2020-ci il noyabrın 10-u Ermənistan rəsmi şəkildə məğlubiyyətini qəbul edir və kaptulyasiya aktına imza atır. Azərbaycan isə tarixi qələbəsinin təntənəsini yaşayır. Ermənistan həm siyasi, həm də iqtisadi cəhətdən məğlub olur. Vətən müharibəsi əslində iki dövlətin dönüş və çöküş nöqtəsi olur.
İqtisadi böhran, məğlubiyyət və xaos içində çırpınan Ermənistana ən yaxşı təklifləri də elə Azərbaycan verdi. Hər iki tərəfə iqtisadi və siyasi cəhətdən uğurlar gətirəcək bu təklifi düşmən ölkə dəyərləndirə bilmədi. Nəqliyyat və kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin açılması əslində düşmən dövləti də xaosdan çıxara bilərdi. Bu kommunikasiya xətlərinin bərpası Ermənistanın iqtisadi və ticarət əlaqələrini də möhkəmləndirə bilərdi. Lakin öz müqəddəratını və ölkəsinin taleyini yenə də yad əllərə, revanşist rejimə həvalə edən ölkə rəhbərliyi Ermənistanı uğursuzluqlara düçar elədi.
Uğursuzluq: Ermənistanın bugünkü taleyi
Paşinyan rejimi hələ də Vətən müharibəsindəki məğlubiyyəti həzm edə bilməyib. Ermənilər düşünürlər ki, bir gün bu məğlubiyyətin qalibiyyəti də olacaq. Amma düşünürlər…Təbii ki, reallıqdan uzaq ənənəvi erməni düşüncə tərzi ilk növbədə məhz Ermənistana ciddi problemlər yaradır. Ermənistan ordusunun durmadan təxribatlar törətməsi, müxtəlif ölkələrdəki səfirliklərimizə qarşı hücumlar, diplomatik müzakirələrdən sonra heç bir sözə əməl etməmək erməni reallığının göstəriciləridir. Halbuki, Ermənistanın savaş meydanından sonra siyasi-diplomatik masada da ardıcıl məğlubiyyətləri erməni toplumuna düşüncə tərzini dəyişməyi bir daha bəyan edirdi. Amma Ermənistan yenə də eyni uğursuz ssenarini yazır. Yandırır, dağıdır, məhv edir…
Azərbaycanın işğaldan azad etdiyi torpaqlarını tərk edən zaman meşələri yandırır, evləri dağıdır, diplomatik masalarda isə özlərini məhv edirlər. Azərbaycan dövlətinin isə ermənilərə öz torpaqlarından çıxmaq üçün müəyyən vaxt verməsinin səbəbi isə sadəcə humanistlik göstəricisi idi. Beynəlxalq hüquq normalarından anlamaq istəməyən Ermənistan diplomatiyasını "telefon dəstəyi" yaxud da, "zəng" diplomatiyası adlandıra bilərik. Çünki Azərbaycana qarşı təxribatlara əl atan düşmənə layiqli dərs verdiyimiz zaman ölkə lideri dərhal ölkəsinin müqəddəratını telefonun dəstəyindən asılı hala salır. Fransaya zəng, Rusiyaya zəng, İrana zəng, Qərbə zəng, Şərqə zəng... Beləcə özləri özlərinin ən yaxşı etirafçısı olur. "Artıq heç kəsi Ermənistanın fikri maraqlandırmır" deyən Levon Ter-Petrosyan ölkənin bugünkü vəziyyətini təsdiq edir.
Qadınlara möhtac olan Ermənistan və ya amerikalı arvadın səfəri...
Ermənistan törətdiyi hərbi təxribatlardan sonra "telefon dəstəyi" diplomatiyasını ortaya qoydu. Bu isə regional faktorları birmənalı şəkildə Ermənistanın əleyhinə çevirdi. Və indi Ermənistanın mövcudluğu əvvəlkindən daha çox risk altına düşmüş oldu. Düşmən ölkə bir quyu qazır və o quyuya yalnız özü düşür.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri əslində, Ermənistana xeyirdən daha çox ziyan vura bilər. Yəqin ki, zaman keçdikcə, bu reallığı anlayan Paşinyan başına çox vurmuş olacaq. 82 yaşlı nənə "nağıllar" danışmaqla Ermənistanı himayədarlarından da uzaqlaşdırır. Hətta, siyasi masalarda davranış qaydalarını bilməyən erməni diplomatları Nensiyə də böyük hörmətsizlik etdi. Bu fakt da dünyanın gözündən yayınmadı. Amerikalı qonağın jurnalistlərin suallarını cavablandırmaq üçün təyin edəcəkləri tərcüməçi də ermənilərin yadından çıxıb. Jurnalist sual verir, Nensi isə anlamır, beləcə, erməni diplomatiyası bir neçə dəqiqəlik də olsa özünü yenə biabır edir. Sonradan kürsüyə çıxan tərcüməçi qadın, bir təhər danışır və Nensini itələyərək “qoy mən danışım, sonra sən danışarsan” prinsipini ortaya qoyur. Beləcə, dünya bir daha anlayır ki, Ermənistan hakimiyyəti artıq qadınlara möhtac olub.
Çaqqal yuxu gördü deyə canavarın soyu tükənməz.
Bir ölər, min dirilərik...
Vətən müharibəsindəki məğlubiyyəti həzm edə bilməyən ermənilər artıq tez-tez təxribatlara əl atır. Bu təxribatların cavabını Azərbaycan əsgəri layiqincə verir. Düşmənə qarşı dərhal adekvat tədbirlər görən ordumuz yenə də Ermənistanı məğlub edir.
Sərhədboyu ərazilərdə ermənilərin itkiləri yenə də çoxalır. Azərbaycan əsgəri isə bu yolda, müqəddəs amal üçün şəhid olur. Bir ölür, min dirilir. Ermənilərin gördüyü yuxular, özünəxas erməni xəyalları düşmən dövləti məhvə aparır. Azərbaycan ordusu isə öz ata-baba torpaqlarını düşməndən geri alır, ədaləti bərpa edir. Azərbaycan dövləti yaxşı anlayır ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Azərbaycan isə buna sülh yolu ilə nail olmaq istəyir. İqtisadi cəhətdən Ermənistanın da ticarət əlaqələrini yaxşılaşdıracaq bu dəhlizin açılmasını, gələcək perspektivlərini isə erməni hakimiyyəti hələ də dərk etmir. Azərbaycan bu uğurlara istər döyüş meydanında, istərsə də beynəlxalq diplomatiyada nail olub və olacaq da.
Tutarlı diplomatiya... Siyasi güc.
Azərbaycan son illərdə ən mühüm beynəlxalq konfranslarda, dünya əhəmiyyətli mötəbər tədbirlərdə nəhəng dövlətlərlə birlikdə uğurla iştirak edir. Son günlər yadda qalan beynəlxalq əhəmiyyətli tədbirlərdən biri də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı oldu. Analtiklərin fikrinə görə, ölkəmizin burda iştirakı böyük tranzit-nəqliyyat layihələrinin işə düşməsinə təkan verəcək. Bu da ölkəmizin nəinki regionda, dünyada əhəmiyyətini daha da artıracaq. Şərqlə Qərb arasında iqtisadi-ticarət əlaqələri genişlənəcək. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın nəqliyyat-logistika mərkəzi statusuna sahib olmağını bir daha təsdiq edəcək.
Şanxay Əməkdaşlıq Təşkilatında yadda qalan daha bir məqam isə Azərbaycan prezidentinin burda inamlı, qətiyyətli, mətanətli və uğurlu iştirakı oldu. Ölkə başçısının təbəssümündə zəfərin və qələbənin əzmi duyulurdu. Bu isə ölkə liderinin timsalında Azərbaycan diplomatiyasının gücünü və qüdrətini göstərirdi. Qeyd edək ki, həmin görüşdə iştirakdan Paşinyan imtina etmişdi. Hayların başçısı yaxşı anlayırdı ki, öz uğursuz diplomatiyası ilə ölkəsinin müqəddəratını onsuz da həll edə bilməyəcək. Necə deyərlər, “suyu süzülə-süzülə” geri dönəcək.
Cənab İlham Əliyevin dediyi kimi, "Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də."
Mətin Kamal
Naxçıvan televiziyasının əməkdaşı