Xüsusi kateqoriyadan olan uşaqların gəzintisi təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sosial qayğıya ehtiyacı olan uşaqların Naxçıvan şəhərində gəzintisi təşkil olunub.
Ekskursiyada şəhid və qazi övladları, valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqları olmaqla 20 nəfər iştirak edib. Heydər Əliyev Muzeyində uşaqlara məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il mayın 10-da fəaliyyətə başlayıb. Ümummilli liderin sağlığında yaradılan muzeydə dahi şəxsiyyətin həyat və fəaliyyətini, onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğısını əks etdirən fotoşəkillər, tarixi sənədlər və digər minlərlə dəyərli eksponatlar nümayiş etdirilir. Uşaqların diqqətinə çatdırılıb ki, muzeyin fondunda 5396 eksponat var və 3 mindən çoxu ekspozisiyada sərgilənir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olan balaca ziyarətçilərə çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, sənət nümunələri, qədim və müasir kitablar, xatirə əşyaları, digər qiymətli muzey materialları barədə məlumatlar verilib. Naxçıvanın görkəmli şair və yazıçılarının yaradıcılığı barədə məlumatlar uşaqların xüsusi marağını cəlb edib.
Sonra turistik qatar vasitəsilə şəhər gəzintisinə çıxan uşaqlar maraqlı vaxt keçiriblər. “Saat meydanı” Turistik-İstirahət Mərkəzində təşkil olunan cizgi film də ekskursiya iştirakçılarının ürəyincə olub. Gəzinti çərçivəsində uşaqlar üçün nahar süfrəsi təşkil edilib. Gün ərzində davam etdirilən ekskursiya zamanı uşaqlar vaxtlarını əyləncəli keçiriblər.
Şəfa Səfərova