Naxçıvanda mətbuat xidmətlərinin fəaliyyətinin təşkili ilə bağlı tədbir keçirilib

A- A A+

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Təhminə Babayeva muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti barədə çıxış edərək deyib ki, ötən dövrdə mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə ümumilikdə 913 materialı dərc olunmuş, teleradiolarda 809 veriliş və xəbər sujeti hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən bütün mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarında mətbuat xidməti bölməsi yaradılıb. Yaradılan mətbuat xidmətləri bölmələrində təşkilatların fəaliyyəti ilə bağlı 759 xəbər, hesabat və digər materiallar yerləşdirilib. Lakin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin internet saytlarında “Mətbuat xidməti” bölməsi yaradılsa da aktiv fəaliyyət göstərmir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytlarında təşkilatların fəaliyyəti ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafını, tarixi-mədəni irsini və turizm potensialını əks etdirən fotoşəkillər və videolar da yerləşdirilərək fəal təbliğat işi aparılır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə, Mədəniyyət, İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətləri səmərəli və aktiv fəaliyyətləri ilə nümunə göstərilə bilərlər. Adıçəkilən qurumların mətbuat xidmətləri tərəfindən “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, eləcə də televiziyalara və radiolara təqdim edilən materiallar ümumilikdə mətbuat xidmətləri tərəfindən verilən materialların 60 faizindən çoxunu təşkil edir. Aparılan təhlillər nəticəsində məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətləri hələ də işini günün tələbləri səviyyəsində qura bilmirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Ümid Qurbanov  çıxış edərək deyib ki, ötən dövrdə verilən tapşırıqlara uyğun olaraq komissiya tərəfindən mətbuat xidmətləri əməkdaşlarının ödənişsiz attestasiyası və vakant mətbuat xidməti yerlərinə müsabiqə keçirilib. Attestasiyanın test-imtahan mərhələsində 16 mətbuat xidməti əməkdaşı iştirak edib, onlardan 11-i esse mərhələsində iştirak etmək hüququ qazanıb və bu mərhələni keçibdir. 8 vakant mətbuat xidməti yerinin tutulması üçün keçirilən müsabiqənin test-imtahan mərhələsində 20 namizəd iştirak edib və onlardan 5-i müvafiq keçid balını toplayıbdır. Həmin namizədlərdən 4-ü esse mərhələsində də uğur qazanaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində, İnsan Hüquqları üzrə Müvəkkil Aparatında (Ombudsman) və Dövlət Energetika Xidmətində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə təyin olunublar. 

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov tədbirdə çıxış ediblər. Qeyd olunub ki,  muxtar respublikada fəaliyyət göstərən teleradio və qəzetlərdə əməkdaşlıq üçün lazımi şərait yaradılıb. Ötən 4 ayda mərkəzi icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya-məlumatlandırma işinin təşkili təhlil olunaraq monitorinqi aparılib, mətbuat xidmətləri tərəfindən təqdim edilən materialların keyfiyyəti diqqətdə saxlanıbdır.  Çıxış edənlər yol verilən nöqsanları diqqətə çatdırıb və səmərəli əməkdaşlıq imkanları barədə təkliflər veriblər. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki,   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən mətbuat xidmətlərinin fəaliyyətinin təşkili sahəsində ardıcıl tədbirlər görülür.  Məsələ ilə bağlı bu ilin may ayında müşavirə keçirilmiş və mətbuat xidmətlərinin fəaliyyətinin təşkili ilə əlaqədar yeni istiqamətlər müəyyənləşdirilmişdir. Müşavirədən ötən dövrdə tapşırıqların icrası diqqətdə saxlanılıb və aidiyyətı üzrə tədbirlər görülüb. Lakin hələ də bir sıra mətbuat xidmətləri işini günün tələbləri səviyyəsində qura bilmir, nöqsanlara yol verilir, informasiya siyasəti düzgün aparılmır.

Qeyd olunub ki, internet saytlarındakı “Mətbuat xidməti” bölməsi daim yenilənməli, yeni məlumatlarla zənginləşdirilməlidir. Təşkilatların fəaliyyəti ilə bağlı aylıq materialların hazırlanması və kütləvi informasiya vasitələrinə təqdim olunması davam etdirilməli, bu zaman keyfiyyətə xüsusi diqqət yetirilməlidir. Müşavirədən ötən dövrdəki fəaliyyət təhlil olunarkən aydın olmuşdur ki, mətbuat xidmətləri tərəfindən teleradio və qəzetlərə əsasən xəbər mətnləri göndərilmiş, təşkilatların fəaliyyəti ilə bağlı məqalələrə az yer verilmişdir. Mətbuat xidmətləri analitik materialların hazırlanmasını da diqqətdə saxlamalı, qəzetlərdə məqalələri dərc olunmalı, teleradio verilişləri hazırlanmalıdır. Maarifləndirici verilişlərin sadə dildə və başadüşülən formada təqdimatı vacib məsələdir.

Dövlət proqramlarının əhəmiyyəti, eləcə də icra vəziyyəti haqqında materialların hazırlanması və ictimaiyyətə təqdim olunması işi zəif qurulub. Mətbuat xidmətləri bu sahədə üzərlərinə düşən vəzifələrə səthi yanaşırlar. Növbəti aylardan etibarən aid mətbuat xidmətləri bu işdə aktivliyi artırmalıdırlar. Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialı haqqında internet saytlarında fəal təbliğat işi aparılmalıdır. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası və Naxçıvan Mətbuat Şurası mətbuat orqanları üçün rüblük monitorinqlər hazırlayarkən mətbuat xidmətlərinin fəaliyyətini də təhlil etməli, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına dair hesabatlar hazırlanmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: