Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay 471 daşınmaz əmlak obyekti üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, 378 texniki sənəd hazırlanıb, 32 daşınmaz əmlak obyektinə ünvan verilib, 67 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə ötən ay Şərur şəhərinin, Şahbuz rayonunun Şahbuz şəhəri və Keçili kəndinin ərazisində monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb. Həmçinin Şahbuz rayonunun Mahmudoba və Nursu kəndlərinin ərazisində monitorinqlər davam etdirilib. Şərur rayonunun Cəlilkənd, Axaməd, Babək rayonunun Göynük, Xalxal, Ordubad rayonunun Darkənd, Ağrı, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Güney Qışlaq kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.