Daxili İşlər Nazirliyinin “Veteranlar Şurası”nın yeni tərkibi seçildi - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Daxili İşlər Nazirliyi Veteranlar Şurasının ümumi yığıncağı keçirilib. Yığıncaqda nazirliyin aparatının aid xidmətləri, şəhər və rayon polis idarələrinin rəisləri və polis veteranları iştirak ediblər.
Yığıncağı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb.
“Naxçıvan Muxtar Respublikası Daxili İşlər orqanlarının polis veteranları ilə aparılan işinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda Daxili İşlər Nazirliyi katibliyinin rəisi, polis-polkovniki Yusif Həsənov çıxış edib.
Yığıncaqda istefada olan polis zabitləri çıxış edərək daxili işlər orqanlarının veteranlar şurasının yenidən təşkilatlanması münasibətilə veteranları təbrik ediblər.
Daha sonra veteranlar şurasının tərkibinin və sədrinin seçilməsi məqsədilə keçirilən səsvermədə 7 nəfərdən ibarət veteranlar şurasının üzvləri seçilib.
Şura üzvlərinin və polis veteranlarının səs çoxluğu ilə Daxili İşlər Nazirliyi katibliyinin rəisi, polis polkovniki Yusif Həsənov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının sədri seçilib.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov veteranlar şurasının yeni seçilmiş üzvlərini təbrik edib onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri, general-leytenant Fazil Ələkbərov vurğulayıb ki, hazırda muxtar respublikada yaşayan 5 min 696 nəfər veteran hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Onların sosial vəziyyətlərinin gücləndirilməsi və sağlamlıqlarının qorunması daim diqqətdə saxlanılır. Daxili İşlər naziri qeyd edib ki, uzun müddət ərzində daxili işlər orqanlarında həyata keçirilən qeyri-peşəkar idarəetmə nəticəsində ictimai asayişin qorunması, baş verən hüquq pozuntularının və cinayət hadisələrinin araşdırılması prosesində xüsusi əhəmiyyət kəsb edən polis-vətəndaş həmrəyliyinə ciddi yanaşılmayıb, veteranlarla qarşılıqlı fəaliyyət minimum səviyyəyə enib.
İctimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, gənc əməkdaşların vətənpərvər ruhda formalaşmasında, gənclərin zərərli vərdişlərə, radikal dini cərəyanlara qoşulmasının qarşısının alınmasında böyük rolu olan polis veteranları ilə iş tamamilə unudulmuşdu. Lakin ötən ildən etibarən veteranlarla qarşılıqlı fəaliyyətin aktiv mərhələyə keçirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.
Fazil Ələkbərov onu da bildirib ki, Daxili İşlər Nazirliyində Veteranlar Şurasının fəaliyyətini tənzimləmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri nəzərə alınaraq 2018-ci ilin 12 sentyabr tarixində veteranlar şurasının əsasnaməsi təsdiq edilərək icraya yönəldilib. Vurğulanıb ki, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının imkanlarından törədilmiş cinayətlərin açılmasında, münaqişəli ailələrin və qonşuların mübahisələrinin həllində, daxili işlər orqanlarında gənc əməkdaşlarla hamilik işinin təşkilində istifadə ediləcəkdir.
Daxili İşlər naziri yenidən təşkilatlanan veteranlar şurasının fəaliyyətinə uğurlar arzu edib, şuranın bundan sonra daha aktiv şəkildə fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
Vüsal Muradov