BƏƏ-nin “TTN” jurnalında Naxçıvanın turizm potensialı ilə bağlı məqalə dərc olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Turizm Departamentindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirlib ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Departament arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq “TTN” jurnalında məqalə dərc olunub. “Azərbaycana, Naxçıvana səfər” adlı məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən mədəni-tarixi abidələrimiz əyilməzlik simvolu olan Əlincəqala, bölgənin zəngin tarixi və mədəniyyətini özündə əks etdirən nadir memarlıq abidəsi Möminə Xatın, Xan Sarayı, müqəddəs Qurani-Kərimin surələrindən birində adı keçən Əshabi-Kəhf mağaraları, əzəmətli Haçadağ, möhtəşəm təbiət mənzərəsi ilə qonaqları valeh edən Batabat gölü, həmçinin Naxçıvan mətbəxi və təbii müalicəvi Duzdağ mağaraları haqqında məlumatlar öz əksini tapıb
Məqsəd muxtar respublikada turizmin inkişafını sürətləndirmək, ölkənin turizm potensialını ərəb bazarına çıxarmaq, ərəb turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək və bölgəni cəlbedici turizm destinasiyası kimi tanıtmaqdır.