Səud Əbdüləziz əl-Rumi: Küveytlə Naxçıvan Muxtar Respublikası arasında iqtisadiyyat və turizm sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur
Qədim diyara səfərimdən sonra bir daha əmin oldum ki, Küveytlə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında iqtisadiyyat və turizm sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi deyib.
Naxçıvandakı istehsal sahələri ilə tanışlığın onda dərin təəssürat yaratdığını, muxtar respublikanın ixrac imkanları barədə aydın təsəvvür formalaşdırdığını diqqətə çatdıran səfir deyib: “Səfər zamanı “Gəmiqaya Mebel Fabriki”ndə və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”ndə oldum. Bu müəssisələrdə yüksəkkeyfiyyətli məhsullar istehsal edilir. Naxçıvan Dövlət Xalça Muzeyinə də baş çəkdim. Orada çox gözəl qədim xalçalar nümayiş etdirilir. Muxtar respublikada qədim xalçaçılıq ənənələri yaşadılır. Naxçıvan şəhərində xalça istehsalı emalatxanası tikilir. Ümid edirəm ki, gələcəkdə bu qədim diyarda xalça istehsalı daha da artacaq. Bizim ölkəmizdə xalçaya böyük tələbat var. İnanıram ki, biz Naxçıvandan xalça idxal edə biləcəyik”.
“Naxçıvana səfərim zamanı bu qədim diyarın tarixi və mədəniyyəti ilə yaxından tanış oldum. Buradakı muzeylərlə, Əshabi-Kəhf ziyarətgahı ilə, həmçinin İslam mədəniyyətinə aid abidələrlə tanışlığım zamanı Naxçıvanın, həqiqətən də qədim bir tarixə malik olduğuna şahidlik etdim. Əshabi-Kəhf ziyarətgahında yaradılan şərait xüsusilə diqqətimi cəlb etdi”, - deyən səfir vurğulayıb ki, bütün bunlar Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin heç də təsadüfi olmadığını deməyə əsas verir.