Builki yay Avropada meteomüşahidələr tarixində ən isti yay olub.
NUHÇIXAN İnformasiya Agentliyi “Kopernik” iqlim xidmətinə istinadla xəbər verir ki, builki yay mövsümündə “Köhnə Dünya”da havanın orta temperaturu keçənilki göstəricidən 0,4 dərəcə yuxarı olub. Hərçənd, keçənilki yay da rekord dərəcədə isti keçmişdi.
Avqust ayında Avropa ölkələrində anomal istiləri apokalipsisin başlaması ilə müqayisə edirdilər. Aİ ölkələrində meşə yanğınları nəticəsində azı 700 min hektar meşə məhv oldu, avqustun 23-də isə Avropa Komissiyası elan edib ki, Avropada son 500 ildə ən güclü quraqlıq hökm sürür. Təbii fəlakətlər səbəbindən Aİ ölkələrinin ərazisinin çox hissəsində həyəcan siqnalı verilmişdi.
Meteoroloqlar qeyd edirlər ki, 2016-cı ildən sonra planetdə 5 dəfə ən isti yay mövsümü qeydə alınıb. İqlim dəyişmələrinin nəticələri bütün dünyada getdikcə daha kəskin şəkildə hiss olunur. Ekspertlərin çoxunun fikrincə, bu vəziyyət artıq normal hala çevrilməkdədir.