Alimlər yeni araşdırma zamanı alkoqol istehlakı ilə telomerlərin qısalması arasında güclü əlaqə aşkar ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi “Hi-Tech”ə istinadla xəbər verir ki, alimlər Britaniya biobankının 245 mindən çox iştirakçısında telomerlərin uzunluğunu araşdırıblar. Müəyyən edilib ki, alkoqol qocalmanı sürətləndirir və Altsheymer xəstəliyi kimi yaşla əlaqəli ciddi xəstəliklərə səbəb olur.
Əvvəlki araşdırmalar göstərib ki, alkoqol 40 yaşdan aşağı insanlar üçün xüsusilə zərərlidir və yeniyetmələrdə və gənclərdə inkişaf etməkdə olan beynin böyümə tempini ləngidə bilər.
Lakin bütün bu tədqiqatlar spirtin həqiqətən bu təsirlərə görə məsuliyyət daşıdığını və ya sosial-iqtisadi status kimi müvafiq amillərin günahkar olub-olmadığını göstərməyib. Yeni genetik analiz problemi həll edir.
“Oxford Population Health” tədqiqatçıları yeni genetik analizin nəticələrini təqdim ediblər. Qurumun pres-relizində deyilir ki, onlar alkoqolun telomerlərdəki DNT-ni zədələməklə qocalmanı birbaşa sürətləndirdiyini ehtimal edirlər.
“Bu nəticələr alkoqolun, xüsusilə də həddindən artıq miqdarlarda, telomerlərin uzunluğuna birbaşa təsir etdiyi ehtimalı təsdiq edir. Qısaldılmış telomerləri Altsheymer xəstəliyi kimi bir sıra ağır yaşa bağlı xəstəliklər üçün risk faktoru qismində təklif ediblər. Bizim nəticələrimiz həkimlər və xəstələr üçün faydalı olacaq. Bundan başqa, alkoqolun dozası vacibdir - hətta alkoqolun qəbulunun azalması belə faydalı ola bilər", - deyə tədqiqatın rəhbəri, “Oxford Population Health”dən olan doktor Anya Topivala qeyd edib.
Bundan əvvəl alimlər telomerlərin qısaldılması və telomeraza aktivliyinin, məsələn, xərçəng və ürək-damar xəstəliklərinin inkişafı, eləcə də immunitetin azalması ilə əlaqəli olduğunu müəyyən etmişdilər. Hesab edilir ki, insanın bioloji yaşını onun telomerlərinin uzunluğu ilə müəyyən etmək olar.