Amerikalı siyasətçi Naxçıvanda olub - FOTOLAR - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Amerikanın nüfuzlu düşüncə mərkəzi olan “İrs” Fondu yanında Duqlas və Sara Ellisonlar adına Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Lyuk Koffi Naxçıvanda olub. Cənubi Amerikadan Yaxın Şərqə qədər olan araşdırmalara nəzarət edən siyasətçi, muxtar respublikanın bir sıra tarixi və mədəni abidələrini gəzib. Amerikalı qonaq buraya etdiyi səfərdən çox razı qalıb. İnsanların münasibəti və tarixilik qonağı valeh edib. NUHÇIXAN-a verdiyi müsahibədə Lyuk Koffi Naxçıvanı çox bəyəndiyini qeyd edib:
“Mənim burada vaxtım çox yaxşı keçdi. İlk dəfədir ki, Naxçıvana gəlirəm. Burada sabitlik və inkişaf gördüm. Bu çox vacibdir. Hər kəs çox mehriban, nəzakətli, qonaqpərvərdir. Naxçıvanda istehsal sahələri çox inkişaf edib. Onlarla tanışlıq çox xoş oldu. Biləndə ki, muxtar respublika öz daxili tələbatını öz məhsulları hesabına ödəyir, açığı, qəribəmə gəldi. Bu, yaxşı göstəricidir. Bundan başqa şəhərin yaşının 5 min ilə çatmasına baxmayaraq çox müasir görkəmi, yaraşıqlı binaları var. Hiss olunur ki tarixi, mədəniyyəti çox qədimdir və buna heyran qalmamaq mümkün deyil. Naxçıvanda gördüyüm nadir nümunələrdən biri buradakı tarixi binalardır. Bax, bu yanında dayandığımız Nuhun türbəsi çox möhtəşəmdir. Duzdağda oldum. Buranın həm istirahət, həm də sağlamlıq üçün çox yaxşı nümunəvi xidməti var. Duz istehsalı diqqətimi çəkdi. Ümumiyyətlə, Naxçıvan həm iqtisadi, həm tarixi, həm də turizm baxımından maraqlı yerdir. Naxçıvanın tarixi yerləri və onun unikallığı yadımda qalacaq. Onu da qeyd edim ki, yeməkləri çox dadlıdır. Gələcəkdə bir daha buraya səfər edəcəyimi düşünürəm. Ola bilər buradakı təəssüratımı haradasa yazım. Amma mütləq Naxçıvanda gördüklərimlə bağlı dostlarıma və insanlara danışacağam. Mən ümid edirəm ki, yenə də buraya qayıdacağam”-deyib.
Lyuk Koffey həmçinin özünün twitter səhifəsində Naxçıvana etdiyi ilk səfərin təəssüratlarını fotolarla əks etdirib. Naxçıvan dağlarının görüntüsünü əks etdirən fotosunun altında “Naxçıvanın möhtəşəm təbiəti”, “Nuhun türbəsi Səmavi dinlərin nə qədər bəşəri olduğunu göstərir” və “Döyüş Şöhrəti Muzeyindən” paylaşdığı şəkillərdə “Azərbaycanın köhnə döyüş texnikası Naxçıvandakı muzeydə açıq havada nümayiş olunur” yazıb.