NUHÇIXAN məcburi sosial sığorta haqlarının ödənilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məsləhətçi-hüquqşünası Hürü Məhərrəmlidən müsahibə alıb. Məqsəd vətəndaşları bu istiqamətdə məlumatlandırmaqdır. Həmin müsahibəni təqdim edirik:
-Hürü xanım, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayındıqda qanunvericilikdə hansı tədbirlərin görülməsi nəzərdə tutulub ?
-Ölkəmizdə sosial sığorta sahəsində münasibətləri tənzimləyən əsas hüquqi sənəd 1997-ci ildə qəbul edilmiş "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu Qanuna əsasən sosial sığorta qanunvericilikdə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin kompensasiya edilməsinə, itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər müəyyənləşdirilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Bu ödənişin vaxtlı-vaxtında həyata keçirilməsi sosial sığorta hadisələri baş verdikdə həmin şəxslərin Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığortası hesabına müavinətlərlə təmin olunmasına imkan yaradır.
-Lakin bəzi hallarda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınırlar. Belə olan halda qanunvericilikdə hansı qaydalar nəzərdə tutulub?
- Bu zaman Fondun yerli orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələrin tətbiq olunmasından istifadə etməli olur. Qeyd edək ki, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən, iyirmi min manatdan yuxarı olmayan məbləğdə məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə hesablanmış məcburi dövlət sosial sığorta haqqının 30 faizindən 70 faizinədək miqdarda cərimə tətbiq edilir. Həmçinin qeyd etmək lazımdır ki, bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
-Bəs məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə hansı tədbrilər görülür?
- Bayaq qeyd etdiklərimlə yanaşı sığorta edənlər tərəfindən məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsində maliyyə sanksiyaları nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdir:
-sığortaedənlər məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozduqda hesablanmış sosial sığorta haqqının 5 faizi məbləğində, əgər sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün deyilsə 22 manat miqdarında maliyyə sanksiyası;
-məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün deyilsə 44 manat miqdarında maliyyə sanksiyası;
-sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı düzgün hesablanmadıqda azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi məbləğində, belə hərəkətlərə təkrar yol verildikdə isə sosial sığorta haqqının 100 faizi məbləğində maliyyə sanksiyası;
-sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqını başqa məqsədlərlə istifadə etməsinə görə sərf olunmuş vəsaitin 50 faizi məbləğində maliyyə sanksiyası;
-sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə gecikdirmənin hər günü üçün məcburi dövlət sosial sığorta haqqının 0,1 faizi məbləğində penya (lakin bir ildən çox olmamaq şərtilə) tətbiq edilir.
Sonda qeyd edək ki, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri, eləcə də digər sığortaedənləri daha da məsuliyyətli olmağa, eyni zamanda qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmamağa sövq edir.
-Ətraflı məlumat üçün çox sağ olun.