Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Türk Telekom İnternational” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində nazirliyin mühəndisləri mobil operatorun Bursa şəhərində yerləşən telekommunikasiya sahəsində real iş şəraitində təcrübə keçiblər.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təcrübə müddətində “Türk Telekom İnternational” şirkətinin departament direktoru Alper Güzelin koordinasiyası ilə mobil operatorun peşəkar mühəndisləri Servet Özkan və Atakan Avcı tərəfindən rabitəçilərə telekommunikasiya sahəsində istifadə olunan yeni nəsil avadanlıqların iş prinsipi, baza stansiyaları, hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber-optik kabel xətləri vasitəsilə yaradılmış arabağlantı, informasiya daşıyabilən avadanlıqlar, tezlik diapozonları, rominq əlaqələri, səs, data və SMS xidmətləri barədə ətraflı məlumat verilib.
Həmçinin təlimlər zamanı fiber-optik kabellərin qaynaq edilməsi üçün müasir “Fujikura S90” cihazının iş prinsipi, kabellərdə yaranmış nasazlığı aşkar edən, operativ olaraq obyektin yeri və sürəti barədə, eləcə də fiber-optik liflərin siqnalını yoxlayan Optik Şəbəkə İdarəetmə Sistemi (ONMS-Optical Network Management System) cihazı barəsində də məlumatlar verilib. Qeyd edilib ki, həmin cihaz işçi qüvvəsinin məhsuldarlığını artırmaqla yanaşı, uzaq məsafədən fiber-optik şəbəkələrin idarə edilməsini asanlaşdırır. Sistem lifin deqradasiyasını dəqiq müəyyən edir.
Təlim zamanı mühəndislər yeraltı kabellərin tapılması üçün istifadə edilən radar cihazının iş prinsipi ilə yaxından tanış olub, internet üzərindən xəritədə yerləşən bölgələrdəki kabellərin yerini təyin edən proqramın iş prosesini də izləyiblər.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Buta Global Enerji” şirkəti arasında mövcud olan əməkdaşlıq çərçivəsində nazirliyin mühəndislərinə dünyanın aparıcı şirkətlərindən olan “Prysmian Group”un Türkiyə Respublikasının Bursa şəhərində yerləşən Mudanya fabrikində təlim keçirilib.
Bu cür təlimlər rabitəçi-mühəndislərin ixtisaslı kadr kimi formalaşmalarına və bu sahədə biliklərinin artırılmasına geniş şərait yaradacaqdır.