Quduzluq insan və heyvanlar üçün ciddi təhlükə törədən virus mənşəli xəstəlikdir. Xəstəlik törədiciləri ətyeyən vəhşi heyvanlardır. Bu heyvanlar sahibsiz itlər və digər heyvanlarla təmasda olduqlarından quduzluq xəstəliyinin yayılmasının qarşısının tam alınması mümkün olmayıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) NUHÇIXAN-a məlumatında bildirilib.
Qeyd olunub ki, müxtəlif məqsədyönlü tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bu xəstəliyə nadir hallarda olsa da, respublikamızda insanlar və heyvanlar arasında rast gəlmək mümkündür.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər ilin sentyabr ayının 28-ni dünyada quduzluqla mübarizə günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub.
OIE-nin məlumatına əsasən, hər il dünyada 60000 insan quduzluqdan dünyasını dəyişir. İnsanların 95 faizi bu xəstəliyə sahibsiz və quduzluğa qarşı peyvənd olunmamış itlər tərəfindən yoluxur. Afrika və Asiya dövlətləri quduzluğa görə ən yüksək riskə malik olan ərazilərdir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, təşkilatın dəstəyi ilə vahid strategiya hazırlanaraq həyata keçirilməyə başlanıb.
Quduzluq xəstəliyi ilə mübarizə məqsədilə ölkəmizdə itlər arasında peyvəndləmə aparılır. Eləcə də, vəhşi heyvanlar arasında quduzluq müşahidə edildikdə, təcili olaraq baytarlıq işçilərinə məlumat verilir və diaqnostik nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun milli və regional istinad laboratoriyalarına göndərilir.
Eyni zamanda, bu sahədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində IDEA İctimai Birliyinin “IDEA Heyvanlara Qayğı Mərkəzi” (IACC) fəaliyyət göstərir. Mərkəz əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqi istiqamətində fəaliyyət göstərir.
Quduzluq xəstəliyindən qorunmaq və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşəbbüsünə töhfə verməklə xəstəliyin kökünün kəsilməsi məqsədilə it, pişik və digər ətyeyən heyvanların sahibsiz və nəzarətsiz saxlanılmasına yol verməmək, onların qeydiyyatdan keçirilərək baytarlıq mütəxəssisləri tərəfindən zəruri profilaktik tədbirlərə cəlb edilməsi tövsiyə olunur.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.