Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə keçirilən iclasda komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli vurğulayıb ki, sentyabr ayının 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlərin görülməsi, bununla əlaqədar istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması ilə bağlı tapşırıq verilib.
Qeyd olunub ki, qanunvericiliyə əsasən, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün elektrik və qazla işləyən qızdırıcı cihazların idxalına uyğunluq sertifikatı tələb olunmaqla icazə verilir. Standartlara uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları ölkə ərazisində satmaq və istifadə etmək qadağandır.
Komitə sədri müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar görüləcək işlərdən danışarkən vurğulayıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə satış yerlərində reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici materialların verilməsi nəzərdə tutulub. İdxal yolu ilə gətirilən qızdırıcı elektrik və qaz cihazlarının buraxılışına aidiyyəti dövlət orqanı ilə birgə baxış keçirildikdən sonra icazə veriləcəkdir.
Dövlət qayğısı hesabına muxtar respublikamızda müasir gömrük infrastrukturunun yaradıldığını önə çəkən komitə sədri gömrük orqanlarında qışa hazırlıqla bağlı görüləcək işlərdən də danışıb. Qeyd olunub ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təminat, su və kanalizasiya xətlərinin vəziyyəti, yanğın təhlükəsizliyi, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəsti ilə təchizatı məsələlərinə dair işlər vaxtında başa çatdırılmalı, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunmalıdır. Elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə olunmalı, istilik sistemlərinin fəaliyyəti hava şəraitinə uyğun tənzimlənməli, israfçılığa yol verilməməlidir.
Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəis əvəzi, gömrük xidməti polkovnik-leytenantı Vüsal Həsənli və Mühasibat və maddi-texniki təchizat şöbəsinin rəisi, gömrük xidməti mayoru Əsgər Qurbanov qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işlərlə bağlı məruzə ediblər.
Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanları rəislərinin çıxışları olub. Gömrük idarələrində cari təmir-bərpa və təchizat işlərinin vaxtaşırı olaraq həyata keçirildiyi, payız-qış mövsümündə çatışmazlıqların yaşanmaması üçün müvafiq işlərin görüləcəyi qeyd olunub.
Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıqla bağlı işlərin qısa vaxta başa çatdırılması və Dövlət Gömrük Komitəsində yaradılmış müvafiq komissiya tərəfindən hazırlıq işlərinin yerindəcə yoxlanılması qərara alınıb.
İclasa yekun vuran komitə sədri qeyd edib ki, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının idxalının qarşısının alınması ilə bağlı tədbirlər daim diqqət mərkəzində saxlanılacaq, gömrük orqanları muxtar respublikada təhlükəsiz həyatın təmin olunmasına öz töhfəsini verəcəkdir.
Rahil Tahirli