Məğrur və mərd Azərbaycan qadını: Bir oğlum daha var...

A- A A+

Bəzən düşünürəm ki, Həmidi 44 günlük Vətən müharibəsində itirmədim. Mən Həmidi Vətən müharibəsinin başlanğıcı sayılan Tovuz döyüşlərində  itirdim. Məzuniyyətdə idi Həmid həmin vaxt. Bu gəlişi başqa sevinc, xoşbəxtlik gətirmişdi evimizə. Çünki çox sevdiyi nişanlısı da onunla birlikdə qonaq gəlmişdi. Sevincimizin həddi-hüdudu yox idi. Ev-eşik sanki gül açmışdı. Gecə gec saatlara qədər oturur, söhbət edir, dərdləşirdik. Sanki sevincimizi doya-doya yaşayırdıq, bu günlərin həsrətini çəkəcəkmişik kimi.

Bəli, elə qorxduğum da məni gözləyirmiş.

O tarix... 2020-ci ilin 14 iyul tarixi. Həmidi bizdən əbədiyyən ayıran həmin o gün.

-Mən getməliyəm ana.

-Hara, ay bala? Axı sənin məzuniyyətin hələ bitməyib. Yarı-yarımçıq hara gedirsən? Heç toyun vaxtını da müəyyənləşdirmədik axı?

-Nə toy, nə məzuniyyət, ana, general-mayor Polad Həşimov vurulub. Mənə daha istirahət etmək haram olar. Getməliyəm!

Dediyindən dönmədi və getdi. Gediş o gediş oldu. Nə Vətən müharibəsi başlanan günə qədər, nə də sonra Həmidi heç görmədik. Çox narahat olurdum. Həmid elə bir insan idi ki, dediyindən əsla dönməzdi. Gedərkən Polad Həşimovun qanını yerdə qoymayacağam demişdi. Bilirdim ki, əvvəl-axır nəsə edəcək. Həmid Qasımov Polad Həşimovu 2016-cı ilin aprel döyüşlərindən tanıyırdı. Həmin vaxtlar Polad Həşimov Həmid və onun döyüş yoldaşlarına hərbi təlim keçmişdi.  Bütün insani keyfiyyətləri özündə əks etdirən general-mayor onlara komandirdən ziyadə ata, qardaş olmuşdu. Həmid Polad Həşimovla bağlı baş vermiş bir hadisəni həmişə qürur hissi ilə danışardı.

Bir gün general-mayor Polad Həşimov sərhəddə olarkən qolundakı saatı açıb bir əsgərin qoluna bağlayır. Tərəddüd edən əsgər:

-Axı bu bir general saatıdır.

Polad Həşimov isə cavabında:

-Sərhəddə düşmənlə üz-üzə dayanan əsgər elə generaldır!

Həmid düz 4 il Milli Qəhrəman Mübariz İbrahimovun postunda xidmət etdi. Düşmənin qorxulu röyasına çevrilən mərd, igid hərbçimiz heç tərəddüd etmədən dağları, yüksəklikləri özünə məskən bildi. Kimsə nə isə deyəndə də “Mən dağlar oğluyam, nə işim var aşağılarda” deyirdi.

Beləcə Həmidin xatirələrini bezmədən, usanmadan dinləyirəm Tovuz ananın dilindən. Nə böyük ürəyin varmış sənin, ana!  Həmid və qardaşı Ümidi min bir əziyyətlə gecəni gündüzünə qatıb, həyatın bütün sınaqlarına sinə gərib, alnıaçıq, üzüağ böyütdün.

 -Həmid hərbçi peşəsinə öz istəyi ilə yiyələnmişdi.  Söz vermişdi ki, bir gün bizim üçün çəkdiyin bu əziyyətləri sənə sonsuza qədər unutduracağam, ana. Yavaş-yavaş hər şey öz axarına düşürdü. Övladlarına baxıb qürurlanan Tovuz ana, həqiqətən də, unudurdu əziyyətlərini. Həmid ailəsinə, sevdiklərinə bağlı, ailəcanlı bir oğul idi. Hərbi vəzifəsini uzaqda yerinə yetirməsinə baxmayaraq, tez-tez anası, qardaşı, doğmaları ilə əlaqə saxlayır, hal-əhval tuturdu. Keçənlərdə Tovuz ananın doğum günü idi. Çəkinə-çəkinə yazıb təbrik etmək istədim. Ağladı...

-Həmiddən sonra artıq mənə nə toy, nə bayram, nə də ad günü...

Demə hər ad günündə gecə saat 12-yə qədər gözləyər, anasını  ilk təbrik edən olmaq üçün tələsərmiş Həmid. “Sənə doğum günü hədiyyəni yollayacağam ana” deyərmiş.  Şəhidliyi ilə Həmid anasına hər anaya qismət olmayan ən böyük hədiyyələri - fəxri fərmanları, təşəkkürnamələri, medalları və şəhid anası adını  göndərdi..

Bir-bir vərəqlədik Tovuz ananın Həmidlə olan xatirələrini. O böyük ürəkli ana qəlbində gəzdirdiyi oğul adlı yarasıyla necə də güclüdür. Daxilən nə qədər yıxılsa, sarsılsa da, zahirən sanki dözümlülük məqbərəsidir.  Öz - özümə düşündüm ki, Həmid kimi oğul böyüdən ana da məhz elə Tovuz ana kimi olar. Mətin, iradəli və güclü.

Vətənimin qeyrətli oğlu, Allah sənin məqamına ali qərar verdi.  O müqəddəs zirvəyə yüksəlmək hər insana nəsib olmur. “Şəhid anası” adını daşımaq da hər anaya qismət olmur. Çünki şəhid anaları da ən az şəhidlər qədər müqəddəs və alidirlər.

Vətən müharibəsi başlanan zaman ön xətdə olan, möhkəm iradəli, düşmənin qabağından nə olursa olsun çəkilməyəcəyinə söz verən Həmid Qasımov bu ağır döyüşlərdə yara alsa da, heç bir vəchlə yerdə qalmır, qalxıb düşmən üzərinə yeriyir və onun çox sayda əsgərini məhv edir. Lakin qorxusuz qəhrəmanın bu şücaətindən səksəkəyə düşən düşmən onu snayper atəşi ilə yaralayır. Heç zaman Vətəni üçün canını fəda etməkdən çəkinməyən, həmişə bayrağına, torpağına sevgi və hörmətlə yanaşan baş leytenant Həmid Qasımov oktyabrın 3-ü 2020-ci ildə son dəfə həyata gülümsəyərək şəhidlik zirvəsinə ucalır. Oktyabrın 6-da baş leytenant Həmid Qasımovun nəşi Kəngərli rayonunun Qabıllı kəndində böyük izdihamla son mənzilə yola salınanda o məğrur qadın böyük ürəklə bu sözləri dedi: “Mən Həmidimlə qürur duyuram. Bir oğlum daha var. Onu da Vətən yolunda qurban verməyə hazıram”. Budur, Azərbaycan qadınının, şəhid anasının ucalığı!

 

Xuraman Cəfərli

Kəngərli rayon MKS-nin Qabıllı kənd Kitabxana filialının müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: