NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dövlət Sığorta Xidməti tərəfindən təbii fəlakətlərin baş verməsi nəticəsində zərər görən sığortalı şəxslərin əmlakına dəyən ziyan qarşılanıb, onların əmlakları təmir olunaraq təhvil verilib.
Bu il mayın 20-də baş vermiş güclü külək Naxçıvan şəhərində, Kəngərli və Şərur rayonlarının bir sıra kəndlərində ciddi fəsadlar törətmişdi. Belə ki, Naxçıvan şəhəri, Şərur rayonunun Məmmədsabir, Dizə, Çomaxtur, Çərçiboğan, Püsyan, Kərimbəyli, Kürçülü, Düdəngə, Mahmudkənd, Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Şahtaxtı, Böyükdüz, Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərində və Sədərək rayonunda 61 sığortalı vətəndaşın əmlaklarına zərər dəyib. Bu əmlakların 53-ü yaşayış evi, 7-si əlavə tikili, 1-i isə ev əmlakıdır. Bu zərərlərin hamısı sığorta ödənişi ilə aradan qaldırılıb, yaşayış evləri təmir olunub və əvvəlkindən daha yaxşı vəziyyətə gətirilərək vətəndaşlara təhvil edilib.
Həmçinin iyunun 6-da baş vermiş qasırğa nəticəsində 156 sığortalı vətəndaşın yaşayış evinə, 4 kənd təsərrüfatı təyinatlı tikiliyə zərər dəyib. Ordubad rayonunun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Gənzə, Anabat, Dizə, Parağa, Çənnəb, Kotam, Aşağı Əylis kəndləri və Ordubad şəhərində 155, Culfa rayonunun Gülüstan, Dizə kəndlərində və Culfa şəhərində 5, Babək rayonunda 1, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 3 nəfər olmaqla ümumilikdə 164 nəfər maddi ziyan görmüşdü. Sözügedən təbii fəlakətdən zərər çəkən sığortalı vətəndaşlara sığorta ödənişləri olunub. Zərərçəkənlərin daşınmaz əmlakları bərpa edilib və sakinlərə təhvil verilib. Bu hadisələrlə bağlı sığorta ödənişləri davam etdirilir.
Diqqətə çatdıraq ki, daşınmaz əmlakın icbari sığortası üzrə yaşayış evlərinin sığorta məbləği Naxçıvan şəhərində 20 min, rayon və kəndlərdə 15 min manatdır. Sığorta haqqı isə Naxçıvan şəhərində 40 manat, rayon və kəndlərdə isə 30 manat olaraq müəyyənləşdirilib. Bu isə evlərin tam təmir olunmasına şərait yaradır.
Gözlənilməz təbii fəlakətlər zamanı vətəndaşların əmlakına dəyə biləcək zərərlərin əvəzinin ödənilməsi məqsədilə sığortaya yararlı əmlakların əvvəlcədən sığortalanması qanunla tələb olunur. Qanuna əsasən sökülməsi barədə qərar qəbul edilən, tikintisi başa çatmayan qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Qanunla müəyyən edilmiş digər bütün hallarda daşınmaz əmlakın sığortası mümkündür.
Qeyd edək ki, son illər vətəndaşların sığortaya marağı xeyli artıb. Təkcə cari ilin birinci yarımilində daşınmaz əmlakın icbari sığortasından 297, Heyvandarlıq sığortasından 116, Ev əmlakı sığortasından 45, Fərdi qəza sığortasından 42, Əlavə tikililərin sığortasından 11, Avtomobil nəqliyyat vasitələrinin tam sığortasından 26, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasından 6, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasından isə 3 nəfər olmaqla ümumilikdə 546 nəfərə sığorta ödənişi verilib.
Şəfa Səfərova