“Məktəb hekayələri”

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Milax kənd kitabxanasında görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin "Məktəb hekayələri" kitabının müzakirəsi keçirilib.  Kitabxananın müdiri Gülsənəm Quliyeva çıxış edərək bildirib ki, xalq müəllimi Məhəmməd Tağı Sidqinin yaradıcılığı ötən əsrdə yetərincə öyrənilməyib. Müstəqillik illərində isə bu istiqamətdə mühüm işlər görülüb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə ev muzeyi yaradılıb. Naxçıvan teatrının ilk yaradıcılarından olan Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi də həmin vaxt muxtar respublikada geniş şəkildə qeyd olunub.

 Böyük ədibin hekayələrinin müəyyən bir qismi kitab halına salınıb və oxunması zəruri olan kitablar siyahısına daxil edilib. Onun "Məktəb hekayələri" kitabı yeni nəslin milli ruhda tərbiyələnməsində mühüm rola malikdir.

Sonra çıxış edənlər "Məktəb hekayələri" kitabının tərbiyəvi əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, bütün ömrünü uşaqların, gənclərin təhsilə, elmə, inkişafa yiyələndirilməsinə, onlarda yüksək mənəvi-əxlaqi hislərin formalaşmasına həsr edən, bu istiqamətdə əməli tədbirlər həyata keçirən ədibin bu kitabdakı hekayələri böyüməkdə olan yeni nəslə xitab təsiri bağışlayır. "Məktəb hekayələri" adı altında toplanmış bu kitabda ədibin məktəb, təhsil, tərbiyə, əxlaq, mərifət və sair haqqında olan fikirləri öz əksini tapıb. İlk olaraq ədib "Məktəb nədir?" deyə sual edir. Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır. Məktəb bizim elmi və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir-deyə cavab verən Məhəmməd Tağı Sidqi elmin və ədəbin kilidinin məhz məktəbdə olduğunu vurğulayır. Məktəbi bir cisim kimi təsvir edən ədib, onun ruhunun məhz müəllim olduğunu deyir: "Müəllim bizə elm, təhsil verən, ədəb, tərbiyə, qanacaq aşılayan ən kamil insandır. Elmsiz insan ruhsuz cisim kimidir. Məhz elmin köməkliyi ilə biz inkişaf edirik, bir-birimiz ilə uzaq məsafələrdən əlaqə saxlayırıq. Çətin işlərimizi asan yolla həll edirik. Elmsiz insan meyvəsiz ağac kimidir". Bu hekayələrin hər birində ayrı-ayrı mətləblərə toxunan maarifçi ədib məktəbə davamiyyətin də əhəmiyyətinə toxunub. Məktəbə davamlı gələn uşaqlarda bir nizam-intizam, məsuliyyət hissi olar, onlar daim vaxtında yuxudan oyanar, sağlam qidalanar, dərslərini zamanla yerinə yetirər. Bu cür uşaqlar sağlam böyüyər və yararlı insan olarlar.

Tədbirin sonunda kitabxananın fəalları olan şagirdlər ədibin "Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq" və "Səxavətli uşaq" hekayələrindən müəyyən parçaları bədii qiraət etmişlər.

 

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: