Ulu keçmişimizdən bizə miras qalan milli sənət: - Xalçaçılıq - FOTOLAR
Xalqımızın həyat və məişətini əks etdirən xalq yaradıcılığının ən zəngin nümunələrindən biri də xalçaçılıq sənətidir. Min illərdən üzü bəri bu sənəti ağbirçək nənələrimiz və analarımız davam etdirib. Onların sehirli barmaqları ilə minlərlə xalçalar ərsəyə gəlib. Həmin xalçalar əvəzsiz sənət əsərləri kimi bu gün muzeylərimizdə, evlərimizdə qorunub saxlanmaqdadır.
Bu gün xalçaçılıq sənətinin inkişaf etdirilməsi istiqamətində muxtar respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan "Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" bu işlərin uğurla həyata keçirilməsinə öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: "Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir".
Göründüyü kimi, Naxçıvan xalçaçılıq məktəbi özünəməxsus inkişaf mərhələsi keçib. Bu günümüzə qədər qorunub saxlanılan xalça nümunələri belə deməyə əsas verir ki, bu qədim diyarda xalça toxunuşunda daha çox butalardan, müxtəlif rəmzlərdən istifadə edilib. Yaxın keçmişimizi vərəqləsək hər evdə xanım-xatın nənələrimizin, analarımızın ərsəyə gətirdiyi bu sənət incisinə rast gələrik.
Evimizdə rəhmətlik nənəmin 50-55 il bundan əvvəl toxuduğu xalça indi də durur. Zərifliyi və rəngarəngliyi ilə göz oxşayan, keyfiyyətini zərrə qədər də itirməyən həmin xalça heç bir təhsil görməyən Azərbaycan qadınının təfəkkürünün məhsuludur. Ömrünün mənasını bu peşəyə sərf edən ağbirçək nənələrimiz, ana və bacılarımız öz istedad və bacarıqlarını bu milli sənətin inkişafına veriblər.
Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də öz dəyərini saxlamaqdadır. Qeyd edək ki, xalça sənətinin Naxçıvanda geniş yayılmasına, xalqımızın məişət və estetik tələbatı rəvac verib. Bu ərazidə istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və keçə, palaz, cecim, kilim kimi xovsuz xalçalardan evlərdə döşəmələrin örtülməsində, otaqların isidilməsində və bəzədilməsində istifadə edilib.
Rayonumuzun kəndlərində bu sahəyə xüsusi diqqət verilib. Ərəfsə, Milax, Qazançı, Göydərə, Xanəgah və sair yaşayış məntəqələrində xalça ustalarının yaşatdıqları xalça nümunələri ən qiymətli sərvət kimi rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır. Muzeyimizdə nümayiş olunan bu xalçalar işlənmə texnikası, ilmə çeşidləri, rəng çaları ilə seçilir.
2013-cü ildə muzeyimiz öz toxuduğu xalçanı hədiyyə edən Milax kənd sakini Səfurənin dediyi sözləri xatırlayıram:
- Mən balaca ikən, nənəmin, anamın yanında oturmuşam və onların xalça toxumasına baxmışam. Ona görə yox ki, xalça toxumaq istəmişəm, sadəcə il boyu evimizdə xalça toxunduğuna görə bu mənim üçün adi bir əyləncə idi. O vaxt anam Gülsüm kəndimizin qız-gəlinlərini başına toplayaraq onlara bu sənəti öyrədirdi. Kəndimizin qızları da xalça toxumağı anamdan həvəslə öyrənirdilər. Çünki onların toxuduqları xalçalar sonradan qızların cehizinə çevrilirdi. Anamın toxuduğu gəbələrə saldığı naxışlar bizi heyrətə gətirərdi. Bu ilmələrə, naxışlara baxa-baxa bir də görmüşəm ki, bu sənəti əməlli-başlı öyrənmişəm. Naxış salmaqda heç kəsi, hətta anamı da təkrar etməmişəm. İstəmişəm ki, toxuduğum xalçanın naxışları rəngarəng, ürəkaçan olsun. Xalçadakı naxışların valehedici olması rənglərin düzgün seçilməsindən çox asılıdır. Çünki rəng düzgün seçiləndə, naxış düz toxunanda barmaqların sehri ilə gözəl bir sənət əsəri ortaya çıxmış olur. Bax beləcə, ömrün 60 ilini yaşamışam, ancaq bu sənətdən ayrı düşməmişəm. Axı buna qəlbən bağlanmışam. İndi bu sənəti qızıma və gəlinimə də öyrətmişəm. Çünki xalça toxumaq xalqımızın mədəniyyətini, xüsusilə də məişət tərzimizi özündə yaşadan qiymətli nümunədir.
Qazançı kəndində xalçaçılıqla məşğul olanların sayı az deyil. Onlardan biri də zəhmətkeş qadın Şərəbanı Həsənovadır. O, bu sənətini qızı Nuriyyəyə də öyrədib. N.Musayeva hazırda kənd Mədəniyyət Evində xalçaçılıq dərnəyinə rəhbərlik edir. O, gələcəyin ustaları olan dərnək üzvlərinə kiçik ölçülü xalçalar toxumağı öyrədir.
Tarixən xalça toxunuşunda kollektiv əməyindən istifadə edilib. Kollektiv isə adətən, bir tayfanın üzvlərindən ibarət olub. Deyirlər ki, bir tayfanın özünəməxsus rəmzlərindən bəzi xalçalarda istifadə edilib. Ancaq həmin xalçalar nə satışa çıxarılıb, nə də evdə ayaq altına salınıb. Belə xalçalar yalnız divarlardan asılıb. Fikrimizcə, geniş izahata ehtiyac yoxdur. Böyük dövlətçilik məktəbi yaratmış Naxçıvanda rəmzlərə qiymət vermək təbiidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu müvafiq sərəncamı insanlarda milli dəyərlərimizə ehtiram, ulu keçmişimizdən bizə yadigar olan bu milli sənətə məhəbbət hissi aşılayır.
Gülər ƏHMƏDOVA,
Culfa rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru