O cansız simalar əsrlərin, qərinələrin yol yoldaşı, bəşər tarixinin əvəzsiz şahidləridir. Tişə ustaları zaman-zaman yaratdıqları həmin sənət əsərlərində insan ömrünün, əməllərinin donmuş bir anını təcəssüm etdirirlər. Şəhərimizin park və bağlarını, küçə və meydanlarını gözəlləşdirən Cəlil Məmmədquluzadənin, Bəhruz Kəngərlinin, Qoç Koroğlunun, qəhrəman Babəkin monumental heykəlləri, Məmməd Səid Ordubadinin, Ulu Öndər Heydər Əliyevin, Milli qəhrəman İdris Məmmədovun büst və baralyefləri yerləşdiyi ərazinin özünəməxsus koloritini tamamlamaqla yanaşı, həm də şəhərimizin simvolları sayılır. Zaman-zaman kimilərinin görüş ünvanı olan o heykəllər, baralyeflər, qorolyeflər, büst və abidələr dərin məna və məzmunu ilə ayrı bir gözəllik verir qocaman şəhərimizə.
Qışın şaxtasında, yayın qızmar istisində susqun və təmkinli baxışları ilə ətrafa nəzər yetirən o heykəllərin daxilində nə təlatümlər baş verir görəsən, nələrə şahid olublar? Maraqlıdır, danışsaydı əgər onlar bizə nələr deyərdi, nələrdən danışardı? Beləcə, daşa dönmüş bu obrazlar hər zaman bizi düşündürüblər.
Hər dəfə bu abidənin ətrafında dolandıqca onda yeni -yeni keyfiyyətlər görür, bəşəri ideyalara, donmuş xarakterə və əbədiyaşarlığa heyran oluram. Müdrik el ağsaqqalı Dədə Qorqudun heykəli ilə postament arasındakı dəqiq nisbət, memarlıq üslubunun düzgün icrası, buradakı kiçik bağça ilə uyarlıq ruhumu oxşayır. Min illərin arxasından yenə qopuzunu dindrib Dədəm Qorqud:
Qarlı qara dağların yıxılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsin!
Qamın axan görüklü suyun qurumasın!
Qadir tanrı səni namərdə möhtac etməsin.
Şəhərimizin Heydər Əliyev prospektində Təbriz mehmanxanasının önündəki meydanda dizi üzərində qopuz tutan nurani qoca illərdir ki, bu meydandan gəlib keçən hər kəsə xoş gəldin deyir, onları elə qopuzun sədaları ilə salamlayıb xeyir-dua verir. Şəhərimizin incisinə çevrilən ulu Dədə Qorqudun müdrikləşən heykəli 1999-cu ildə “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyi ilə əlaqədar elə onun adını daşıyan meydanda ucaldılıb. Həmin illərdə Naxçıvana səfər edən Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu abidəyə yüksək qiymət verərək önündə xatirə şəkili də çəkdiriblər.
Tariximizin şanlı səhifələrindən biri onun adı ilə bağlıdır. Bir gün azad yaşamağı 40 il qul kimi yaşamaqdan üstün tutan yenilməz qəhrəman Babək Xürəmmidin əslində hər bir azərbaycanlının qəlbində, ruhunda heykəlləşib. Bu xalqın, bu elin Babək sevgisi təkcə bununla bitməyib. 1988-ci ildən şəhərimizin Dəmiryolu vağzalının qarşısında, sonrakı illərdə isə adını daşıyan Babək rayonunun mərkəzində də xalq qəhrəmanının əzəmətli heykəli ucaldılıb. Tarixdə, mübariz xalqımızın qəlbində əbədi var olan, qəhrəman ərənlərin bütünləşmiş nişanəsi, qəhrəmanlıq və azadlıq rəmzi kimi gələcəyimizə işıq tutan bu heykəllərə baxdıqca bir daha yəqin olur ki, Babək kimi qəhrəmanlar yetirən xalq heç zaman basılmaz.
Qürurla bərq vuran üçrəngli bayrağın kölgəsində ucalan o heykələ baxanda şair Asim Yadigarın bu misraları yadıma düşür.
Heykəltarş qardaşım qəlbinin atəşinə,
O insanın qəlbinin alovundan alov qat.
O insanın adına, əməlinə yaraşan
Əzəmətli, möhtəşəm bir nurlu heykəl yarat.
Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun qəlbinin atəşi ilə yaratdığı ümumilli liderimizin möhtəşəm abidəsi adını daşıyan muzeyin qarşısında əzəmətlə ucalmaqla gecə-gündüz bu diyarı nurlandırır.
Ulu Öndər, Böyük insan! Sənin yolun gələcəyə, işığadır. Yeni həyat tapıb ata yurdun. Hər istəyin, arzun reallaşıb. Yaşayırıq işıq saçan əməlinlə, yaradırıq yaratdığın təməlinlə.
Zamanında kölgəsinə sığındığın o bayraq üçün nələr etmədin ki.. Sənin təşəbbüsün ilə 17 noyabr 1990 cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sesiyasında ilk dəfə üçrəngli bayrağımız dalğalandı. Beləcə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifələri başlandı. Əslində Naxçıvan üçün etdiklərin ilə hər bir naxçıvanlının qəlbində heykəlləşmisən. Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhhbərlər heç zaman unudulmaz ki!
Bu şəhərdə, müqəddəs bir məkanda and yerimizə, qürur ünvanımıza dönən şəhidlər xiyabanında bir ana heykəli də var. Xalq rəsaamı Hüseynqulu Əliyevin yaratdığı abidə ana adına ucaldılmış möhtəşəm bir sənət əsəri, anaların bütünləşmiş obrazıdır. Axı analar da müqəddəsdirlər, cəfakeşdirlər. Adına abidə qoyulacaq qədər böyükdürlər analar. Hamı 20 yanvar günü bu abidənin yerləşdiyi məkana gəlir. Şəhid olmuş övladlarına ağı deyən o müdrik ananın, şəhidlərin önünüdə baş əyir. İndi burada uyuyan şəhidlərin də, ananın da ruhu şaddır. Vətən müharibəsində qisasları alınıb.
“Dünyada sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olar gedər amma söz qalar” – dedi, ədəbiyyatımızın inkişafı, ana dilimizin saflığı uğrunda fədakarcasına mübarizə apardı o. Böyük əməlləri ilə təkcə adını daşıyan bir mədəniyyət ocağının qarşısında yox, həm də ədəbi aləmdə heykəlləşdi Mirzə Cəlil. Ədibin tuncdan tökülən möhtəşəm heykəli şəhərimizdə ucaldılan ilk monumental abidələrdəndir. Heykəldə əngin xəyallar burulğanına qərq olan, baxışlarından fikir süzülən yazçının əsl poetik obrazı böyük ustalıqla əbədiləşdirilib. Paltosunu çiyninə salan Mirzə Cəlil nə düşünür görəsən? Fikrindən kimlər, nələr keçir? Nələr yatır bu dərin düşüncələr altında… Gülbaharın taleyimi, ana dilin qorumaqmı, ya Molla Nəsrəddinmi? Hər halda bütün bunlar daşa dönmüş bir ürəkdə gizlidir. Bizimisə gördüyümüz odur ki, oturuşuğu ilə də tarixin özünə, insanlığa mübarizlik dərsi keçən yazıçı bütün dövrlər üçün əbədiyaşardır. Heykəltaraş Mirəli Mirqasımov 1974-cü ildə hazırladığı, 1990-cı ildə yeri dəyişdirilən heykəl şəhərimizə xüsusi bir gözəllik verir və bu məkana ayaq basan hər kəs özünü bir daha Mirzə Cəlil yurdunda hiss edir.
Böyük Turana sığmayan şairin bir vaxtlar yaşadığı evin qarşısındayam. Cavid ocağının giriş qapısına həkk edilən qorolyefə baxarkən böyük dramaturqun misralarını xatırlayıram .
Gəldin də, neçün pənbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Qulaqlarıma haradasa Cavidin məşəqqətli ömür yolunu xatırladan həzin musiqinin sədaları gəlir.
Heykəltaraş Xanlar Əhmədov bu kompozisiyalı qorolyefdə romantik bir şairin daşa dönmüş surətinə məhəbbətini ifadə edib.
Ömrünün 59 yaşında bu həyatla vidalaşan, “Mən fəqət hüsnü-xuda şairiyəm, yerə enməm də səma şairiyəm” deyən Cavidin baxışları səmaya dikəlib.
Əziz Əliyev küçəsində, Naxçıvançayın sahilində, zülmə və haqsızlığa qarşı mübarizə aparan Koroğlu qıratın belində, Misri qılıncı, qalxanı əlindədir. Əzəmət, qürur, mübarizlik doğur əfsanəvi qəhrəmanın at üstündəki heykəlindən. Bütün türk dünyasının fəxri, qüruru, iftixarı, xalqın ölməz qəhrəmanı Koroğlunun atlı heykəlinin ilk variantını Xalq rəssamı Hüseynqulu Əliyev 1988-ci ildə bu şəhərdə yaradıb. Sonralar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərişi və təşəbbüsü ilə heykəl yenidən ÇXR-də bürüncdən tökülüb.
Abidəyə baxanda dastanda oxuduğum, filmdə gördüyüm səhnələr kino lenti kimi keçir gözlərimin önündən
Düşmənin üstünü quş tək aldıran,
Aslanlar dişindən ovu saldıran,
Xaqanlar başında şeşpər çaldıran,
Qulac qollar buran qoç Koroğludu.
Bu torpağın görkəmli şəxsiyyətləri daş abidələrə dönüb qədim şəhərimizin yeni küçələrini gözəlləşdirirlər. Bu yurdun gözəlliyini hamıdan əvvəl axı o duymuşdu, o vəsf etmişdi fırçası ilə. Bir zamanlar o yaratdı doğma yurdun ölməz rəsmlərini. Sonra isə cəmi 7 il yaradıcılıq yolu keçən 30 yaşlı ustadın yolunu davam etdirən sənətkarlar yaratdılar onun ölməz surətini… Beləcə, rəssam Nuh yurdunun möhtəşəm bir abidəsinə dönməyə haqq qazandı.Yaratdıqları ilə ölümsüzləşdi. Fırçasını əlində tutan Bəhruz elə hey baxır bu yurdun mavi səmasına, füsunkar təbiətinə… yenə yaradır ən gözəl rəsmlərini... Bəzi vaxtlar sənət adamlarını da başına yığır. Naxçıvanla bağlı yaranan biri-birindən gözəl sənət əsərləri dünyanı dolaşır bu minvalla.
Yəqin ki, bir çoxumuz həyatımızda bircə dəfə də olsun həmin heykəllərin önünüdə dayanıb şəkil çədirmişik. Bəzən dəqiqələrlə o donuq baxışlara zillənib gözlərimiz. Mənə görə heykəllər müdrik insanların, böyük şəxsiyyətlərin, qəhrəman oğulların yarım qalan ömürlərinin, həyatlarının davamıdır. Elə onları yaradan heykəltaraşların yükü də digər sənət sahiblərinin yükündən daha ağırdır. Çünki tonlarla ağırlıqda heykəli ərsəyə gətirmək, ona hiss və emosiyalar vermək doğurdan da çətindir. Söz yox ki, o heykəllərin önünüdən hər gün onlarla insan ötüb keçir. Kimiləri belə möhtəşəm abidələrin fərqinə belə varmır, kimiləri isə onların görkəminə, əzəmətinə heyranlığını gizlədə bilməyərək bir həqiqəti dərindən dərk edir. Daşdan, qranitdən, tuncdan, bürüncdən hazırlanan heykəllər nəsillərdən nəsillərə yadigar, insan şəxsiyyətini arxivləşdirən, onu tarixin yaddaşına əbədi həkk edən heykəltaraşlar isə ən az yaratdıqları heykəllər qədər əbədidirlər.
Türkanə Əmoyeva
“NUHÇIXAN”