Gecə, mahnılar və yol triadası

A- A A+

Rənglər və zövqlər mübahisə edilməz deyə bir fikir eşitmişdim. "Hər insanın fərqli xarakteri olduğu kimi, fərqli də zövqləri var" arqumentini daha əsaslandırılmış şəkildə və ya da konkret, mübahisəsiz ifadə etmək üçün olduqca məntiqli fikir kimi gəldi mənə. Hər kəsin özünəməxsus zövqü, həvəsləri, arzuları var. Və birinin zövqü, hobbisi başqa biri ilə müzakirə və ya mübahisə mövzusu olmamalıdır, ola bilməz. Amma bəzi zövqlər var ki, onlar çox insanlar üçün ortaqdır, sevgidir, arzuolunandır. Gecə-yol-mahnılar triadası kimi. Və əgər o yolda sənin yanında əyləşən sənin üçün əzizdirsə, bəzən bir kəlimə belə danışmağa ehtiyac duymursan... Sakitlik içindəki düşüncələr, arzular və xəyallar sizə sözsüz də anlaşmağa kifayət edir.

Qaranlıq yolu aydınladan işıqlar və gecənin sakitliyini pozan mahnının səsi... FM dalğasından yayılan növbəti musiqi gecə ilə tam həmahənglik yaradaraq sanki bütün keçmişi xatirələrimdə canlandırır. Məmmədbağır Bağırzadənin səsi qulaqlarımda cingildəyir:  

Görüşünə gəlmişəm,

Sən ey gözü bənövşə.

Gözü nəmli dayanma.

Belə qəmli dayanma.

- sözləri əks-səda kimi ruhumun dərinliklərinə qədər enir. Bu mahnı, mənə elə gəlir ki, həmin gün, o an, o gecə üçün yazılıb və yanımda oturan dostumu ifadə edir mənə. Bir də soyuq məzar daşında, üzünə qonmuş əbədi təbəssümü ilə digər bir dostumu. Bu mahnı gecənin sakit və bir qədər də hüzünlü damarını tutaraq qaranlığın görünməzliyinə daha çox çəkib aparır insanı. Zülmət gecədə isə hər şey daha qəmli görünür və kədərli şəkildə, bəlkə də Günəşdən uzaqda bir az da boynubükük dururmuş kimi bir ovqat yaradır.

Ara-sıra qarşılaşdığımız avtomobillərin işığı ilə çarpışan nəzərlərim qaranlıq yolda olsa da, xəyal və düşüncələrim xeyli uzaqdadır. Eyni göyün altında yaşadığımız insanları nə qədər tanıyırıq? Çətin sualdır. Bəzən yanımızda olan insanı belə "tanıyıram" deməkdə çətinlik çəkirik. Çünki hər insan bir hekayə, hər insan bitməyən bir mübarizədir. Və bu qaranlıq yolda məni daha neçə xatirəni canlandırmağa, xatırlamağa məcbur edən mahnıların müşayiəti ilə düşünürəm. Deyirlər, hər kəs özünü yazır. Amma gərək başqaları da o yazılanlarda özünü tapsın. Məni fikirlərdən yanımda oturan dostumun mənə tərəf əyilib pıçıldadığı sözlər ayırır: Məni hamıdan axırıncı evə apararsan... Sonra isə dinlədiyimiz mahnının növbəti misralarını öz-özümə təkrar edirəm:

Ürək sözlə doludur,

Belə qəmli dayanma...

Mahnıların qanadında və gecənin qaranlığında fikir köhləni beynimdə yenidən cövlana gəlir. Fikirdən duyğuya, xəyaldan gerçəkliyə qədər rəngarəng bir meydanda cıdıra çıxıb sanki. Deyirlər, xoşbəxt adamlar gecə yata bilmir. Əgər gecələri yuxusuz olmaq xoşbəxtliyə dəlalət edirsə, bəs onda radiostansiyadan yayılan növbəti mahnı niyə məni bunun tam əksini düşünməyə vadar edir? Bu dəfə gecənin qaranlıq, lal sükutunu Yaqub Zurufçunun səsi pozur:

Fikrindən gecələr yata bilmirəm,

Bu fikri başımdan ata bilmirəm.

  Neyləyim ki, sənə çata bilmirəm...

O zaman əvvəlki fikirlə təzad yaradır bu mahnı. "Fikrindən gecələr yata bilmirəm" nə deməkdir bəs? Mahnının adı da "Ayrılıq"dır axı. Bu xoşbəxtliyin fikridir, yoxsa narahatlıq və gərginliyin? Bu gecədə yol və mahnılar sanki mənim fikirlərimi sınamaq üçün seçilib, deyə ağlımdan keçirirəm.

Uzundur hicrindən qara gecələr,

Bilmirəm mən gedim hara gecələr.

Vurubdur qəlbimə yara, gecələr...

Dostumla birlikdə mahnını zümzümə edə-edə, bir az da həmin andakı aura ilə müqayisə edib dərk etməyə çalışaraq yolumuzu tanış bir istiqamətə tərəf çevirirəm. Günün müxtəlif saatlarında burda olsam da, gecənin qaranlığı buranı daha ehtişamlı, diqqətçəkən və sakit söhbətlər üçün əlverişli edir. Uzunoba gölünün sahilində suyun ləpədöyənə dəyib yaratdığı ahəngdar səs gecənin söhbətinə musiqilər qədər zövq qatır. Aradabir balıqların sudan bezikmiş kimi səmaya can atması sanki ləpələrin üstündə bərq vuran Aya, ya da ulduzlara çatmaq istəyirmişlər təsəvvürü yaradır.

Yaxınlıqdakı magistralda şütüyərək gecənin qaranlığı içində görünməz olan avtomobillərin işıq seli və qarşıdakı kəndlərin sayrışan işıqları gecənin mənzərəsinə başqa bir rəng qatır. Bədirlənmiş Ayın işıqları altında uzaq üfüqdə qaranlıq səma ilə dağların mənzərəsi yerlə göyün qovuşmasını xəyalımda canlandırır. Nəhəcir dağı. Əshabi-Kəhf dağı və Haçadağ yenə də üç qardaş kimi üfüqdən boylanır. Amma burdan, oturduğumuz yerdən onların mənzərəsi gözümüzün alışdığından daha fərqli görünür. Çünki rakurs - baxış bucağı dəyişib. Lakin dağlar öz möhtəşəmliyindən heç bir şey itirməyib.

Şəhərin işıqları bütün möhtəşəmliyi ilə mirvari dənələri kimi bərq vurur. Sanki nağıllarda eşitdiyimiz şahın qiymətli, min bir ləl-cəvahiratla bəzədilmiş, zümrüd və yaqutlarla nəqşləndirilmiş tacıdır. Bu tac bütün zənginliyi və gözəlliyi ilə uzaqdan insanı cəlb edib özünə valeh edir. Və daha neçə təsvirəgəlməz, sözün açıqlamaqda aciz qaldığı möhtəşəm gecə mənzərəsinin müşayiətilə dostumla söhbətimiz davam edir:

Könlüm, bulud deyilsən,

Sınıq ümid deyilsən.

Sən ki sükut deyilsən,

Belə qəmli dayanma...

Ötən illər bir şeyi öyrədib mənə: nə zamanı vardır darıxmağın, nə də məkanı. İnsanoğlunu anlamaq, dərk etmək çətindir. Bəzən elə yanında oturan adam üçün də darıxarsan... Birdən ən gərəksiz zamanda düşər yadına birisi, elə darıxarsan, elə darıxarsan ki, darıxdığın adama özünün belə paxıllığın tutar, “görəsən mənimçün də bu cür darıxan varmı?” deyə. Bir andaca ətrafındakı hər şey yox olar gözündə, başlayarsan darıxmağına çarə gəzməyə. Darıxmağın ən gözəl dərmanı daha çox darıxmaqdır...

Bunun üçün də mahnılar çatar köməyinə. Ya da elə bircə mahnı səbəb olar darıxmağına. Ən gərəksiz zamanda, fikirlərinin ən qarışıq anında bir musiqi alar başının üstünü. Başlayar yaddaşını döyəcləməyə, unutmağa çalışdığın, ya da artıq unutdum dediyin bütün xatirələri süfrə kimi açar tökər qarşına. Qalarsan baxa-baxa... Məsələn, elə mənim tərəddüd və təzadlar yaşadığım, çox darıxdığım həmin o anda, o qaranlıq yolda avtomobilin radiosundan ətrafa yaylan “Nazəndə sevgilim” mahnısı kimi.

Sənsiz dağ döşünə çıxdım bu səhər,
Ötdü qumru kimi gur şəlalələr.
De, niyə yalqızsan, sordu lalələr,
Qövr etdi nisgilim, yadıma düşdün.

Rəşid Behbudovun bənzərsiz ifasında bu mahnı bir başqa təsirə malikdir. Onun səsi mahnını sanki oxumur, ürəyə, yaddaşa həkk edir. O səsin izinə düşüb ot basmış, unudulmuş, insan ayağı dəyməyən yollarla gedirsən ta xatirələrindən qaçdığın yerə, həm də özün öz “ayağınla”...

Oxucu məni yanlış anlamasın. “Nazəndə sevgilim” mahnısı yalnız sevgilisindən ayrı düşən, həsrət çəkən aşiqlərin deyil, incə duyumlu hər kəsin mahnısıdır. Kimdir sevgili? Sevgili vətənindən ayrı düşən insan üçün vətəndir, anasından ötrü darıxan bala üçün anadır, bir qəribə bəxş olunan xəfif təbəssümdəki doğmalıqdır. Ya da elə mənim üçün illərdir gözlədiyim, amma heç vaxt görüşə bilməyəcəyim dostdur. Yaxud elə indi yanımda oturub mənimlə danışan dost. Sevgili ən gözəl darıxdıran, həm də həsrətini ən gözəl ovudandır...

Gözlərim yoldadır, qulağım səsdə,

Səni unutmaram, mən son nəfəsdə...

İslam Səfərli “Nazəndə sevgilim, yadıma düşdün” şeirini bəlkə də saçlarına dəyən bahar küləyindən, gur şəlalələrdən, lalələrdən ilhamlanaraq yazıb. Dəyişməyən isə bir gerçəklikdir ki, İslam Səfərlinin duyğu yüklü sözləri Rəşid Behbudovun ecazkar səs və avazında insanı kövrəldir, duyğulandırır, sanki həmin şeir məhz elə sənin üçün yazılıb...

Gecə-yol-mahnılar triadası və yanında söhbətindən olduğu qədər, sükutundan da zövq aldığın insan olanda fikirlərin də sonsuz ümman kimi olur. O sahilsiz dənizdə avar çəkən bir yolçu olanda isə düşüncələrində yalnız sahili tapmaq arzusu yox, həm də keçmişi, gələcəyi və daha bir çox ağlagəlməz şeyləri düşünməli olursan. Elə o məqamda, yaxşı mənada, o sonu görünməyən gecədə hardansa eşitdiyim bir fikri xatırlayıram.

Eşitmişdim ki, məzarlıqdan qorxanlar sevdiklərini orda dəfn etməyənlərdir. Həmin gecənin qaranlığında sənin məzarına gələndə anladım bunun nə qədər doğru olduğunu. Çünki doğma birini ziyarət etməyə gəlmişdim və zərrə qədər də qorxu hiss etməmişdim. Ənənəvi qaydada üzündə donmuş əbədi təbəssümün Ayın işıqlandırdığı qaranlıq gecədə yenə mənə baxırdı. Və bu gün radio sanki mənim fikirlərimi tamamlayacaq, düşüncələrimi bütövləşdirəcək və mənə yeni qapılar, yollar açacaq mahnıları səsləndirməyə söz veribmiş kimi növbəti klassik nümunəni səsləndirir. Bu dəfə Yalçın Rzazadə oxuyur:

Bir vaxt sən oldun ömrümün axarı,

Şimşəyi-çaxarı, buludu-tufanı, hey.

Bir vaxt sən oldun könlümün gümanı,

Mizrabı-kamanı, fəryadı-amanı, hey.

Ruhum cismimə sığmır sanki, hara getsəm, hardan getsəm, hardan keçsəm. Ya da ki elə bu düşüncələrdən, duyğulardan necə qurtulsam? Amma dostumun söhbəti ilə mənim düşüncələrim daha da dərinləşir. Və düşünürəm ki, bunların hamısı xatirələrdir. Mən onlardan qaça bilmərəm. Onlar hər şeyin son tapacağı günə qədər mənimlədir. Əslində qaçmaq istəməyim, bəlkə də, bir az da duyğulardan azad olmağa can atmağımla bağlıdır. Amma sonradan düşünürəm ki, axı xatirələr hər dəfə insanı keçmişə, bəzən xoş, bəzən kədərli günlərə qaytara bilir. Bizə yaşadığımızı, hansısa zaman kəsimini geridə qoyduğumuzu xatırladır hər dəfə. Bunun özü də bir həyatdır.

Çiçək açsın üzündə,

Günəş gülsün gözündə.

Bir sevinc tap özündə,

Belə qəmli dayanma...

Və bir də o gecədə insana psixoloq terapiyasından, hər hansı ağrıkəsicidən daha güclü təsir edən bir amil var: sənin üçün əziz olan insanla qaranlıq bir yol kənarında səkinin üstündə, bir parkdakı skamyada oturub dərdləşmək. Elə həmin anda mənimlə dostumun etdiyi kimi. Bu hissi yaşamayan yoxdur bəlkə də. Sevinclərini, sevgilərini, incikliklərini, xəyal qırıqlıqlarını, arzularını, ən məhrəm hisslərini və daha nələri-nələri danışmaq, müzakirə etmək, hiss etmək və kəşf etmək.

Əsən xəfif külək sanki gecəni də öz axarına salıb sübhə doğru aparır, söhbət isə davam edir. Dostum bu dəfə mobil telefonundan sevdiyi mahnını səsləndirib başını aşağı salır və sükuta qərq olur. Öz dünyasına və aləminə dalır. Mən isə səssizcə yanında oturub onu müşahidə edirəm. Bu sükutun arxasınca gələcək növbəti mövzunu təxmin etmək mənim üçün o qədər də çətin deyil. Qurduğu xəyallarından danışır. Və daha neçə etiraf... Onu səssizliyə qərq edən mahnının sözləri isə gecənin aurası ilə qovuşaraq yeni söhbət qapılarını və deyilməmiş daha neçə arzunu, xəyalı, sevgini ard-arda açır:

Səni mən sevirəm dünya qədəri,

Verərəm canımı səndən ötəri.

Üzümün gülüşü sənlə yaranar,

Sənin eşqin ilə bəxtim oyanar...

Ayın qaranlıq üzü kimi bəzən illərdir tanıdığın insanı da yenidən kəşf etməli olursan və ya kəşf edirsən. Görmədiyin, bələd olmadığın, bəlkə də, bu qədər həssas olduğunu bilmədiyin bir tərəfini öyrənmiş olursan. Gecə və hüzn - bu iki məfhum nə qədər də güclü imiş. Tanıdığın və ya tanıdığını sandığın insanların ən gizli cizgilərini ortaya çıxaracaq qədər güclü imiş.

Çay içiləcək insan başqa, qəhvə içiləcək insan başqa, yola çıxılacaq insan başqa, dərdləşiləcək insan başqadır, deyiblər. Hər insanla hər şey edilməz. Amma bunların hamısını bir insanla edə bilmək isə möhtəşəmdir. Və düşündüm ki, ona deməliyəm: mənim bütün gələcək planlarımda sən də varsan. Ola bilər, baş qəhrəman deyilsən, amma o planların heç biri də sənsiz deyil:

Ölüm varmış, qorxu varmış,

Bu dünyanın sonu varmış.

Bizim üçün yoxdur tasa,

Qəlbimdə sən yaşadıqca...

Bəzən insan danışmaq istər, bəzən susmaq istər. Bəzən danışsa da, anlamazlar, bəzən susmasından belə anlayanlar olar. Bizim də söhbətimiz belə oldu. Danışdıq, susduq, amma anladıq. Və mən bildiyim bir şeyi yenidən yəqin etdim və əmin oldum; sevdiyiniz insanlarla daha çox vaxt keçirin və söhbət edin. Çünki insan dilinin altındadır

Gecə, mahnılar və yol triadası isə həmişə sizə kömək edəcək. Qaranlıq bir yol, sakit və özünüzü rahat hiss edə bildiyiniz hər hansı bir yer. Əsas odur ki, yanınızda sevdikləriniz olsun.

Bir vaxtlar sən oldun şeirimin ahəngi,

Dünyamın qəşəngi, arzumun çələngi, hey

Bir vaxt sən oldun fikrimin surəti,

  Qəlbimin niyyəti, əqlimin hikməti, hey...

 

Məmməd  Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: