Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən Şahbuzda 21 qadının iştirakı ilə təlim keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə çıxış edənlər muxtar respublikada evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində işlərin və sosial layihələrin həyata keçirildiyini bildiriblər. Bu gün həyata keçirilən dekorativ tətbiqi sənət təliminin də görülən işlərin davamı olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.
Təlimçi Səkinə Qarayeva əyani vəsaitlərdən istifadə etməklə qadınlara dekorativ tətbiqi sənətin sirlərini öyrədib. Sənətkarlıq sahəsi ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda müvafiq kateqoriyadan olan qadınların təlim müddətində hazırladıqları əl işlərinə baxış keçirilib.
Şahbuz rayonunda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında keçirilən təlimdə 9 sağlamlıq imkanları məhdud və 9 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü qadın və Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 3 dərnək rəhbəri olmaqla, cəmi 21 qadın iştirak edib. Hazırlanan əl işlərinin satışından əldə edilən gəlirlər evdar qadınların sosial rifah halının yüksəldilməsinə yönəldilir.
Şəfa Səfərova