Muxtar respublikada iqtisadi siyasətin prioritet istiqamətlərindən biri qadınların sosial-iqtisadi həyatda rolunun, iqtisadi fəallığının artırılmasıdır. Hazırda muxtar respublikamızda kənd təsərrüfatından tutmuş özəl tibb müəssisələrinədək, un məmulatı sexlərindən dərman bitkilərinin istehsalına kimi xeyli sayda kiçik və böyük sahibkarlıq subyektləri fəaliyyət göstərir. Muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ilin ötən dövrü ərzində 13 qadın sahibkara 185 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib.
Qadınların sahibkarlıq fəaliyyətinə marağının artmasının nəticəsidir ki, 2000-ci ildən bu günə qədər Sahibkarlığın İnkişafı Fondu tərəfindən yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən 113 qadın sahibkara 3 milyon manatdan çox kredit verilib.
Verilmiş güzəştli kreditlərdən səmərəli şəkildə istifadə etməklə bu gün qadınlar ailə təsərrüfatı fəaliyyətlərini gözlənilən səviyyədə, uğurla qurur və bu təsərrüfatlarını daim inkişaf etdirməyə, genişləndirməyə çalışırlar. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlıq, arıçılıq, bağçılıq, süd məhsullarının istehsalı, lavaş istehsalı və digər sahələrin yaradılması məqsədilə 74 ailə təsərrüfatına 1 milyon 95 min 600 manat dövlət maliyyə dəstəyi göstərilib.
Muxtar respublikada əl işləri ilə məşğul olan qadın sahibkarlar da üstünlük təşkil edir. Qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması, bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi, əl işlərinin təşviqi məqsədilə Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda müxtəlif əl işləri hazırlayan qadın sahibkarların məhsulları nümayiş olunur. Mərkəz tərəfindən 2022-ci ilin ötən dövrü ərzində 11 qadın sənətkar tərəfindən 300 ədəd əl işi və sənət əsərləri qəbul edilib, 1399 manat dəyərində əl işlərinin satışı həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti