Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, fond tərəfindən iyul ayında 106-sı yaşa, 15-i sağlamlıq imkanlarının məhdudluğuna, 21-i ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 142 vətəndaşa əmək pensiyası təyin olunub. Pensiya təyin olunan vətəndaşlardan 130-na ilk dəfə təyinat olub, 12-nin isə pensiya növündə dəyişiklik edilib. Ümumilikdə pensiya ödənilməsinə 17 milyon 365 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 311 min manat vəsait xərclənib. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə 2022-ci ilin üçüncü rübü üzrə verilməsi nəzərdə tutulan 50 manat maddi yardım pensiya ilə birlikdə ödənilib. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.
Ötən ay qanunvericiliyə uyğun olaraq 539 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Bundan başqa, dövlət icbari şəxsi sığortası üzrə daxilolmalar diqqətdə saxlanılıb, sığortaedənlər tərəfindən 533 min 428 manat vəsait fondun hesabına köçürülüb. Dövlət icbari şəxsi sığorta ödənişini almaq üçün 12-si sağlamlıq imkanları məhdudluğa, 2-si az ağır xəsarətə görə olmaqla, 14 hərbi qulluqçuya sığorta ödənişi həyata keçirilib. Ümumilikdə 51 min 700 manat vəsait bu şəxslərin hesablarına köçürülüb.
İyul ayı ərzində məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 12 milyon 450 min 700 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan proqnozdan 20,5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 70,4 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Hesabat dövründə 1 hüquqi və 276 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Eyni zamanda 304 yeni əmək fəaliyyətinə başlayan sığortaolunana fərdi şəxsi hesab açılıb.