Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans işini davam etdirir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Qəbələ Arxeoloji Mərkəzində Azərbaycanda erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans işini davam etdirir.
Proqram çərçivəsində paleolit dövrü arxeologiyası üzrə Azərbaycan alimləri ilə yanaşı, İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan olan mütəxəssislər 1968-ci ildə Azərbaycanın Azıx mağarasındakı paleolit dövrü məskəninin tədqiqatları zamanı görkəmli arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıxantropun kəşf edilməsinin tarixi və dünya elmi üçün mühüm əhəmiyyəti, Avrasiyanın paleolit dövrü abidələrində aparılmış tədqiqatlara həsr olunmuş mövzular üzrə elmi məruzələrlə çıxış ediblər.
Konfransın işində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova iştirak ediblər.
Konfrans oktyabrın 5-dək davam edəcək.