Naxçıvanda keçirilən “Avropa Günləri” Asiya və Yaxın Şərq mediasında - FOTOLAR
Naxçıvanın ölkənin Gənclər Paytaxtı seçilməsi münasibətilə muxtar respublikada keçirilən “Avropa Günləri” ilə bağlı tədbirlər dünya mediasında da müxtəlif dillərdə yayımlanıb. NUHÇIXAN xəbər verir ki, Məşhur Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) Naxçıvanda keçirilən və tədbir ərəfəsində olan məqamları müntəzəm olaraq ingilis dilli izləyicilərinə çatdırıb. Qeyd edilib ki, tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropalı diplomatlarla rəsmi görüşündə muxtar respublikanın sürətli iqtisadi inkişafını, bu cür geniş tədbirlərə həmişə ev sahibliyi etməyə hazır olduğunu diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri KestutisYanukauskas isə bu tədbirin yüksək səviyyədə təşkili üçün Ali Məclis Sədrinə minnətdarlığını bildirib. Məlumatda həmçinin, Avropa İttifaqı ilə Naxçıvan Muxtar Respublikası arasında təhsil və iqtisadi sahədəki əməkdaşlığa yer ayrılıb. Bundan başqa “Naxçıvanqala” Tarixi Memarlıq Muzey-Kompleksində “Avropa Şəhərciyi”nin açılışı, tədbirin geniş miqyası, sərgilər və göstərilən şou- konsert proqramlarından bəhs olunub.
Şimali Afrika və Yaxın Şərq üzrə maliyyə şəbəkəsinin tanınmış saytı olan menafn.com da Naxçıvanda keçirilən “Avropa Günləri” ilə bağlı öz səhifəsində xəbər yerləşdirib. Burada başlıq kimi Belçika Krallığının ölkəmizdəki səfiri Bert Skufsun “Naxçıvan alternativ enerji mənbələrinə görə Avropa ölkələrinə nümunə ola bilər” fikri verilib. Qeyd olunub ki, Naxçıvanın alternativ enerji potensialı haqda səslənən bu faktlar dünyanın bu istiqamətdə iş aparan şirkətlərinin marağına səbəb ola bilər. Yazıda həmçinin Finlandiya şirkətinin də Naxçıvanda bu istiqamətdə işlər apardığı qeyd edilib.