Müsahibə 1996-cı il aprelin 4-də “Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer tərəfindən Prezident Aparatında ümummilli lider Heydər Əliyevdən alınıb. Müsahibənin aktuallığını nəzərə alaraq onu ilk dəfə ingiliscədən Azərbaycan dilinə tərcümə ilə təqdim edirik.
Betti Bleyer -Azərbaycanla maraqlanan hər kəs bilir ki, siz prezident seçildikdən sonra ölkədə çox böyük və əhəmiyyətli dəyişikliklər baş verib. Azərbaycan beynəlxalq neft şirkətləri ilə zəruri müqavilələr imzalayıb, yeni Konstitusiya qəbul edib, yeni Parlament seçib və Bakıda nəzərəçarpacaq dərəcədə böyük tikinti və bərpa işləri vardır. Sizin fikrinizcə, prezidentlik dövrünüzün ilk üç ili ərzində başqa hansı mühüm hadisələr baş vermişdir?
Heydər Əliyev-Sizin qeyd etdiyiniz kimi, Azərbaycanda böyük dəyişikliklər baş vermişdir. Ancaq mən deməliyəm ki, bütün bu dəyişikliklərin ən mühüm nəticəsi bizim respublikada yaratdığımız sabitlikdir. Sabitlik həyati vacib bir nailiyyətdir. Ermənilərlə faktiki olaraq atəşkəsə nail olunub. Hal-hazırda biz müharibə vəziyyətində deyilik. Biz altı il ərzində ərazimizi müdafiə etməyə məcbur edildiyimiz bir vaxtda - qantökülmənin kuliminasiya nöqtəsinə çatdığı vaxtda atəşkəsə nail olmuşuq. İki ildir ki bu davam edir. Bütün döyüşlər, bütövlükdə Azərbaycan torpağında baş verib. İnsanlar hər gün müharibədə ölürdü. Beləliklə, atəşkəs bizim üçün böyük nailiyyətdir.
Əlbəttə, 20 faiz torpaqlarımız erməni silahlı qüvvələri tərəfindən indiyədək işğal olunub.Əhalimizin bir milyonu hələ də qaçqındır, onlar məhz öz vətənlərində öz evlərindən köçürüldülər. Həmin faciəvi faktlar bu gün mövcuddur, doğrudur, onlar bu hadisələri mən prezident seçilməzdən əvvəl etdilər. Ancaq bu keçmişdə üç qat faciə idi: bizim köçürülən əhalimizin faciəsi, işğal altında olan ərazimizin faciəsi və həqiqətdə qurtarmayan müharibənin faciəsi. Öz torpağımızda erməni təcavüzü ilə üzləşəndən, 1988-ci ildən bəri bizim vəziyyətimiz bu cür olmuşdu.
Müharibənin gətirdiyi mürəkkəbliklərlə yanaşı, respublikada bir-biri ilə hakimiyyət uğrunda mübarizə aparan müəyyən qruplar var idi. Və təkcə bu fakt ixtişaşa və sabitliyin pozulmasına səbəb oldu. Soyğunçuluq, qətl və oğurluq halları artdı. 1994-cü ildə müəyyən silahlı qruplar dövlət çevrilişinə cəhd etdi və 1995-ci ildə hakimiyyəti ələ keçirmək üçün başqa bir çevriliş cəhdi bir qrup polis tərəfindən təşkil edildi. Dövləti qorumağın əvəzinə, onlar silahlarını dövlətə qarşı çevirdilər. Baxmayaraq ki, bu şəxslər polis sistemində idi, bu insanların özlərinin əksəriyyəti cinayətkarlar idi. Onlar qarət edirdilər və pula görə insanları öldürürdülər, uşaqları oğurlayır və girov götürülmüş şəxsi geri qaytarmaq üçün hədələyib pul alırdılar.
Siz iki il əvvəl burada idiniz, beləliklə, siz o vaxt mövcud olan vəziyyətlə bugünkü vəziyyəti müqayisə edə bilərsiniz. Silahlanmış cinayətkarlar küçələri gəzirdi. İndi insanların istədikləri vaxtda küçədə gəzməsi üçün tamamilə əmin-amanlıqdır. Beləliklə, biz respublikada siyasi və sosial sabitliyi pozmağa cəhd etmiş o qüvvələrin qarşısını almağı bacardıq.
Sabah [aprelin 5-də] biz son iki il ərzində Azərbaycanda baş vermiş sosial və siyasi hadisələrin səbəblərini təhlil etmək məqsədilə Respublika Sarayında ümumi yığıncaq keçirməyə hazırlaşırıq. Biz gələcəkdə belə hadisələrin təkrar olunmaması üçün tədbirlər müəyyən etmək istəyirik. Cəmiyyətin bütün təbəqələrini təmsil edən 2500-dən çox nümayəndə görüşdə iştirak edəcək. Müxalifət də daxil olmaqla, bütün siyasi partiyalar iclasda iştirak edəcək.
Sabitlik çox vacibdir. Sabitlik olmadan, ölkə xarici şirkəti cəlb edə bilməz. Mən Azərbaycana xarici investisiyanı gətirmək istəyirəm. Azərbaycanda yaratdığımız sabitlik xarici sərmayədarlara bizimlə bağlı maraqlarını ifadə etməyə imkan vermişdir. Əgər biz sabitliyə nail olmasaydıq, yeni Konstitusiyamızı qəbul edə bilməzdik və yeni demokratik Parlamenti seçə bilməzdik. Bunlar bizim üçün yeni müstəqil respublikamızda ilk nailiyyətlərin bəziləridir. Sabitlik ötən iki ildə bizim ən böyük nailiyyətlərimizə səbəb olub.
Betti Bleyer-Bizim jurnalımızda bu ötən dörd ildə müxtəlif mədəni və ziyalılarla bağlı buraxılışlarda məsələn, ədəbiyyat, incəsənət və musiqini sistemli şəkildə öyrənmişik. İndi biz elmdəki əsas töhfələrin bəzilərini tədqiq edirik. Mən həmişə azərbaycanlıların bu sahələrdə nailiyyətinin səviyyəsindən heyrətlənmişəm. Belə yüksək səviyyələr Sovet dövründə əldə edilib.
Bu gün intellektual töhfələr verən insanlar ciddi iqtisadi çətinliklərlə üzləşir. Əlbəttə, siz məndən daha yaxşı bilirsiniz ki, bir çoxları ölkəni tərk etməli olmuşdur və sadəcə ailələrini dolandırmaq məqsədilə, hətta daha çox öz sənətlərilə deyil, müxtəlif başqa fəaliyyətlərlə məşğul olmuşdular. Sizə mənim sualım budur ki, respublikada intellektual və mədəni resursların bu xəzinələrini qorumaq üçün bu gün nəzərdən keçirilən konkret strategiyalar varmı?
Heydər Əliyev -Azərbaycanlılar çox istedadlıdır. Bizim bəzi çox istedadlı insanlarımız var. Elmin, ədəbiyyatın və incəsənətin inkişafına Azərbaycanda həmişə böyük diqqət göstərilmişdir. İstedadlı insanlar yaxşı ali təhsil almışlar və onlara qabiliyyətlərini nümayiş etdirmək üçün şərait yaradılmışdır. Mən əvvəl, 70-ci illərdə burada işləyəndə bu məsələlərə böyük diqqət göstərirdim. Biz o illər ərzində universitetləri, teatrları və konsert zallarını tikdik. İşləmək üçün sənətkarlara və ziyalılara əlverişli şərait yaradıldı.
Ancaq bu həqiqətdir ki, keçid dövründə bu istedadlı insanların potensialını optimallaşdırmaq çox çətin olmuşdur, çünki iqtisadi vəziyyət çətindir. Digər tərəfdən də 1989-1993 illərdə bu problemlərə çox diqqət göstərilmədi.
Əgər bu yaxınlarda mətbuatı izləmisinizsə, siz görə bilərsiniz ki, biz bu günlərdə nə qədər yubileylər keçirmişik. [Azərbaycanda yubileylər bir şəxsin əldə etdiyi nailiyyətlərini qeyd etmək üçün çoxlu nitqlər, ziyafət və musiqi ilə təşkil edilən təntənəli tədbirlərdir. Yubileylər, adətən, şəxsin 50, 60 və 70 yaşı münasibətilə keçirilir. Əgər şəxsin nailiyyətləri böyükdürsə, cəmiyyət, adətən onun ölümündən çox sonralar yubileylərini qeyd etməyə davam edir].
Məsələn, mən şairlərin-mərhum Səməd Vurğunun və mərhum Süleyman Rüstəmin 90 illik yubileylərinin qeyd edilməsi haqqında fərmanlar imzaladım. Biz bu yaxınlarda mərhum müğənni Rəşid Behbudovun 80 illik yubileyini keçirmişik. Mərhum bəstəkar Üzeyir Hacıbəyovun xatirəsini böyük hörmətlə yad etdik. Biz iyirminci əsrin əvvəllərində "Molla Nəsrəddin" jurnalının redaktoru, böyük ədib Cəlil Məmmədquluzadənin 125 illik yubileyini dövlət səviyyəsində qeyd etdik. Sonra tarixçi Sara Aşurbəyli var idi, bu keçən yanvar 90 illiyində özü də iştirak etdi. Həmçinin biz mərhum rəssam Səttar Bəhlulzadənin anadan olmasının 85 illik və mərhum cərrah Mustafa Topçubaşovun 100 illik yubileylərini qeyd etdik. Üç il əvvəl heç kim xalqımıza belə güclü mədəni və intellektual töhfələri bəxş edən bu böyük şəxsiyyətlərə, ümumiyyətlə diqqət yetirmirdi.
Siz strategiyalar haqqında soruşdunuz. İki, yaxud üç il sonra mən əminəm ki, biz respublikada böyük iqtisadi müvəffəqiyyətə nail olacağıq. Biz iqtisadi cəhətdən güclü olan kimi, bu sahələrdə çalışan insanların iqtisadi vəziyyətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Bu gün mənim məqsədim onları mənəvi cəhətdən dəstəkləməkdir. Dövlət səviyyəsində kiminsə yubileyini qeyd etmək unudulmaz hadisə olur və o şəxsi qəhrəman səviyyəsinə yüksəldir, bir növ onun əməyi bir daha şərəfə və ehtirama layiq görülür. Yubileylər cəmiyyətimizə ən böyük və gözəl töhfələri bəxş etmiş insanların bəzilərinin yada salınmasına kömək edir.
Betti Bleyer-Bu il hər ikisi, Rusiya və Amerika Birləşmiş Ştatları Prezident seçkiləri keçirirlər. Mənə elə gəlir ki, prezidentlərin hər ikisi, Yeltsin və Klinton Azərbaycandan "kiçik mənfəət əldə etmək" və təkrar seçilməyə nail olmaq üçün özlərinə kömək məqsədilə siyasi baxımdan istifadə etməyə cəhd edə bilərlər. Onların hər ikisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesində vasitəçilər kimi görünürlər. Siz onların, sadəcə öz siyasi məqsədləri üçün vəziyyətdən istifadə etməyə cəhd etdiklərinin və regionda uzunmüddətli sülhü təmin etməyi əslində istəmədiklərinin mümkünlüyünü düşünürsünüzmü? Bu haqda nə deyə bilərsiniz?
Heydər Əliyev-Siyasi məqsədləri başa düşmək həmişə çox çətindir. Hər ikisi-Rusiya və Amerika Birləşmiş Ştatları böyük dövlətlərdir və bu təbiidir ki, təkrar seçilmək istəyən hər bir kəs hamı tərəfindən tanınmağa və bəyənilməyə nail olmağa cəhd edərdi.
Hər şeydən əvvəl, deyə bilərəm ki, mən ümid edirəm ki, Prezident seçkiləri bu ölkələrin hər ikisində demokratik qaydada keçiriləcək. İkincisi, əgər kimsə fikirləşir ki, o, öz siyasi məqsədləri və gündəmdə qalması üçün Azərbaycandan istifadə edə bilər, o, səhv edir. Azərbaycan müstəqil ölkədir və biz kiminsə siyasi məqsədlərinə xalqımızı qurban verməyəcəyik.
Betti Bleyer-Xarici investisiya baxımından vacib qanunvericilik var ki, ya xarici investisiyanı qorumaq üçün tamamilə mövcud deyil, ya da o, hələ çox effektiv işləmir. Məsələn, verginin miqdarı. Beynəlxalq şirkətlərin bu ölkədə çoxlu problemləri və narahatlıqları var. Bu islahatlarla bağlı sizin planlarınız nədir?
Heydər Əliyev-1996-cı ildə biz bu problemlərlə bağlı iclas keçirməyi planlaşdırırıq. Hər şeydən əvvəl, biz özəlləşdirmə prosesini sürətləndirmək niyyətindəyik. Bir neçə gün əvvəl biz kənd təsərrüfatında islahatlarla bağlı iclas keçirdik. Kənd təsərrüfatı azad bazar iqtisadiyyatı ilə əlaqəli olduğuna görə tezliklə kənd təsərrüfatı qurumlarında böyük dəyişikliklər müşahidə olunacaq, Biz yaxın gələcəkdə mülkiyyətin özəlləşdirməsini şərtləndirən torpaq islahatları haqqında yeni qanun qəbul etməyi nəzərdə tuturuq.Bu çox əhəmiyyətli qanun olacaq. Nəhayət, bu proseslər və tapşırıqlar həll edilir, verginin miqdarı kimi problemlər qaydasına düşəcək və həll etmək tamamilə asan olacaq.
Güclü, sabit bir ölkəni idarə etmək çox çətin deyildir. Ancaq kiçik və çoxlu problemləri olan ölkəni idarə etmək son dərəcə çətindir. Əgər daha az problem olsaydı, biz onları daha tez həll edərdik.
Betti Bleyer-Azərbaycanın Prezidenti kimi sizə ən böyük məmnunluğu gətirən bəzi şeylər hansılardır?
Heydər Əliyev-Həqiqətən, mən prezident olmaq istəmirdim. İnsanlar məndən prezident olmağımı ölkəni idarə etməyimi istədi. Mənim ən böyük narahatlığım, ən böyük marağım xalqdır. Mənim həqiqətən heç bir başqa narahatlığım yoxdur. Mənim heç bir başqa şəxsi marağım yoxdur. Mən istəyirəm ki, bizim ölkəmiz güclü müstəqil ölkə olsun! Mən özümə və Azərbaycana inanıram və bu inam məni əmin edir ki, indi üzləşdiyimiz çətinliklərin çoxuna xalq olaraq qalib gələcəyik.
İngilis dilindən tərcümə etdi:
SÜSƏNBƏR AĞAMALIYEVA
Filologiya üzrə fəlsəfə doktoru