MDB ekspertləri Dövlət başçılarının İqlim sahəsində əməkdaşlıq haqqında Bəyanatının layihəsi üzərində işləyirlər
MDB İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Dövlət başçılarının İqlim sahəsində əməkdaşlıq haqqında Bəyanatının layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, videokonfrans rejimində keçirilmiş iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Ekspertlər MDB üzvü olan dövlətlərdən daxil olmuş irad və təkliflər nəzərə alınmaqla Bəyanatın layihəsini nəzərdən keçirib və tərəflərin mövqelərinə müvafiq olaraq bu sənədin bəzi müddəalarını təkmilləşdiriblər.
İclasın yekununa əsasən, sentyabrın axırlarında ekspertlərin bu sənədə bir daha baxması qərara alınıb.
Sənəddə göstərilir ki, MDB iştirakçısı olan dövlətlər iqlim dəyişmələrinin yumşaldılması və davamlı sosial-iqtisadi inkişaf naminə bu dəyişikliklərə uyğunlaşlma məqsədilə ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində əməkdaşlığı genişləndirmək niyyətindədirlər.