tikilən obyektlər, çəkilən yollar, aparılan quruculuq işləri və sair vətəndaşların rahat yaşayışı ilə yanaşı, muxtar respublikada turizmin inkişafı istiqamətinə də yönləndirilib. Əslində, şəhərə üz tutan turistin ölkə büdcəsi ilə yanaşı, vətəndaşa da faydası danılmazdır. O, gəldiyi şəhərdə taksi xidmətindən tutmuş, kiçik bizneslərə qədər xeyir verir.
Tərəqqi, inkişaf təktərəfli olmur. Bütün sahələri əhatə etməlidir. Gələn qonaq dörd bir yanında qüsursuzluğa şahidlik etməlidir. Çünki o, istənilən peşənin sahibi ola bilər. Məsələn, deyək ki, turist öz ölkəsində biznes sahibidir. Amma bura gəzməyə gəlib. Yenə də peşə vərdişindən irəli gələrək burada onun diqqətini çəkəcək öz işgüzar maraqlarına uyğun olan şeylər həmvətənlilərimizlə xaricdə yeni bir biznes layihəsinin yaranmasına gətirib çıxara bilər. Bu isə muxtar respublikanın ölkə hüdudlarından kənarda da tanınmasına daha bir fürsət deməkdir.
Yaxud da jurnalist, tarixçi, incəsənət adamıdır. Naxçıvanda gördüyü yerlər barədə öz ölkəsində kiməsə danışsa, yaxud da götürdüyü qeydləri ümumiləşdirərək mətbuatda məqalə dərc etdirsə, ən azından sosial şəbəkələrdə burada çəkilən şəkilləri paylaşsa, bu bizim tariximizin, mədəniyyət nümunələrimizin, folklorumuzun dünya səviyyəsində təbliği deməkdir. Xarici mətbuatda Naxçıvanla bağlı dərc olunan məqalələrin sayının artması bu baxımdan müsbət nəticə ola bilər. Qısaca, qonaq bu torpaqlardan yaxşı təəssüratlarla ayrılmalıdır. Təkcə buna misal olaraq göstərə bilərik ki, ötən həftə Naxçıvanda baş tutan “Avropa günləri” çərçivəsində muxtar respublikaya səfəri zamanı Avropa İttifaqının nümayəndələri şəhərimiz barədə olduqca yüksək fikirlər deyiblər. Sürətli inkişafın muxtar respublikanın həmin ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığa yol açdığını bildirib, şəhərdəki səliqə-sahmandan, təmiz havadan, tarixiliklə yanaşı müasirliyin vəhdətini özündə əks etdirən abidələrimizdən ağız dolusu danışıblar. Mühüm olan da budur-qonağı qarşılayanda yox, yola salanda sənin haqqında yüksək fikirdə olması, bu torpaqlardan məmnun şəkildə ayrılmasıdır. Nəticədə qısa zaman ərzində Naxçıvan təkcə istirahət etməyi deyil, səyahət etməyi, yeni nəsə öyrənməyi, araşdırmağı düşünən turistlərin ağlına gələcək ilk ünvanlardan biri olacaq.
Dünya insanının tarixin səhifələrindən bura haqqında tapacağı heyrətləndirici məlumatlar var. Gəlib görənlər tərəfindən abad, təmiz, sülh, sevgi dolu bir şəhər kimi qəbul olunan Naxçıvan, heç şübhəsiz ki, bundan sonra da dünyanın 4 bir tərəfindən-Şərqindən-Qərbinə, Şimalından-Cənubuna insanların üz tutmağa layiq olduğu bir məkan olacaq!
Fatma Babayeva