“Təbiətsevər” yarışmasına start verilib - FOTOLAR
Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclər paytaxtının ən yaxşı tələbə gənclər təşkilatı” layihəsinə start verilib. Layihə çərçivəsində bu gün gənclər arasında “Təbiətsevər” yarışması keçirilib.
NUHÇIXAN xəbər verir ki, müsabiqədə 50-yə yaxın gənc iştirak edib. Yarışmanın keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları ilə işin canlandırılması, onların üzvləri arasında rəqabətin formalaşdırılması, təşkilat sədrlərinin fəallığının artırılmasına stimul verməkdir.
“Təbiətsevər” yarışması Naxçıvan şəhərində salınan “Gənclər bağı”nda iməcilik və yaşıllıqlara qulluq şəraitində keçirilib. İməcilikdə hər tələbə gənclər təşkilatından 1 sədr, 5 tələbə iştirak edib. Yarışın qaydalarına uyğun olaraq “Gənclər bağı”nın ərazisi Tələbə Gənclər Təşkilatları arasında bərabər bölünüb. Həmin ərazilər iştirakçılar tərəfindən təmizlənib, ağaclara qulluq göstərilib, suvarılma işləri və aqrotexniki tədbirlər həyata keçirilib.
Layihə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, yarışmanın qalibləri oktyabrın 30-da Gənclik Mərkəzində keçiriləcək yekun tədbirində mükafatlandırılacaqlar.
Turab Hacızadə