“Naxçıvan ədəbi mühiti” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan ədəbi mühiti” mövzusunda tədbir keçirilib.

Mərkəzin elmi katibi Nihad Tarverdiyev bildirib ki, Naxçıvan diyarı Azərbaycan ədəbi mühitinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş edib. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə, dahi dramaturq Hüseyn Cavid, tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, eləcə də Adil Babayev, Əliqulu Qəmküsar, Hüseyn İbrahimov, İslam Səfərli kimi görkəmli şair, yazıçı və ədəbiyyatşünaslar Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru Elxan Məmmədov və həmin İnstitutun “Ədəbiyyatşünaslıq” şöbəsinin müdiri Ramiz Qasımov Naxçıvan ədəbi mühiti barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, muxtariyyət dövründə ədəbi mühitin nümayəndələrinə ən böyük diqqət ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə göstərilib. Dahi şəxsiyyət hər zaman yaradıcı insanlara böyük qayğı ilə yanaşıb, Naxçıvanda yaşayıb-yaradan qələm sahiblərinin əməyini yüksək qiymətləndirilib.

Bu sahəyə diqqət və qayğı bu gün də davam etdirilir, yaradılan elmi və yaradıcı mühitdən bəhrələnən yazıçı və şairlərimizin yeni-yeni əsərləri ərsəyə gəlir. Naxçıvanda müstəqillik illərində qələmə alınan lirik, epik, dram əsərlərin mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri, bu istiqamətdə yazılmış elmi, publisistik məqalələr, kitab və monoqrafiyalar bütövlükdə elmə bir sıra yeniliklər qazandırıb. Bu baxımdan Naxçıvanda ədəbi mühitin öyrənilməsi bu günümüz üçün olduqca böyük əhəmiyyətə malikdir.

Sonda gənc yazıçıların yaradıcılığına nəzər salınıb, kitab sərgilərinə baxış keçirilib.

             Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: