Naxçıvanda meşə yanğınlarına qarşı etibarlı mühafizə sistemi qurulub - FOTOLAR

A- A A+

Muxtar respublikada ekoloji məsələlər prioritet istiqamət kimi diqqətdə saxlanılır, hər il minlərlə hektar ərazidə yaşıllıqlar salınır, mövcud yaşıllıqların qorunması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yanğından mühafizə tədbirlərinə də ciddi əməl edilir, bu sahədə fəaliyyət gücləndirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlərin davamı olaraq muxtar respublikanın bir sıra müvafiq bölgələrində baş verə biləcək potensial yanğın riskinə qarşı tədbirlər görülüb, ilkin müdaxilə üçün məntəqələr yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən həmin məntəqələr müasir yanğından mühafizə vasitələri ilə təchiz edilib. Bütün bunlar imkan verir ki, dövlət meşə fondunun əraziləri bütövlükdə nəzarət altına götürülsün və yanğın hadisələrinə qarşı vaxtında çevik və effektiv müdaxilə tədbirləri görülsün.

Ordubad rayonu ərazisindəki meşələr üçün Nürgüt kəndində, Şərur rayonundakı Qaraquş meşəsi üçün Tənənəm kəndində, Şahbuz rayonu ərazisindəki Biçənək meşə sahələri üçün Zəngəzur Milli Parkı ərazisində və Culfa rayonu ərazisindəki meşələr üçün Ləkətağ kəndində məntəqələr yaradılıb və müasir yanğınsöndürmə vasitələri ilə təchiz edilib.

Qeyd edək ki, məntəqələrin hər biri motorlu su nasosu, 200 m uzunluğunda 50 diametrlik yanğınsöndürmə şlanqı, 6 ədəd 20 litrlik su tutumu olan suçiləyici avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlar həmin ərazilərdəki meşə və meşəətrafı sahələrdə bütövlükdə baş verə biləcək yanğınların dərhal qarşısının alınmasına təminat verir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları tərəfindən Ordubad rayonu ərazisindəki Bist Dövlət Meşəsinə təhvil verilən texniki vasitələrin yoxlanması, baş verə biləcək yanğın zamanı ilkin müdaxilə məqsədilə təlim keçirilib, yaxınlıqdakı su mənbələri barədə məlumat verilib, texniki vasitələrin  istifadə qaydası izah edilib.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: