Sonsuz ehtiramla anırıq... Baş leytenant Zülfü Rzayev - FOTOLAR
Zaman gəlib çatmışdı. İllərlə güclənən, dünyanın ən müasir silah-sursatına sahib olan müzəffər ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azadlığına qovuşdurmalı, addım-addım irəliləməli idi... O gün bu gün idi... Təqvimin 27 sentyabr tarixi...
Elə bil dünən idi o hadisələr, o həyacanlı, sevinc, kədər qarışıq qürurlu günlərimiz. Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə, şəhidlərin qanı ilə yazılan 2020-ci ilin 27 sentyabrı... İllər, əsrlər keçsə də hər zaman fəxr, bir az da kədərlə xatırlayacağımız günlər, həftələr, aylar... Artlıq iki ildir ki, xalqımız sentyabrın 27-sini II Qarabağ müharibəsinin başlandığı gün və Anım Günü kimi şəhidlərə böyük ehtiramla qeyd edir. Ölkəmizin hər yerində, dünyanın hansı bucağında yaşamasından asılı olmayaraq qəlbi bu torpağa, bu vətənə, o oğullara bağlı olan hər kəs şəhidlərimizin əziz xatirəsini anır, onları əbədi minnətdarlıq hissi ilə xatırlayır.
Hər şey o vaxt başlamışdı. Sentyabrın 26-dan 27 -nə keçən gecədən başlayan şanlı zəfərimiz sonradan “Vətən müharibəsi”, “Dəmir yumruq”əməliyyatı ilə dünya hərb tarixinin bir səhifəsinə dönəcəkdi.
O gecə yenə illərlə torpağımıza sahiblik edən quduz ermənilər həddini aşdı. Amma bir türk məsəlində deyildiyi kimi: “bu bardağı daşıran son damla idi”. Təbii ki, Azərbaycanın qeyrətli oğulları Aprel döyüşlərində, Tovuz hadisələrində olduğu kimi onların bu hiyləgər niyyətini də cavabsız qoymadı. İgidlərimiz silaha sarıldı, 27 sentyabr səhəri müharibə xəbəri ilə açıldı.
Gözlərimiz mavi ekranlarda, qulaqlarımız səsdə idi. Cəbhədən, döyüş bölgəsindən hər an xəbər gözləyirdik. Müharibənin hər günü qələbə ətirli xoş müjdələrlə yadda qalırdı. Ancaq nə edəsən ki, müharibə itkisiz, qələbə qurbansız olmur. O tarixi günlərdə bir evin çırağı, bir ananın oğlu, bir qadının həyat yoldaşı, bir övladın atası cavan ömrünə acımadan vətən naminə sinəsini düşmən gülləsinə sipər etdi. Belə qəhrəman oğullarımızdan biri də baş leytenant Zülfü Rzayev idi.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan Hərbi Liseydə təhsil alan gənclərin ən yüksək mənəvi keyfiyyəti onların ürəyindəki böyük vətənpərvərlik sevgisidir. Zülfü də 2007-2010-cu illərdə bu hərbi məktəbdə oxuyan zaman özünü ciddi intizama, zabitlik məsuliyyətinə alışdırmışdı. 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq ixtisaslı, peşəkar hərbçi, zabit olmuşdu. Bu yolu seçməkdə məqsədi günün birində işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurmaq idi.
2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən hərbi hissəsələrinin birində xidmət edən Zülfü döyüş növbətçiliyində olan zaman işğalda olan torpaqlarımıza həsrətlə baxar. Can atardı ki ayağı o torpaqlara dəysin. Onun bu arzusu 2016-cı ilin 4 günlük Aprel döyüşlərində yerinə yetdi. Lələtəpənin azad olunmasında böyük şücaət göstərdi. İlk dəfə o zaman verdi bu vətənə olan borcunu. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevlə şəxsən görüşdü və bu görüşdə “İgidliyə görə” medalı ilə təltif olundu. Daha sonralar, 2018-ci ildə Silahlı Qüvvələrin 100 illik yubiley medalını aldı. Zülfü Vətən müharibəsinin də ilk günündən əsl qəhrəmalıq göstərdi. Düşmənin keçilməz sədlərini yardı, Füzulinin azadlığı üçün döyüşdü və bu amal uğrunda şəhadətə yüksəldi. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına və “Azərbaycan bayrağı” ordeninə layiq görüldü.
Hər zaman üzündə bir uşaq məsumluğu olan, zahiri görünüşü ilə daxili heç də uyğun gəlməyən, canından çox sevdiyi bayraq üçün “Cana can, qana qan yetər ki, sən dalğalan” deyən Zülfü o bayrağın işğaldan azad olunmuş torpaqlarımızda da dalğalanması üçün nələr etmədi ki... Şirin canını, övlad sevincini, ata adını fəda etdi. 1993-cü ilin allı-güllü bir may günü Şahbuz raronunun Külüs kəndində başlayan ömür yolu oradan çox uzaqlarda 2020-ci ilin 27 sentyabrında Füzulidə sona çatdı. 2020-ci ilin 1 oktyabr tarixində böyük izdiham, bir el məhəbbəti ilə doğulduğu Külüs kəndində dəfn olundu.
Qəhrəman Zülfü və onun həyat yoldaşı, sevgisi Gülnarın əsl hekayəsi isə bəlkə də elə o vaxtdan başladı...
Gülnar xanımla vədələşdiyimiz vaxtda təbiətin sakit bir guşəsində görüşürük. Ona yaxınlaşdıqca qəlbimdən bir gizilti keçir. Göz yaşlarımı saxlaya bilmirəm. O an düşünürəm. Bəlkə, onunla bu barədə heç danışmayım, yarasını qanatmayım. Onun o duruşu mənə çox şey deyirdi. Geri qayıdıb təkcə bunları da yaza bilərdim.
Qara libas geyinən 26 yaşlı bu gənc xanım ailə səadətini, yoldaş qayğısını, bütün sevinclərini, hətta analıq hissini də iki il öncə, 24 yaşında sevdiyi ilə birgə torpağa basdırıb. Bütün bunlara rəğmən güclü duruşu var bu mərd qadının. Çünki, o bir şəhidin nakam qalan sevgisi, bir qəhrəmanın yarıdır.
Artıq iki il ötür o gündən. Gülnarın Zülfü ilə son görüşündən. Zülfünün Vətən üçün Füzulidəki yaşadıqları o evdən çıxdığı gündən.
İki il bundan əvvəl hər şey fərqli idi onlar üçün. 26 sentyabr...
Zülfü hər zamankı kimi səhər erkəndən hazırlaşıb işinə getdi. Gülnar isə şagirdlərinə dərs demək, sonra isə evə qayıdıb hər zamankı kimi yemək bişirmək, hərbçi yoldaşını gözləmək üçün tələsdi. O gün hər şey fərqli oldu. Günortadan sonra Zülfü evə qayıtdı. Paltarlarını yığmağı, yoluna yemək qoymağı tapşırdı Gülnara. Son dəfə birlikdə eyni masa arxasında yemək yedilər, çay içdilər, söhbət etdilər, Zülfü doğmaları ilə danışdı. Bir qədər sonra Gülnarın alnından öpüb qapıdan çıxdı və qayıdacam dedi.
- Sentyabrın 26-sı onu yola saldım. Allaha əmanət etdim. Hamıdan uzaqda idik. Nə atası, anası ilə, nə bacısı, qardaşı ilə sağollaşdı. Zülfü ümumiyyətlə bunu hiss etdirəcək adam da deyildi. Təkcə sevdiyi qadın kimi yox atası, anası, qardaşı, bacısı, olmayan balası kimi qucaqladım onu. Dəfələrlə getmə dedim, axı mən burda təkəm. Dedi “gələcəm Gülüm”. Bir gün sonra gəldi. Amma fərqli... Yenə qaçdım qabağına, qucaqlamadı məni. Səsimə də səs vermədi. Bu gəliş cavanlığımı, keçmişimi, gələcəyimi, xəyallarımı, arzularımı, analığımı apardı. Heç kimə heç nə demədi. Son sözü, son istəyi, son arzusu nə oldu bilmədik. Məni kimə tapşırdı heç onu da bilmədik.
27 sentyabr səhəri Gülnar Zülfü ilə son dəfə danışdı. 48 saniyəlik bu telefon danışığı yaddaşının bir küncündə əbədi qaldı. Daha Zülfünün səsini eşitmədi.
- 27-si yanımda deyildi ikimiz də ayrı-ayrı yerlərdə idik. Amma zəng etmişdi. Eşitmişdim səsini, yenə eyni səmaya baxırdıq. Taki, həmin gün “kəşfiyyatın komandiri yaralanıb” xəbərini eşidənə qədər.
Heç vaxt fikirləşməzdim ki, ona bir şey olar. Deyə-gülə qapıdan çıxdı. Müharibə başlayan gün ən öndə gedənlər Zülfünün olduğu bölük olub. Döyüş zamanı qolundan qəlpə yarası alsa da Zülfü yarasını özü sarıyıb, döyüşə davam edib. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə boğazından vurularaq şəhid olub. Həmişə can atırdı ki, o torpaqlara ayaq bassın, o torpaqların ətrini alsın. Bəlkə bu səbəbdən işğaldan azad olunmuş torpaqlara ilk ayaq basan oğullarından, ilk şəhidlərdən oldu.
Yanaqlarını isladan göz yaşlarını silən Gülnar xanım xəyalən Horadizdə,o torpaqlarda, o evdə, o həyətdə yaşadığı günlərə qayıdır.
- Zülfü bu həyatla bağlı son dəfə nələr yaşayıbsa o torpaqlarda olub. Son dəfə orda səmaya baxıb, o torpaqlarda nəfəs alıb, son nəfəsini orada verib.
2018-ci ildə ailə qurduqdan sonra onunla Füzulidə yaşadıq. Ailə quran hər gənc kimi bizim də xəyallarımız vardı. Bizə aid evimiz olacaqdı. İçində gözəl günlər yaşayıb, xoş anlara çevirəcəyimiz ev. Yalnız körpələrimizin ağlamaq səsindən başqa o evdə həmişə gülüş səsləri yüksələcəkdi. Bayramlarda süfrə qurub, qonaq qarşılayacaqdıq. Və birlikdə qocalacaqdıq o evdə. Doğrudur, artıq mənzil var. Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən 2021-ci ilin mart ayında Şahbuz rayonunda mənzillə təmin olundum. Amma o evi isidəcək, yuvam dedirdəcək Zülfü yoxdur. Hər gün yaşadığım evin qapısını tək açıram. O evdə məni qarşılayacaq nə həyat yoldaşım, nə bir övladım var. Bu həyatdakı tək misiyam onun uca məqamını yaşatmaqdı. Zülfü işini sevirdi. Hər zaman işğaldan azad olunmuş torpaqlardan danışardı. Aprel döyüşlərində də öz şücaətini göstərmişdi. Deyirdi övladlarımız olsa birinin adını Cəbrayıl, digərinin adını Füzuli qoycam. Yəqin ki, Zülfüyə oxşayan, onun kimi gülə bilən bir övladım olsa idi daha gözəl olardı. Belkə də mən hər şeyə təkbaşıma sinə gərəcək gücdəymişəm ki, tanrı mənə bu taleyi yazıb. Biz bütün xəyallarımızı Vətənə qurban vermişik.
Zülfünün gedişilə öhdəliyimə verilən çox şey var. Bir qəhrəmanın yarı kimi çox güclü durmalıyam. Duruşum dosta güvən, düşmənə göz dağı olmalıdır.
Zülfü ən yaxşı oğul, ən sadiq komandir, ən gözəl dost, həyat yoldaşı, bəlkə də ən ideal ata olardı. Doğrudur, başımın tacını, evimi itirmişəm. Amma hər şeyə rəğmən fəxr edirəm, nə yaxşı ki, Zülfü kimi bir insan olub həyatımda. Çox istərdim ki, o hərbi formalar Zülfünün əynində olsun, medallarını özü assın, Aprel döyüşlərində olduğu kimi özü danışsın qəhrəmanlığından, döyüş yolundan... Biz bu torpaqlarda rahat yaşayırıqsa Zülfü kimi oğulların sayəsindədir. Düzdür, kapitan rütbəsini ala bilmədi Zülfü, amma ən yüksək rütbəni aldı, ən gözəl məqama ucaldı. Onun yoxluğu cismanidir. Hər an yanımda hiss edirəm. Bu həyat yolunda əlimi tez buraxsa da, o dünyada əlini yenə mənə uzadacağına, yarım qalan hər şeyin bir gün yenidən davam edəcəyinə inanıram.
Gülnar xanımın bu sözlərində həqiqət var. Axı şəhidlər ölmürlər!. İndi yağış yağanda qara torpaq Gülnar xanım üçün palçıq yaratmır, Zülfünün ətrini gətirir. O, şəhid qanının damladığı torpaqlarda bitən xarı bülbüllərə, zirvələrdə dalğalanan bayrağımıza fəxrlə baxdıqca Zülfünün nurlu simasını, gülər üzünü görür. Biz Vətən müharibəsində Zülfü kimi dağ vüqarlı oğullarımızı itirərək haqqımız olanı aldıq düşməndən. O igid oğullar bu xalqın tarixində əbədiyaşardırlar.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onları əbədi minnətdarlıq hissi, sonsuz ehtiramla anırıq!
Türkanə Əmoyeva
“NUHÇIXAN”