Naxçıvanda 64 qadına 70 min manat dəyərində sərmayə kapitalı verilib - FOTOLAR

A- A A+

Muxtar respublikada qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə icra edilən daha bir sosial layihəyə yekun vurulub. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihənin yekun tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ötən illərdə muxtar respublikada qadın sahibkarlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən 3 sosialyönümlü layihənin uğurlu nəticələri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, cari ildə  İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə rifahı naminə qadınları maarifləndirək" layihəsinin icrası təmin olunub. Layihə muxtar respublikada qadınların məşğulluqlarının artırılmasına xidmət etməklə yanaşı, ailə təsərrüfatlarının, həmçinin gələcəkdə muxtar respublikada mikro və makro biznes sahələrinin inkişafına kömək etmək məqsədi daşıyır. Layihədə şəhid və aztəminatlı ailələrdən olan, sağlamlıq imkanları məhdud, ailə başçısı, nikahına xitam verilən 70 istedadlı qadın iştirak edib. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə 3 dəfə "Gələcəyini planlaşdır" və bir dəfə "Sahibkar ol" təlimləri keçirilib. Təlimlərdə hər bir qadın fəaliyyət istiqamətlərinə görə biznes planı hazırlayıb. Sonda təlim iştirakçısı olan qadınlara Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sertifikat təqdim olunub.

Layihənin şərtlərinə əsasən muxtar respublikanın şəhər və rayonlarından olan 50 aztəminatlı ailənin üzvü və ya sağlamlıq imkanları məhdud olan qadınlar cəlb olunaraq hər birinə 1360 manat məbləğində sərmayə kapitalı ayrılıb. Qadınlara verilən sərmayə kapitalının ümumi dəyəri isə 70 min manatdır. Sərmayə kapitalının verilməsi zamanı fəaliyyət sahəsinin qurulmasına görə vəsait bölgüsü aparılıb, qadınların sayı 50 nəfərdən 64 nəfərə çatdırılıb. Sərmayə kapitalı alacaq qadınların məşğul olacağı sahələr üzrə siyahı hazırlanıb və Azərbaycan Mikromaliyyə Assosiasiyasına təqdim edilib. Sərmayə kapitalı alması nəzərdə tutulan qadınlarla 1 və 3 illik müqavilələr bağlanıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova bu cür layihələrin muxtar respublikada nəzərdə tutulan vaxtda və uğurla icra olunduğunu diqqətə çatdırıb. Sevinc Rüstəmova bundan sonra layihə ilə bağlı keçiriləcək tədbirlər barədə iştirakçıları ətraflı məlumatlandırıb, qadınlara sahibkarlıq fəaliyyətlərində uğurlar arzulayıb.

Layihə iştirakçıları onlara və ailələrinə göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər

Sonra sərmayə kapitalı alacaq qadınlara müqavilələr təqdim olunub.

Sonda qadınlara verilən sərmayə kapitalının dəyərində alınan aktivlərin bəzilərinə baxış olub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: