Çiyinlərində, qəlbində illərin yükü, əllərində zəhmətin qabarı, addım-addım yaxınlaşarkən yolun sonuna düşünərsən:
-Görəsən, hansı daha çox yoruldu, qəlbim, yoxsa əllərim?
Yaxşı, ya da pis, hər nə yaşayırıqsa müəyyən zaman sonra hər şeyin geridə qaldığını düşünürük. Sən demə, ömürdən yola verdiyimiz hər gün, qəlbimizdə basdırdığımızı düşündüyümüz hər duyğu ilmə-ilmə üzümüzdə, əllərimizdəki cizgilərə toxunurmuş.
Düşün ki, ayna qarşısına keçirsən və üzündəki cizgilərə baxıb ötən illərini bir film lenti kimi xatırlayırsan. “Bunu da etdim, buna da dözdüm, bunu da yaşadım”, deyirsən öz-özünə.
Qadınlığın ən ali mərtəbəsi ana olmaqdır. Elə bu məqamda bir də ana olaraq baxırsan özünə. Yuxusuz gecələrin, övlad üçün keçirdiyin həyəcan, narahatlıqlar gəlir ağlına. Onu böyütmək üçün çabaladığın işlər, əlinin qabarı olaraq izi qalan zəhmətləri xatırlayırsan.
Heç unutmaram, uşaqkən yaşlı insanların üzündəki qırışları sayardım və sonuncu qırışın sayı ilə həmin insanın yaşını yəqin edərdim. Elə bilirdim ki, yaşın neçədirsə, üzündə də bir o sayda qırış olur. Böyüdüm, anladım ki, insanın üzündəki qırışlar, saçındakı dənlər onun yaşı qədər deyil, yaşadıqları qədərmiş. İnsanın üzünə qırış, saçına dən salan da yaşananlarmış.
Bəzi qadınlar var ki, öz güclü simaları ilə seçilirlər. Onların bəziləri arasında incə cizgi kimi görünən kəskin fərq ola bilir. Biri var sahib olduqlarınla güclü olasan, biri də var ki, sahib olduqlarına baxasan, güclü olasan. Maddi sıxıntılar, ailə ehtiyacları, övladın istəkləri və s. ilə mübarizə apararkən bir də baxırsan ki, güclü qadın simalarından biri də elə sən olmusan.
Azərbaycan qadını yeri gəldi atasız övlad böyütdü. Zərif əlləri torpaqda çabalamaqdan qabar oldu, corab toxumaqdan gözünün nuru azaldı, amma övladını oxutdu, cəmiyyətə bilikli, savadlı, faydalı nəsil yetişdirdi. Vətənə layiqli övlad böyüdüb ordu sıralarına göndərdi. Yeri gəldi gözünün nurunu, doyunca bağrına basmadığı oğlunu Vətən yolunda şəhid verib quru torpağın bağrına tapşırdı. Amma ayağa qalxdı, bütün bunlara da sinə gərməyə çalışdı. Bu günə qədər övlad üçün çəkdiyi əziyyətləri unutdu, bundan sonrasında yoxluğun verəcəyi acıya əyilməmək üçün güc axtardı özündə.
...Hər insan qəlbində basdırdıqları, bu günündə yaşadıqları, sabaha saxladıqları ilə özlüyündə bir dəryadır. Kimisi onu keçmişin izləri, mümkünsüzlüklərin ağrısı ilə kirlədir, kimisi isə güclü çıxıb onu bu sadalananlardan qoruya bilir. Dəryanın tam ortasında susuzluq çəkənləri demirəm hələ...
İnsan olaraq yolumuz bir-birimizdən keçir, yolumuz bir-birimizlə kəsişir. Yolumuz keçən insanlar sadəcə gördüyümüz qədərilə qalır. Yolumuz kəsişən insanları isə müəyyən qədər tanıyırıq. Buna baxmayaraq, bütün cəfakeş analar və fədakar qadınlar eynidir: övlad, sevgi uğrunda nə yoldan çəkilər, nə də yolu bağlayar.
Kainatda hər şey Tanrının, çox şey isə qadının əsəridir...
Fatma Babayeva