Ad günü-Anım günü... - OÇERK - FOTOLAR
Bəzən oxşar və eyni rəqəmlər ömürlərə o qədər “bəzək” vurur ki, insan bunun qarşısında heyrətə gəlməyə bilmir. 27 sentyabrda doğulub, 27 sentyabrda ömrünün sonuna doğru yolçuluğa çıxan və elə bu gün 27 yaşını onsuz andığımız şəhid İlkin Muradlının həyatındakı 27-lər kimi...
Belə oxşar və eyni rəqəmlər dahilərin, böyük şəxsiyyətlərin, bir sözlə, tarixdə izi olanların, heç vaxt hafizələrdən və qəlblərdən silinməyəcək Vətən sevdalılarının ömürlərini “bəzəyir”. Bəzəyir ki, onların həyatı daha yaddaqalan, tarixin səhifələrinə dərindən həkk olan həyatlardan olsun. Bəzəyir ki, o oxşar rəqəmlərlə yanıb yaxılasan. Üst-üstə düşən bu rəqəmlərin səndən kimi qopardığının fərqi ilə bir ömür yaşayasan. Bəzəyir ki, İlkin kimi bu gün üç 27-nin əhatəsində şəhidlik zirvəsindən boylanan Vətən fədaisinin hünər, qəhrəmanlıq, mərdlik, qorxmazlıq dolu həyatı qarşısında donub qalasan.
İlkin 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dünyaya göz açmışdı. Lap yaxından tanıdığım zəhmətkeş bir ailənin övladı idi. Ata-anası əllərinin qabarı ilə böyüdürdü İlkini və ondan kiçik iki qardaşını.
Bu valideynlər üç uşağın qayğıları ilə yanaşı, həm də ev tikirdilər. Yolum o evin qarşısından tez-tez düşdüyü üçün onun kərpic-kərpic qalxdığının da, aylarla elə olduğu kimi qaldığının da şahidi idim. Hələ indinin özündə də o ev tamamilə hazır deyil. Bəlkə də olardı. Lakin İlkinin şəhid olması bu ata-ananın əl-qolunu bağladı. Axı onlar İlkinin toyu üçün bu evin tez hazır olmasına çalışırdılar. Zəhmətlə, alın təri ilə qazandıqları pulu ildə bu evin bir işinə ayırırdılar ki, İlkin həddi-buluğa çatanadək ev də hazır olsun. Özlərinin gəncliyi bu evin yaxınlığındakı köhnə, şəraitsiz daxmada ötsə də, övladlarını bu işıqlı evdə böyütməyə, xeyir işlərini görməyə çalışırdılar. O da ki, illərlə başa gəlmək bilmirdi. Çünki qayğılar çox, qazanc isə az idi...
Bütün bunlar hər dəfə İlkindən söhbət düşəndə kino lenti kimi gözlərim qarşısından ötür. İki zəhmət adamının övladları üçün öz gəncliklərindən keçmələrini, onların yaxşı yaşayışı üçün əllərindən gələni etdiklərini, fədakarlıqlarını yaxşı xatırlayıram.
İlkinin anası ilə bir neçə il bir yerdə də çalışmışıq. Bu övladları üçün canından keçməyə hazır olan ana onların firavanlığı, xoşbəxtliyi üçün nələr etmirdi. Onların ehtiyaclarının ödənməsi üçün öz ehtiyaclarından keçirdi. Onların təhsil alması, geyinib-kecinməsi üçün son qəpiyini xərcləyirdi. Bir ay iş yerinə ayaq döyürdü, lakin ayın sonunda maaş vaxtı bir manatı özü üçün xərcləmirdi. Hamısı onlar üçün-övladları üçün idi.
İlkin Şahbuz şəhərində orta təhsil aldıqdan sonra 2011-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirirdi. Kaş ki, siz bu valideynlərin qürurunu görə bilərdiniz həmin vaxt. Kaş siz onların ilkləri İlkinin bu uğuruna necə sevindiklərini görərdiniz. Heç bir təhsili olmayan bu iki valideynin yetişdirdikləri övladları ilə necə öyündüklərinin şahidi olardınız. Hələ İlkin 2014-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olanda bu ailənin kaş ki qonağı olardınız. Onların zəhmətkeşlikləri ilə vətənpərvərliklərinin birgə bəhrəsi olan bu uğurun şahidi olardınız. Elə bil dünyanı onlara vermişdilər. Övladları ilə bir o qədər qürur duyurdular.
İlkinin anası Həcər xanım söhbətimiz zamanı həmişə deyirdi ki, uşaqlarım nə qədər əziyyət çəkdiyimi görürlər. Deyirlər ki, ana, qoy böyüyək, səni xanımlar kimi saxlayacağıq. Sən bizim yolumuzda olmazın əziyyətini çəkmisən. Bütün bunları sənə unutduracağıq.
İlkin qardaşlarından böyük olduğu üçün ana-atasının çox işlədiklərini, zəhmətə qatlandıqlarını daha yaxşı anlayırdı. Odur ki, məktəbi bitirib işləməyə can atır, valideynlərinə arxa-dayaq olmağa çalışırdı. Yarımçıq evlərinin tamamlanmasına kömək etməyə həvəs göstərirdi.
2017-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətə başlayan İlkin 29 iyun 2020-ci ildə baş leytenant rütbəsi alaraq hərbi xidmətini davam etdirirdi. Bu ailənin qürurunun üzərinə yeni bir qürur gətirmişdi. Onlar elə hey İlkindən danışırdılar. Onun uğurlarından söhbət açırdılar. Bu zəhmət adamlarının hərbçi övlad yetişdirmələri onlar üçün o qədər böyük qürur idi ki...
Azərbaycan Ordusunun baş leytenantı olan, zəhmətkeş ailəsinin verdiyi Vətən sevgisi, torpaq sevdası ilə böyüyən İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edir, Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşur. 9 noyabrda, Zəfərimizə cəmi bir gün qalmış, müharibənin bitdiyi saatlarda Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Şuşa-Kəlbəcər istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olur.
Zəhməti ana südü, ata nəsihəti ilə canına, ruhuna hopduran, Vətən, torpaq sevgisini də elə ilkin olaraq valideynlərinin zəhməti, qabarlı əlləri üzərində qurulan halallıqdan alan, təhsil aldığı illərdə ölkəmizdə gənclərimizə göstərilən qayğıdan bəhrələnən İlkini yaxınları, dostları və cəbhədə onunla yanaşı döyüşən yoldaşları böyük sayğı ilə xatırlayırlar. Onun mərdliyindən, hünər və cəsarətindən, qorxmazlığından, ölümün gözünə dik baxmasından, “öldü var, döndü yoxdur” prinsipindən, çalışdığı hərbi hissənin adını uca tutmasından, bir də ən əsası, Vətənə hər oğulun borclu olduğunu tez-tez vurğulamasından ağızdolusu danışırlar.
İlkini tanıyanların hər biri ondan böyük sevgi ilə bəhs edir. Onun haqqında danışan hər kəsin səsində bir titrəyiş olduğunu duyursan. Bu, İlkin kimi yoldaşı, dostu, qardaşı itirmək təəssüfüdür. Bu, İlkin kimi oğulu itirmək qəhəridir. Bu qəhər İlkindən söhbət açılanda boğazlarda düyünlənir, göz yaşına çevrilib muncuq-muncuq sellənir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İlkin Muradlı ölümündən sonra “Vətən uğrunda” medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə dövlət başçısının 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
İlkin Muradlı həmçinin Azərbaycanın Şuşa və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Daha sonra, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə də təltif edilmişdir.
Ali Baş Komandan, dövlətimizin başçısının təltifləri İlkin Muradlının həyat yolu haqqında öz sözünü deyir. Onun Vətənə şərəfli xidmətindən, neçə-neçə rayonlarımızın düşmən tapdağından azad olunmasında göstərdiyi misilsiz xidmətdən söhbət açır. İlkinin igidliyindən, qorxmazlığından, cəsarətindən, eyni zamanda qələbənin qazanılması üçün verdiyi təkliflərdən, əsgərlərimizə rəhbərlik edərək ağıllı planları ilə düşməni məğlub etməsindən və tariximizin səhifələrinə adını qızıl hərflərlə yazmasından danışır.
İlkin... Anasının ilki. İlk beşiyi, ilk laylası. 27 sentyabr sənin doğum günündür. Həm də yoxluğuna başlanan yoldur, ananın dilindəki bayatıdır:
Əzizinəm ilkini,
Sevər ana ilkini,
Sıxar gözün, hey ağlar
Ta olmayan İlkini.
Nə yaxşı ki, doğulmuşdun. Bu dünyaya gəlmişdin. Nə yaxşı ki, 27 sentyabrda başlanan İkinci Vətən Müharibəsində Zəfərin qazanılmasında aparıcı qüvvələrdən biri olmuşdun. Sizlər olmasaydınız, Ali Baş Komandanımızın ətrafında sıx birləşməsəydiniz, “dəmir yumruğ”a qol gücünüzü verməsəydiniz, torpaqlarımızı geri ala bilməzdik. Namusumuzu, şərəfimizi xilas edə bilməzdik.
Bu gün 27 yaşın tamam olur, İlkin. Sən anadan olandan hələ bir neçə il qabaq başlamışdı Qarabağın qara günləri. Düşmən bu yerin sakinlərini silahın burnunda illərlə zülm, zəhmətlə qurub-yaratdıqları evlərindən, ata-baba yurdlarından didərgin salmışdı. Minlərlə qocanı, uşağı, ata-ananı, gənci qətlə yetirmiş, qanlarını içmişdilər. Torpaqlarımızı işğal edib könlümüzə yara vurmuşdular. 30 il idi ki, inləyirdi o torpaqlar. Otuz il idi ki, başına qara şalını salıb sizin yolunuz gözləyirdi. Baharını, yazını, günəşini qovmuşdu Qarabağ. Özünə söz vermişdi ki, siz gedənədək baharı qarşılamaz, günəşə boylanmaz. Odur ki, sizinlə payızı bahar oldu Qarabağın. Ətrinizi duydu, bağrını açdı sizlərə, eləcə də bahara, günəşə...
Siz Qarabağa 30 il gəlməyən baharı gətirdiniz, ondan qışını, payızını alıb ömrünüzə qonaq etdiniz. Sizlər Qarabağa günəş oldunuz, onun qara rəngini anaların yaylığına naxış etdiniz. Sizlər qanınızla 30 il susuzdan çatlayan Qarabağ torpaqlarını suvardınız. Qarabağın rəngini, gülünü-çiçəyini qaytardınız ona.
Nə yaxşı ki, doğulmuşdun, İlkin. Ad gününü hər il Anım günündə anacağıq. Bu, iki tarixi gün, iki böyük hadisədir. 27-nin birində sən dünyaya gəlmisən, birində isə bizi qələbəyə doğru aparmısan. Nə yaxşı ki, doğulmuşdun, əziz balamız. Həmişə qəlbimizdə olan balamız. Qürur, fəxarət yerimiz İlkinimiz. Düşmənə göz dağı İlkinimiz! Səni ananla birlikdə həmişə belə anacağıq:
Aşıq, bil, yağıya kin,
Dönər hər il ağıya kin.
Düşmənə göz dağıdır
Qarabağımda İlkin.
Mətanət Məmmədova